"Mənə etimad göstərdiyi üçün Prezidentə təşəkkür edirəm" - Fikrət Fərəməzoğlu

img

17-03-2019 [12:06]


Ötən gün verilən əfv sərəncamının icrası 2 saylı cəzaçəkmə müəssisəsində davam etdirilib.

Axar.az xəbər verir ki, bu müəssisədə 31 məhkum azadlığa buraxılıb.

Əfv sərəncamını deputatlar, Ombudsman Aparatının nüməyəndələri və ictimayyət nümayəndələri izləyib.

Penitensiar Xidmətin Əməliyyat-rejim idarəsinin rəisi Mirsaleh Seyidov bildirib ki, ölkə başçısının verdiyi əfv sərəncamı ilə məhkumlar azadlığa çıxır:

"Bu, sayca 65-ci əfv sərəncamıdır. Bu sərəncamlar əsasında bu günə kimi 7973 nəfər məhkum azadlığa buraxılıb, bir çox ailələr sevinib. Sonuncu dəfə verilən əfv sərəncamı ilə 399 məhkum azadlığa çıxıb. Bu da əfv olunan məhkumlara cənab prezident tərəfindən verilən böyük etimaddır. Əfv olunan məhkumları və ailələrini təbrik edirəm".

Deputat Elman Nəsirli deyib ki, əfv olunan məhkumlar Novruz bayramı ilə əlaqədar azadlığa buraxılıb: "Bununla da həmin ailələrdə bayram bayrama qarışıb. Bu gün əfv edilən məhkumların xoşbəxt günləridir. Onlar bu günü, bir də cinayətə imza atdıqlaları günü unutmayacaqlar".

Daha sonra əfv olunan məhkumlara əfv bülleteni verilib.

Jurnalist Nicat Əliyev, Fikrət Fərəməz oğlu, "Nida” hərəkatının üzvü Qiyas İbrahimov əfv sərəncamı ilə azadlığa buraxılıb.

Jurnalistlərə açıqlama verən Fikrət Fərəməzoğlu əfv olunduğuna görə çox sevindiyini bildirib. O, deyib ki, azadlıq fərqli hissdir: "Şad oldum ki, azadlığa çıxdım. Mənə etimad göstərdiyi üçün Cənab Prezidentə təşəkkür edirəm".

Digər xəbərlər
SON XƏBƏRLƏR