Prezident cəmiyyətə hansı mesajları verdi? - Detallar

13-02-2019 [12:10]
Elxan ŞAHİNOĞLU,
Politoloq

***

Bəziləri prezident İlham Əliyevin REAL TV-yə müsahibəsində yeni heç nə demədiyini yazır. Bəli, siyasi, iqtisadi islahatlar, gənclər siyasəti və Qarabağla bağlı əvvəlki fikirlər təkrarlandı. Ancaq prezidentin cəmiyyətə ünvanladığı xüsusi mesajları da var idi və hiss olunurdu ki, son dəyişikliklər fonunda İlham Əliyev məhz yerli televiziya kanalı vasitəsilə cəmiyyətə hansısa fikirlər çatdırmaq istəyirdi.

 Əvvəla ondan başlayaq ki, prezident uzun illərdən sonra yerli kanala müsahibə vermək qərarına gəldi və hiss olunurdu ki, dövlət başçısı ondan müsahibə götürən Mirşahini tələsdirmirdi. Müsahibə düz 1 saat çəkdi. Demək, prezidentin növbəti dəfə mesajlarını təkrarlamağa və sətiraltı fikirlər səsləndirməyə ehtiyacı var idi.

Birincisi, İlham Əliyev dedi ki, 2019-cu ildə sürətlə başladığı islahatları eyni sürətlə davam etdirəcək. "2019-cu ildən bizim islahatlarımızın yeni mərhələsi başlayır” deyən prezident islahat hazırlıqlarına dair belə bir cümlə işlətdi: "Keçən ilin ikinci yarısından başlayaraq islahatların dəqiqləşdirilməsi, müəyyən edilməsi və ardıcıllığı haqqında çox geniş işlər aparılırdı və bu ilin əvvəlindən yeni islahatlara start verildi”.

Bununla prezident 2019-cu ildə islahatlara spontan başlamadığına və düyməyə basmaq üçün hərtərəfli təhlillər aparıldığına işarə vurdu.

İkincisi, prezident ilk dəfə minimum əmək haqqının 50 manat artırılmasının fəlsəfəsini bu şəkildə izah etdi: "Bu ilin birinci ayında biz əlavə gəlirlər əldə etdik. Gəlirlər məhz şəffaflıq, düzgün yanaşma hesabına əldə olundu. Bu gəlirlər bizə əlavə maliyyə resurslarının yaranmasına imkan verdi. Biz bu maliyyə resursunu müxtəlif istiqamətlərə - ehtiyatların artırılmasına, infrastruktur layihələrinin icrasına yönəldə bilərdik. Amma mən qərar verdim ki, əldə edilmiş bu əlavə maliyyə resursları, ilk növbədə, vətəndaşların rifah halının yaxşılaşmasına yönəlməlidir və biz bunu da etdik”. 

Prezident "gəlirlər məhz şəffaflıq, düzgün yanaşma hesabına əldə olundu” dedikdə böyük ehtimalla vergilər və gömrükdə sistemin yenidən qurulması nəticəsində əldə olunan əlavə gəlirləri nəzərdə tuturdu. Mümkündür ki, gələcəkdə gəlirlər artarsa minimum əmək haqqına yenidən baxılsın. Çünki minimum əmək haqqı 50 manat artırılsa da, bir sıra qonşu ölkə ilə müqayisədə biz hələ geri qalırıq. Bunu prezident də bilir.

Üçüncüsü, prezident Formula-1 yarışlarının Azərbaycana turizm axınına müsbət təsirindən və ölkəmizin xidmət sektoruna təxminən 300 milyon dollara yaxın vəsaitin daxil olmasına şərait yaratmasından danışarkən belə bir cümlə işlətdi: "Əgər bu yarışlar səmərəsizdirsə, əgər bu yarışlar iqtisadi itkilərə gətirirsə, inkişaf etmiş şəhərlərdə bu yarışlar keçirilərdimi?”.

Fikrimcə, prezidentin bu sualı səsləndirməkdə məqsədi cəmiyyətin bir hissəsində Formula-1 yarışlarına olan neqativ münasibətin dəyişməsinə yönəlmiş idi. Başqa sözlə prezidentin cəmiyyətin bir hissəsinin Formula-1 yarışlarına neqativ münasibətindən xəbəri var.

Dördüncüsü, prezident Qarabağdan danışarkən əvvəllər də dediyi "dünyada "kim güclüdür, o da haqlıdır” prinsipi hökm sürür” fikrini bu şəkildə genişləndirdi: "Bu, yeni reallıqdır. Biz bu reallığa hazır olmalıyıq. Dünya dəyişir və biz bu dəyişikliyə hazır olmalıyıq”. 

Başqa sözlə İlham Əliyevin indi danışıqlar apardığı Ermənistanın baş naziri Nikol Paşinyana və onun komandasının münaqişənin həllində addım atacağına ümidi və inamı yoxdur. Təsadüfi deyil ki, İlham Əliyev müsahibəsinin Qarabağla bağlı hissəsini bu cümlə ilə yekunlaşdırdı: "Güc amili həmişə gündəlikdə olub və olacaq”.


Digər Xəbərlər

SON XƏBƏRLƏR