"Efirdə rüşvət olmamalıdır, hansısa dövlət tədbirinə kimlərsə pulla salınmamalıdır" - Müğənnidən şok açıqlamalar

05-03-2019 [20:13]
Tanınmış azərbaycanlı müğənni Nura Suri özəl televiziyaların fəaliyyətini sərt şəkildə tənqid edib.

Bu barədə açıqlama verən Nura Suri bir neçə gün bundan öncə ölkə başçısının mədəniyyət və incəsənət xadimləri ilə görüşündən söz açıb və bu görüşü təqdir edib. Bildirib ki, sözügedən görüşdə iştirak edən mədəniyyət və incəsənət xadimləri günümüzün mədəniyyət sahəsində olan problemlərdən kifayət qədər söz açsalar da onun da bəzi deyəcəkləri var. 

Müğənni özəl telekanallardakı rüşvətxorluqdan söz açıb və qeyd edib ki, ölkə başçısı, yaxud onun xanımı ilə görüşmək imkanı olsa onlardan bir gün özəl telekanallara baxmağı xahiş edəcək:

"Mədəniyyət sahəsində olan problemləri yetərincə həmin toplantıda iştirak edənlər işıqlandırdılar, orada olanlar hamısı nə lazımdırsa sözlərini dedilər. Afaq Bəşirqızının münasibətini hər kəs gördü, o özü üçün heç nə istəmədi və özündən sonrakılar üçün xahiş etdi ki, bu da təqdirə layiqdir. İnsan tək özünü düşünmür, aktyorlarını, aktrisaları düşünür.

Mənim demək fürsətim olsa bir şeyi qeyd edərdim, hərçənd ki, bunu da deyiblər. Televiziya kanallarında, efirdə rüşvətxorluq olmamalıdır, hansısa dövlət tədbirinə kimlərsə pulla salınmamalıdır. Bilirsiniz, elə tədbirlər olur ki, gəlirsən görürsən kimisə, düşünürsən ki, bu insan burda nə edir? Bəlli bir şeydir ki, o ora çıxmaq üçün pul ödəyib gəlib. Həmin tədbirlərə pul verincə, o pulu versinlər yeni mahnılarına, klip çəkilişlərinə və beləcə tanınsınlar. Pulla efirə çıxmaq, efiri satın almaq normal bir şey deyil. Başa düşürəm özəl telekanallar necəsə dolanmalıdır, amma belə də olmamalıdır. Bir çox xalq artistlərini, əməkdar artistləri, gənc istedadları biz efirlərdə görmürük amma efiri nə vaxt açırıqsa elə bil çadır toyudur. Toyxananı gətiriblər efirə. Belə biabırçılıq olmaz.

Mən ölkə başçısı yaxud onun xanımı ilə görüşmək fürsəti tapsam bir şey xahiş edəcəm ki, bir gün oturub özəl telekanallara baxsınlar. Baxsınlar və özləri görsünlər ki, belə bir telekanallar xaricdə də yayımlanır. Belə səviyyədə tanınmaması üçün dövlət başçısı kifayət qədər ciddi işlər görür. Bizim idmanımızı, mədəniyyətimizi dünyaya yaxşı tanıtmaq üçün əllərindən gələni edirlər amma özəl telekanallarda efirə çıxan bəzi dırnaq arası insanlar var ki, onlar bizi, ölkəmizi gözdən salırlar”.

Bizimyol.info


SON XƏBƏRLƏR