...Qoy ölüm sevinməsin!

img

14-02-2019 [21:57]


Dostum, tələbə yoldaşım Nazim Xudiyevin ömrünün 61-ci çağında əbədi dünyasına qovuşması əzizləri, tanıyanları kimi məni də sarsıtdı...

Çox üzüldüm. Beynimə, ruhuma Şura müəllimənin-Nazimin anasının, qardaşları-Hikmətin, İlhamın və onların övladlarının gözlənilməz itkidən fəryadları hakim kəsildi...

...Xəyalən ailə faciələrimə qayıtdım. Dalbadal üç bacımın həyat yoldaşının üst-üstə düşən itkiləri anam Şəkəri necə üzürdü. Eyni məqamda tək qardaşının ölüm xəbəri! Və son... Sonda anam bu itkilərə dözmədi, əbədiyyət məkanına qovuşdu. 

Onun fəryadlı səsi qəlbimdə daimidir:

Aquşqa, pərdə
Düşmüşəm dərdə, 
Heç kim düşməsin
Mən düşən dərdə.

Ağlaram ozan olsa,
Gül dönüb xəzan olsa,
Bağlanıb dastan olar,
Dərdimi yazan olsa. 

O vaxtlar anamın dilindən eşitdiyim bu bayatılar eyni qəhər və göz yaşları ilə Şura ananın da səsinə-harayına qarışıb beynimə hakim kəsildi! Allah, Şura anaya, onun övladlarına, mərhum Nazim qardaşımın ailəsinə, balalarına səbr ver.

...Xankəndi şəhər 4 saylı tam orta məktəbin direktoru, əziz və dəyərli tələbə yoldaşımız Nazim Xudiyevi ötən əsrin 80-ci illərindən tanıyıram. O, fərqli bir insan idi. Sözübütöv, əqidəli,  dostcanlı və mehriban olmağı ilə hamıdan fərqlənirdi. Şəxsi keyfiyyətlərinə görə tanıyanlarının hamısı onu  sevirdi. Şux qaməti və nəzakətli rəftarı hər zaman Nazimə rövnəq gətirirdi. Qəlbində Xankəndi, Şuşa nisgili yaşayan Nazim müəllim Vətən sevgisini, yurd həsrətini için-için yaşayırdı. Kim bilir, bəlkə də  uşaqlıq, gənclik, tələbəlik illərinin gözəl şəhəri, ata yurdu Xankəndinin xiffətinə dözə bilmədi?! Bəlkə, ecazkarlığına məftun olduğu Şuşamızın həsrəti əydi onu?! Kim bilir!... Bircə onu bilirəm ki, Nazim Xudiyevin itkisi  həm də Azərbaycan ziyalılığının, Azərbaycan təhsilinin itkisidir. Hər bir Xankəndi sakini bu itkini böyük kədər və göz yaşları ilə qarşılayır...

 ...Tələbə yoldaşımız, istedadlı pedaqoq Esmira xanım Cəfərovanın Nazimin xatirəsinə yazdığı "Yorğunluğunu dər, qardaşım!” məqaləsini həyacanla oxudum. Esmira xanım kiçik bir yazıda Nazim müəllimin şəxsiyyətini, pedaqoji fəaliyyətinin sevgi dolu notlarını, onun Qarabağ sevgisini və qarabağlıların ona qarşı olan məhəbbətini necə gözəl dilə gətirib. Qəfləti ölümə dözməyən müəllim-şagird kollektivinin haray səsi, şagirdlərinin cənazə maşınının qarşısını kəsərək " Bizim müəllimimizi hara aparırsınız?” deyə "üsyan” etmələri ən böyük insani hiss və duyğuların nümunəsidir.

Nazim müəllimi yaxşı tanıdığımızdan, onun saflığına, mükəmməlliyinə bələdçiliyimizdən irəli gələrək demək olar ki, o kişi tanıyanlarının qəlbində həmişə ucadan ucadır. Müəllim kimi ucadır! İnsan kimi ucadır! Dost kimi, Vətəndaş kimi ucadır! Bir də əsl Qarabağ kişisi kimi- sözübütöv, əqidə-amal təmizliyi ilə ucadır! Zaman-zaman bu ucalıq nümunə göstəriləcək, xatırlanıb, danışılacaq.

 Əziz Xudiyevlər ailəsi! Sevimlimiz Şura xanım, Hikmət və İlham qardaşları, Nazimin ailə üzvləri və sevənləri, Allah səbrinizi versin! Qoy ölüm sevinməsin. Kim dünyasını dəyişməyəcəki? Kim əbədi və haqq dünyasına qovuşmayacaq? Xoşbəxt o kəsdir ki, Nazim müəllim kimi ölümündən sonra da  daim seviləcək və xatirəsi əziz tutulacaqdır. Bir dost kimi, bir tələbə yoldaşı kimi Nazim müəllimin xatirəsi önündə baş əyirəm. 

Allah rəhmət eləsin!
            
Səxavət Tağlar,
Əməkdar müəllim, yazıçı-publisist.

      

           
   

                       


Digər xəbərlər
SON XƏBƏRLƏR