"Şəxsiyyətlər olmadan heç bir xalq heç bir gücə sahib deyil"

04-03-2019 [13:49]
Aqşin YENİSEY

***

İki məsələ haqqında yazacağam.

 Birincisi, "igidi öldür, haqqını yemə” məsələsidir. Elçin Əlibəyli bu gün televiziyamızda mədəniyyət tarixini peşəkarcasına mənimsəmiş üç-dörd şəxsdən biridir. 

Yaxından tanıdığım üçün bilirəm ki, bu gün, məsələn, müasir yazıçı və şairlərimiz arasında dünya ədəbiyyatını Elçin Əlibəyli qədər oxumuş çox az adam var. Sadəcə, hər birimizin bir zəif yeri olduğu kimi, Elçinin də zəif yeri öz həqiqətlərinə heyranlığıdır. Həqiqət elə bir şeydir ki, ona heyran oldunsa, gözünü bağlayacaq və özü haqqında səni yalanlar danışmağa məcbur edəcək. Məlum verilişə görə məni Elçini tənqid etməyə vadar edən səbəb də bu idi; aparıcının Bəxtiyar Vahabzadə həqiqətinə heyranlığı və öz həqiqətinə günahsız qurbanlar axtarması. Üstəgəl, bunu kütlənin gözü qarşısında etməsi. Bu, çox qorxulu, bizi Banqladeş fanatizminə sürüyə biləcək bir hərəkətdir və tənqidi haqq edir. Amma bu, o demək deyil ki, Elçin Əziz Nesini oteldə yandıran öyrədilmiş qaragüruhun hər an mövcud ola biləcəyindən xəbərdar deyil. 

Çox istərdim ki, o, televizorda hamını gördüyü Elçin Əlibəyli ilə televiziyanın tarixi haqqında kitab yazmış, çox adamın tanımadığı Elçin Əlibəyli arasında ortaq bir mövqeyə gəlsin. Bu güc onda var. 

İkinci məsələ xalq və mədəniyyət haqqındadır

Mədəniyyətin yaranışı və yayılması zorakı prosesdir. Qılıncı, ordusu, topu-tüfəngi olmayan hər hansı mədəniyyət günümüzə gəlib çatmamışdır. Qədim Şumer mədəniyyətindən tutmuş, müasir Qərb (ABŞ) mədəniyyətinə qədər tarixin hansı dövrünə baxsanız mədəniyyətin əlində qamçı görəcəksiniz. Hər bir mədəni xalqın köynəyini qaldırıb kürəyinə baxsanız, zol durmuş qamçı yerləri görəcəksiniz. Və hər bir mədəniyyət ömrü boyu barbarlığın bir addımlığında yaşayır. Hər bir xalqı vəhşiləşməyə qoymayan ardıcıl həyata keçirilən mədəni təcavüzkarlıqdır. 

Pyotr öz xalqını fin hamamına (banya) zorla soxmasaydı, rus mujiklərinə saqqallarını zorla qırxdırmasaydı, kim bilir, bu meşə xalqı indi sivilizasiyanın hansı mərhələsində özünün iy verib iylənən mentaliteti ilə qürur duyurdu. Yaxud İbrahim yəhudi, Məhəmməd ərəb xalqını allahın adından hədələməsəydi, kral Henrix Tomas Mora qulaq asmayıb anqikan kilsəsini Vatikandan ayırmasaydı, Corc Vaşinqton, Bismark, Atatürk xalqın istəyini yerinə yetirən qərarlar versəydilər, yəqin ki, vəziyyət indi fərqli şəkildə olardı. 

Qustav le Bon "Xalqların xarakteri” əsərində yazır ki, hər bir xalqın tarixi onun milli şüurunun meyvəsidir və yüzlərlə nümunələr gətirir. 

Məsələn, yazır ki, Misiri romalılar da işğal etdi, somalilər də. Romalılar Misir allahı Nemezidanı tanıyandan sonra heyrətləndilər və onun əsasında məşhur Roma hüquq sistemini yaratdılar. Somalilər isə allaha-zada fikir vermədilər, bütün Misiri yandırdılar. Niyə, çünki romalılardan fərqli olaraq somalilər şəxsiyyətlər baxımından yoxsul idilər.

Bu gün də geridəqalmış xalqlara baxanda eyni şeyi görürük; o xalq ki mədəniyyət pilləkəninin altında yaşayır, o xalq şəxsiyyət qıtlığından əziyyət çəkir. 

İstənilən mürtece rejim xalqı daha rahat idarə etmək üçün ilk növbədə onu şəxsiyyətsizləşdirməyə qalxır. Çünki şəxsiyyətlər olmadan heç bir xalq heç bir gücə sahib deyil. Xalq özü-özlüyündə yalnız təsərrüfat yarada bilər, onu mədəniyyətə çevirmək üçün mütləq şəxsiyyətlərə ehtiyac var. Ona görə də bütün böyük xaqlar özünü böyük şəxsiyyətlərinə borclu bilir. 

Ola bilsin ki, bu gün xalq bir mövzu kimi qərb aydının menyusundan çıxıb, ona görə yox ki, xalq artıq kamilləşib, ona görə ki, bu işi artıq mədəniyyətin ikinci, üçüncü eşalonunda duran adamlar görürlər. 

Məsələn, bu yaxınlarda sosial şəbəkələrdə bir video paylaşılmışdı. Hansısa Qərb şəhərində bir adamı küçəyə uzatmışdılar ki, guya, ölüm ayağındadır və fərdiləşmənin intibahı dövrünü yaşayan qərb insanları onun yanından laqeydcə keçib gedirdilər. Hanı insanlıq, hanı xristian xeyirxahlığı?

Videonun məqsədi bu qədim duyğunu o insanların yadına salmaq idi. 

Biz sosial şəbəkələrdən hələ ki, qız tutmaq, layk yığmaq üçün istifadə etdiyimiz üçün bu və bunun kimi digər xəlqi problemlərin həlli aydınların üzərinə düşür. 

Şəxsən mən kütləvi informasiya vasitələrimzdə bu cür maarifçi verilişlərinin yarandığı gün xalqdan əl çəkəcəyimə söz vermişəm və həmin günə nəzir boyun almışam...

Mia.az


Digər Xəbərlər

SON XƏBƏRLƏR