"QARABAĞ MÜNHENLİK DEYİL"

17-02-2019 [14:00]
Elxan ŞAHİNOĞLU

***

Hər il keçirilən Münhen təhlükəsizlik konfransı ona görə maraq kəsb edir ki, burada açıq söhbət gedir. Yəni bu konfransda diplomatik ritorika azdır, kimin nə dərdi var onu açıq söyləyir. 

Məsələn, illər əvvəl bu konfransda iştirak edən Rusiya prezidenti Vladimir Putin konfransdakı sərt çıxışında Qərdən və əsasən də ABŞ-dan niyə narazı qaldığını bənd-bənd söylədi və onu dinləyənlər elə onun rəqibləri idi. Və ya bu dəfə də Böyük Britaniyanın və Rusiyanın xarici işlər nazirlərinin bir-birlərinin ünvanına demədikləri ağır söz qalmadı.

Problem ondadır ki, açıq söhbət belə qlobal problemlərin həllini yaxınlaşdırmır. Yəni hamı ürəyini boşaldır, ancaq "problemləri necə birgə həll edək” sualına cavab tapa bilmirlər. Bu da anlaşılandır. Dünyadada gedən son proseslər fikir ayrılıqlarını daha da dərinləşdirir. Soyuq müharibə illərində oyun qaydaları daha aydın idi, iki rəqib blok var idi, dünya iki hissəyə bölünmüşdü, ölkələrin əksəriyyəti hissələrdən birini seçmişdi. İndi isə oyunçuların sayı artıb və hərə öz oyununu aparmağa çalışır, beynəlxalq aləmdə nizam pozulub.

Azərbaycan baxımından bu konfransın bizə elə bir əhəmiyyəti olmadı. Əvvəlcədən yayılan məlumatların əksinə olaraq Azərbaycan və Ermənistan xarici işlər nazirləri Münhendə xüsusi olaraq görüşmədilər. Məncə, elə yaxşı ki, görüşüb müzakirə aparmadılar. Münhen təhlükəsizlik konfransından əvvəl "Xəzər aktual” proqramında açıq söylədim ki, xarici işlər nazirlərinin görüşünə ehtiyac yoxdur, bu bizə sərfəli deyil, çünki baş nazir Nikol Paşinyan və onun komandası Qarabağ danışıqlarına hazır olmadığını hər dəfə bəyan edirlər. 

İşğalçı ölkənin təmsilçiləri detallı danışığa hazır deyillərsə və görüşlərdən status-kvonu uzatmaq üçün istifadə edirlərsə və edəcəklərsə, biz niyə görüntü xatirinə bu görüşlərdə iştirak etməliyik?

Mia.az


SON XƏBƏRLƏR