warez script warez forum orkide shell indir mavi orkide sakarya escort PHP Scriptler Ataşehir Kuaförü Ataşehir kadın kuaförü apk indir hacklink satın al iptv server
Şriftin ölçüsü / 373 dəfə oxunub

Bakı Nəqliyyat Agentliyinin "CƏRİMƏ SİYASƏTİ" ciddi narazılıq doğurur - Rəhbərlik tənqidlərə niyə dözümsüzdür?

17 Mart 2019 [15:12]
Əsas vəzifəsi Bakı şəhərində nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz, fasiləsiz, rahat hərəkətini təmin etmək olan Bakı Nəqliyyat Agentliyinin (BNA) fəaliyyəti ilə bağlı xeyli vaxtdır, ictimaiyyət arasında müxtəlif iradlar səslənir. Son günlər belə iradlar geniş və çeşidli auditoriyaya malik sosial şəbəkələrdə də sıxlıq təşkil etməyə başlayıb.

Əslində, bu qurumun fəaliyyətindən narazılıq təzə söhbət deyil. 

Paytaxtda sürücülərin yeri gəldi-gəlmədi, haqq-nahaq, addımbaşı cərimələnməsinə yönəlik bu antifəaliyyətin ağrısını təbii ki, daha çox sıravi vətəndaşlar, xüsusilə də sürücülər çəkməli olurlar. Ancaq bu narazılıqlar adətən ciddi ictimai fikir formalaşdıran auditoriyalarda yox, daha çox məhdud dairələrdə səsləndirildiyindən indiyədək bir o qədər də ictimailəşmirdi. Nəhayət, BNA-nın fəaliyyətindəki nöqsanları ictimaiyyət tərəfindən tanınmış şəxlərin - ziyalılar, jurnalistlər, millət vəkilləri və qeyri-hökumət təşkilatları nümayəndələrinin dilə gətirməsi ilə mövzu xeyli aktuallaşdı. Məsələnin sosial şəbəkələrdə qabardılması müzakirələrə BNA-nın yaratdığı müşküllərdən əziyyət çəkən sıravi vətəndaşların da qoşulmasına, polemikanın daha geniş miqyas almasına rəvac verdi.

Əvvəlcə "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid öz feysbuk səhifəsində BNA-nın sürücülərə yersiz cərimələr yazması məsələsinə toxunaraq maşını 20-30 saniyəlik saxlayıb sərnişin düşürənlərin 20-40 manat həcmində cərimə olunmalarını mənfi qiymətləndirdi.

Status ətrafinda açılan müzakirələr məsələnin kifayət qədər ciddi olduğunu göstərdi. Yaşadığı binanın qarşısında bir neçə dəqiqəlik dayanıb adam gözləyərkən cərimə olunan kim, idarə etdiyi avtomobili bir dəqiqəlik saxlayıb sərnişin düşürdüyünə, maşınını svetoforun qırmızı işığında saxladığına görə BNA-nın radarına tuş gələn kim. 

BNA-nın cərimə sanksiyalarından narazılıq edən vətəndaşların böyük əksəriyyəti şəhərin gediş-gəliş çox olan ərazilərində, xüsusən də təhsil və səhiyyə müəssisələrinin, ictimai binaların yanında avtomobillərin park edilməsi üçün yerlərin məhdudluğundan şikayətləndilər. 

Necə deyərlər, əvvəlcə şəhərin gediş-gəlişin gur olan ərazilərində münasib parkinqlər yarat, sonra cərimə yazmaq hayına qal!


