Fədayə Laçının məhkəməsində hakimlərə etiraz edildi

img

11-03-2019 [18:09]


Bu gün Bakı Apellyasiya Məhkəməsində məhbusların qaçmasına kömək göstərməkdə təqsirləndirilən müğənni Fədayə Laçın və digərlərinin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası davam etdirilib.

Bu barədə "Report"a vəkil Gülşən Salmanova məlumat verib.

Onun sözlərinə görə, hakim Elmar Rəhimovun sədirliyi ilə keçirilən prosedə təqsirləndirilən şəxslərin vəkilləri vəsatət qaldıraraq apellyasiya şikayətini istintaq yolu ilə aparılmasını istəyiblər.

Vəsatət təmin edilməyib.

Daha sonra vəkillər məhkəmə tərkibinə etiraz ediblər.

Proses martın 12-dək təxirə salınıb.

Qeyd edək ki, 2017-ci il oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə Fədayə Məmmədova (Fədayə Laçın) təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə müğənni Fədayə Laçın 5 il, Penitensiar xidmətin tabor komandiri Bəhruz Abdullayev 9 il, qarovul rəisi Ceyhun Səmədov 9 il, müavinləri - Tural Poladxanov 8 il 6 ay, Fuad Hacıyev 8 il 6 ay, taksi sürücüsü Məhəmməd Hacıyev 7 il, Günay Atakişiyeva 6 il, Aqil Nəcəfov 9 il, İsrafil Soltanov 7 il, Şahmar Bəyəlizadə 7 il, Tərlan Zeynalov 7 il, Anar Əsgərov 7 il və Əli Ağami (cəzaları birləşdirilib) 20 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmə əsasən, B.Abdullayevin ittiham olunduğu Cinayət Məcəlləsini 179-cu (mənimsəmə) maddəsinə bəraət verilib və 311-ci (rüşvət alma) maddəsi isə ittihamdan xaric olunub. Hökmdən narazı qalan F.Laçın və digərləri apellyasiya şikayəti veriblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR