Şriftin ölçüsü / 911 dəfə oxunub

Azərbaycanda iki vəzifəli şəxs həbs olundu - Məhkəmə hakimi ilə məsləhətçisinə cinayət işi açıldı

15 Mart 2019 [19:12]
Azərbaycanda iki vəzifəli şəxs həbs olunub.

Məhkəmə-Hüquq Şurası və Baş Prokurorluqdan Mia.az-a daxil olan birgə məlumatda bildirilir ki, ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə həyata keçirilən tədbirlər çərçivəsində hakimlərin məsuliyyət hissinin artırılmasına, vətəndaşların haqlı narazılığını doğuran korrupsiya və digər neqativ halların aradan qaldırılmasına xüsusi əhəmiyyət verilir.

Təkcə son zamanlar Məhkəmə-Hüquq Şurası tərəfindən korrupsiya ilə bağlı 9 hakimin səlahiyyətlərinə xitam verilib və yaxud tutduğu vəzifədən azad edilib.

Qanunvericiliyin tələblərini kobud pozmasına və korrupsiyaya şərait yaradan hallara görə səlahiyyətlərinə xitam verilmiş Zaqatala Rayon Məhkəməsinin hakimi Arif İsmayılov barədə materiallar Məhkəmə-Hüquq Şurasının qərarına əsasən cinayət xarakterli korrupsiya halına hüquqi qiymət verilməsi üçün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib.

Materiallar üzrə cinayət işi başlanıb və istintaqın gedişində Zaqatala Rayon Məhkəməsinin hakimi Arif İsmayılov və məsləhətçisi Şahid Allahverdiyevin məhkəmənin icraatında olan mülki iş üzrə tərəflə qeyri-prosessual münasibətlər yaradaraq rüşvət tələb etmələri müəyyən edilib.

Bununla əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən A.İsmayılova Cinayət Məcəlləsinin 311.1 (rüşvət alma), Ş.Allahverdiyevə isə 32.4, 312.1-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan olunmaqla barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək cinayət məsuliyyətinə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.


SON XƏBƏRLƏR
17:55 21.05.2019
Ağdaşda oğru tutulub