Çox keçmədi, yazıçı Səfər Alışarlının da eyni problemlə üzləşdiyi ortaya çıxdı. S.Alışarlı parklamaya görə iki dəfə ona Bakı Nəqliyyat Agentliyi tərəfindən cərimə gəldiyini bildirdi: 

"BNA-nın gözəgörünməz işçiləri küçələri gəzərək, görünür, qaydalara uyğun park edilməmiş avtomobillərə cərimə yazırlar. Mərkəzdəki küçələrdə özbaşına avtomobili park edib harasa getmək mümkün deyil, çünki o dayanacaqlarda xüsusi adamlar var ki, onlara ödəniş edirik və onlar da avtomobilə nəzarət edirlər. Mən də bu qaydada avtomobili saxlamışdım və axşamüstü telefonuma cərimə olunmağımla bağlı SMS gəldi. Burda məsələ cərimədə deyil, əgər avtomobil düzgün park edilməyibsə, cərimə oluna bilər. Sözüm bu sahədəki anlaşılmazlıqda və hərci-mərcilikdədir. BNA paytaxtda bütün nəqliyyat vasitələrinə məsuldur. Burda pul qazanılan sahə dayanacaqlardır. Bunlar isə hələ də bu sahədə qayda-qanun yaratmayıblar. Necə olur ki, Zığ şossesində hansısa TIR-ı cərimə edə bilirsən, amma şəhərin mərkəzində bu sahəni qaydaya sala bilmirsən? BNA-nın yarandığı isə iki ilə yaxındır. Bu baxımdan, adama ağır gəlir ki, yeni yaradılan bir qurumda bu sahədəki qaydaları hələ də bərpa etmirlər ki, qoy heç kim buna cavabdeh olmasın və pul yuyulsun. Yəqin ki, məqsəd budur. Bizim yaşayışımızı nəzərə alsaq, parklanmanın bir saatı 1 və ya 2 manat ola bilməz. Yaxud səkkiz saatı da 5 manat ola bilməz. Bu subyektiv formada müəyyənləşdirilmiş bir məbləğdir".

Növbəti zərərçəkən isə tanınmış yazıçı, Azərbaycanın İstanbuldakı keçmiş Baş konsulu Xeyrəddin Qoca oldu. O, açıqlamasında BNA əməkdaşlarının onun qızına qarşı kobudluq etdiyini, uşağını məktəbdən götürmək üçün idarə etdiyi maşını məktəbin qarşısında saxladığına görə qızına cərimə yazıldığını bildirdi: "Bakı Nəqliyyat Agentliyinin əməkdaşları gündə 400-500 sürücüyə protokol yazıb, insanları incidirlər. Şikayət edənlərin hərəsinə də bir söz deyib, özlərini haqlı çıxarmağa çalışırlar... Valideyinlər məktəblərin qarşısına gəlib dərsdən çıxan uşaqlarını götürürlər, bunlar da valideynlərin başlarının üstünü kəsdirib protokol yazırlar. Fevralın 28-də maşınını 20 saylı məktəbin qarşısında 5 dəqiqə saxladığına görə qızıma cərimə yazıblar. Qızım 6 ildir həmin o məktəbin qarşısından nəvəmi götürür (?!). Camaat uşağını məktəbdən götürməsin? Niyə məktəblərin qarşısında maşınların saxlanması üçün şərait yaradılmır?"


Sosial şəbəkələrdə fəal müzakirələrə rəvac verən bu məsələ əslində, Bakı Nəqliyyat Agentliyinin fəaliyyətinin daha çox görünən, göz önündə olan bir istiqamətidir. Qurumun fəaliyyət dairəsinə aid olan, ara-sıra ictimai qınağa tuş gələn başqa məsələlər də var. 

Bu günlərdə həmin məsələlərdən birinə yenə də sosial şəbəkədə millət vəkili Fazil Mustafa toxunub. 

