Məşhur vəkildən "Sən nə istəyirsən"ə 10 cavab: "İnsanlara puluna, yaltaqlığına, əxlaqsızlığına görə deyil..."

23-02-2019 [11:25]
Adil İSMAYILOV, Vəkil

***

"SƏN NƏ İSTƏYİSƏN?" soruşanlara bir daha cavab verirəm:

1. MƏN övladlarımla və yaxınlarımla birlikdə azad, firavan, müstəqil, demokratik Azərbaycanda yaşamaq istəyirəm. 

2. MƏN Azərbaycanı analoqu olmayan dövlət kimi yox, əhalisinin yaşayışına görə həsəd apardığım dünya dövlətləri ilə bir sırada görmək istəyirəm.

3. MƏN insanlara varına, puluna, yaltaqlığına, əxlaqsızlığına, ikiüzlülüyünə, ikrah doğuran başqa keyfiyyətlərinə görə deyil, məhz ağlına, mədəniyyətinə, peşəkarlığına, əxlaqına görə qiymət verəcək bir hakimiyyət istəyirəm.

4. MƏN dünyanın ən ləyaqətli peşələrindən olan vəkillik peşəmdən zövq almaq istəyirəm, cəmiyyətdə qabiliyyətimə və səviyyəmə uyğun yer tutmaq və buna uyğyn təminat istəyirəm.

5. MƏN ürəyimdən və beynimdən keçənləri heç nədən və heç kimdən çəkinmədən hər yerdə, o cümlədən də televiziya, qəzet və digər KİV-lərdə sərbəst ifadə etmək, eyni zamanda onlarda mənimlə həmfikir olanların və olmayanların fikirlərini görüb, eşidib, oxumaq istəyirəm.

6. MƏN vətəndaşlarımızın harada təhsil almaq, harada müalicə olunmaq sualı qarşısında qalanda Azərbaycanı seçmələrini istəyirəm.

7. MƏN oğullarımızın vətən qarşısında əsgəri borclarını layiqincə yerinə yetirmələrini, onları hərbi xidmətə göndərərkən başlarına qəza gələ biləcəyi barədə heç bir narahatlığımın olmamasını istəyirəm.

8. MƏN ölkəmizdə dünya çapında olan varlı insanların çox olmasını, Azərbaycanda milyardları olan şəxslərin bunu rəsmi açıqlamasını, ya da xalqdan oğurladıqlarını geri qaytarmalarını istəyirəm.

9. MƏN dövlətdən necə qorunmağın yollarını yox, dövlətin hər yerdə, hər zaman, hər bir təhlükədən məni qoruduğunu fikirləşmək və görmək istəyirəm.

10. MƏN ömrümün qalan hissəsini layiq olduğum kimi yaşamaq istəyirəm.

BƏS, SƏN NƏ İSTƏYİRSƏN......?

Mia.az


SON XƏBƏRLƏR