Millət vəkili öz feysbuk səhifəsində paytaxtdakı avtobus dayanacaqları və piyada zolaqları mövzusunu qabardaraq bir müddət öncəyə qədər Bakıdakı avtobus dayanacaqlarına və piyada zolaqlarına Bakı şəhəri İcra hakimiyyətinin müvafiq qurumlarının nəzarət etdiyini xatırladaraq bildirib ki, o vaxtlar günaşırı şüşə materialdan yüngül konstruksiya ilə quraşdırılmış dayanacaqları yuyub təmizləyirdilər: 

"Piyada zolaqları görünməz durumda olduqda isə, yenidən ağardırdılar ki, qəza riski minimuma ensin. Bir müddət öncə bu iki sahəyə nəzarət Bakı Nəqliyyat Agentliyinin səlahiyyətinə verildi. İndi neçə yerdə diqqət yetirirəm ki, piyada zolaqları tamamilə görünməz durumdadır, avtobus dayanacaqları isə xeyli müddətdir yuyulub-təmizlənmir. Belə anlaşılır ki, bu qurum da son vaxtlar yaranan bəzi qurumlar kimi səlahiyyəti götürüb, ancaq məsuliyyəti götürməyi unudub. Məsuliyyəti xatırlatmaq səlahiyyəti mənə aid olmasa da, düşündüm ki, dayanacaqların çirkab içində qalmasına vətəndaşımız göz yuma bilər, lakin piyada zolaqlarının ağardılmaması insan həyatı üçün birbaşa təhlükə yaratdığına görə, sözgəlişi xatırladım".

Azərbaycan İnternet Forumunun (AİF) prezidenti, informasiya texnologiyaları mütəxəssisi Osman Gündüz isə öz feysbuk səhifəsində paylaşdığı "Nə üçün nəqliyyatımız intellektual formada idarə olunmur?" başlıqlı yazısında BNA-nın fəaliyyəti ilə bağlı olan başqa bir məsələyə toxundu.

Bakı şəhərində nəqliyyatın intellektual idarə edilməsi məqsədilə 2011-ci ildə Cənubi Koreya şirkəti ilə 100 milyon manatlıq bir sövdələşmə əsasında Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin (NİİM) yaradıldığını, qurumun əsas vəzifəsinin paytaxt nəqliyyatını texnologiyaların köməyi ilə intellektual formada idarə etmək, texnologiyalar vasitəsilə tıxacların qarşısının alınmasını və idarə olunmasını nəzarətdə saxlamaq və s. olduğunu xatırladan Osman Gündüz qeyd edirdi ki, NİİM qarşıya qoyulan bu vəzifələri yerinə yetirə bilmədi və iflas oldu. 2015-ci ildə Bakı Nəqliyyat Agentliyi yaradılanda NİİM onun tabeliyinə keçdi. Həmin tarixdən nəqliyyatın vahid mərkəzdən intellektual formada, mərkəzləşdirilmiş qaydada tənzimlənməsi BNA-nın səlahiyyətindədir. Paytaxt nəqliyyatında effektiv idarəetməni təşkil etmək üçün BNA-ya yetərincə köməkliklər olunub. Amma nəticə varmı? Nəqliyyat mərkəzləşdirilmiş formada, intellektual qaydada idarə olunurmu? Təəssüf ki, bu suala müsbət cavab vermək olmur. Bu müddətdə BNA hansı addımları atıb? Köhnə infrastrukturdan nə qalıb, nələrdən istifadə olunur? Bu haqda heç bir rəsmi açıqlama yoxdur. 

Ötən il Prezident fərmanı ilə BNA-ya daha bir səlahiyyət verilib. Dayanma və durmanın qadağan edildiyi yerlərdə elektron protokolların tərtib edilməsi məqsədilə foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin quraşdırılması və qaydanı pozanlarla bağlı tədbirlər görmək də BNA-ya tapşırılıb. 

Qəribədir ki, 4 ildə əsas vəzifəni - NİİM problemini həll edə bilməyən BNA "elektron protokol" sistemini tezliklə quraşdırıb və dərhal da fəaliyyətə başlayıb.


O.Gündüzün bu əhatəli, xronoloji xarakerli, ən başlıcası da qərəssiz yazısına şərh verən mətbuat xidmətinin rəhbərinin münasibəti belə oldu: "...bu yazdığınız milyonlarla insanların rahatlığı üçün görülən işlərə kölgə salmaq, insanların dövlət qurumuna qarşı inamını azaltmağa hesablanmış ictimai avantüradır".

BNA-nın fəaliyyəti ilə bağlı bir-birinin ardınca səsləndirilən və yuxarıda geniş yer ayırdığımız irad və narazılıqlar dilə gətirilərkən polemikaboyu dövlət qurumu (bu yerdə BNA!) əməkdaşının, rəsmi nümayəndəsinin "səlahiyyət və məsuliyyət" məsələsində qeyri-peşəkar davranışı da diqqəti cəlb elədi. 

BNA Mətbuat xidmətinin rəhbəri Mais Ağayevin öz irad və narazılıqlarını səsləndirənlərə, rəy və şərhlər yazanlara qarşı aqressiv münasibəti hətta bir neçə dəfə sosial şəbəkə istifadəçiləri tərəfindən kəskin reaksiya ilə qarşılandı. Tanınmış jurnalistlər İlqar Həsənov və Xalid Niyazovun rəylərinə reaksiyasında qeyri-təmkinli davranışı ilə seçilən, opponentlərinə "hər ağlınızdan keçəni yazmayın", "kütlə psixologiyası ilə yazmağa həvəslisiniz" kimi cavablar verən mətbuat xidməti rəhbəri buna görə ictimaiyyətin ciddi təpkilərilə üzləşdi.

Polemika, fikir mübadiləsi zamanı aqressiya adətən zəiflikdən doğur. 

Tərəflərdən biri opponentinin arqumentlərinə tutarlı cavab tapa bilməyəndə istər-istəməz qəzəb hissi güc gəlir və qarşısındakı ilə aqressiv tonla rəftara keçir. İki bərabər statuslu şəxs arasında baş verəndə, bəlkə də, bunu anlamaq və yola vermək olar. Amma rəsmi dövlət qurumu nümayəndəsinin təmsil etdiyi qurumun fəaliyyəti ilə bağlı səslənən iradlara reaksiya verərkən davranışına nəzarət edə bilməməsi ciddi qəbahətdir. 

Qarşı tərəfi axıracan, təmkinlə dinləyib problemi çözməyə çalışmaq, narazılıq yaradan halların aradan qaldırılmasına yardımçı, vasitəçi olmaq əvəzinə irad səsləndirənləri aşağılamaq, əndazədən çıxmaq, tutarlı arqumentlərə cavab verə bilməyib təhqirə keçmək rəsmi dövlət qurumunu təmsil edən şəxsin qüsurudur. Bu davranış bir tərəfdən ona, onun təmsil etdiyi qurumun adına xələl gətirirsə, bir yandan da həmin qurumun təmsil olunduğu hökumətə qarşı narazı təbəqə formalaşdırmış olur. "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" qanunda da açıq şəklildə göstərilir ki, dövlət qulluqçusunun başlıca məqsədlərindən biri də dövlət orqanlarının və dövlət qulluğunun nüfuzunun artırılması, vətəndaşların dövlət orqanlarına və dövlət qulluqçularına etimadının yüksəldilməsi olmalıdır. 

Dövlət qulluqçusu olmaq, dövlət orqanını təmsil etmək hər kəsdən böyük məsuliyyət istəyir. Bu məsuliyyət anlayışı digər dövlət qurumları kimi, şübhəsiz, əsasən cavanların təmsil olunduğu BNA rəhbərliyinə də aid olan məsələdir. Amma görünür, BNA-nın cavan idarəçilərinin kövrək çiyinləri bu yükü, bu məsuliyyəti daşımağa çətinlik çəkir. 

Əks halda ünvanlarına səsləndirilən irad və narazılıqları təmkinlə dinləyər, bu iradların müəlliflərinə əleyhdar, rəqib gözündə baxmaz, problemləri vətəndaşların mənafeyi baxımından çözməyə çalışardılar. (525.az)



SON XƏBƏRLƏR