“Yeni Sözçü” qəzetinin beş yaşı tamam oldu

img

12-02-2019 [13:16]


"Yeni Sözçü” qəzetinin beş yaşının tamam olması Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun KİV-ə maliyyə yardımı müsabiqəsinin şərtlərində dəyişiklik etməsindən sonra çox sayda qəzetin öz fəaliyyətini dayandırdığı bir ərəfəyə təsadüf etdiyi üçün xüsusi önəm kəsb edir. 

"Yeni Sözçü” qəzeti beş il ərzində qəzetin kollektivinin fədakarlığı, prinsipiallığı və əlbəttə sadiq oxucularımızın dəstəyi nəticəsində çox sərt rəqabət şəraitində mövcudluğnu qorumaqla yanaşı, ölkənin media mühitinin əvəz edilməz nəşrinə çevrilə bildi. Hər kəsə bəllidir ki, "Yeni Sözçü” qəzeti Fonddan maliyyə yardımı almayıb, ancaq özünün imkanları sayəsində mövcudluğunu qoruyub saxlaya bilib. Baxmayaraq ki, "Yeni Sözçü” qəzeti Fonddan maliyyə yardımı alan qəzetlərin əksəriyyətindən daha çox bu yardımı almağa haqq edirdi, ancaq bir dəfə də olsun Fondun rəhbərliyi bu haqqı ona rəva bilmədi. Fondunun KİV-ə maliyyə yardımı müsabiqəsinin şərtlərində dəyişiklik etməsindən sonra çox sayda qəzetin öz fəaliyyətini dayandırmasının da əsas məsuliyyəti Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun rəhbərliyinin, Müşahidə Şurasının və İcraçı direktor Vüqar Səfərlinin üzərinə düşür. Çoxlu sayda qəzetin bir gün içərisində bağlanmasının məsuliyyətinin kimin və ya kimlərin üzərinə düşməsindən asılı olmayaraq bu hadisə gələcək tarixçilər tərəfindən Azərbaycan tarixinin qara günlərindən biri kimi xatırlanacaq.
 
Çünki bu gün malik olduğumuz müstəqil dövlət də daxil olmaqla bütün nailiyyətlərimizə görə, böyük Həsən bəy Zərdabinin "Əkinçi” qəzetindən başlayaraq beş yaşı tamam olan "Yeni Sözçü” qəzetinə kimi davam edən milli mətbuatımızın yaydığı aydınlığın nəticəsidir. Əgər böyük Məhəmməd Əmin Rəsulzadənin "Açıq söz” qəzeti olmasaydı yəqin ki, müsəlman aləmində ilk xalq cümhurriyətini, Azərbaycan Xalq Cümuhiyyətini qurmaq da bizə nəsib olmazdı. Əminəm ki, "Açıq Söz” qəzeti və onun ardıcılları olan milli mətbuatımız olmasaydı həmin dövrdə başqa bir üsul-idarəli dövlət yarana bilərdi. 
Ötən yüzilliyin başlanğıcında Rusiya İmperiyasının dağılmasından sonra millətimizin məruz qaldığı qətliamlar, müstəqil dövlətin quruculuğu ərəfəsində tarixi torpaqlarımızın bir hissəsini itirməyimizin də, Sovet İttifaqı dağılanda torpaqlarımızın 20 faizinin işğal olunmasının qarşısını ala bilməməyəimizin əsas səbəblərindən biri milli mətbuatımızın missiyasını tam həyata keçirə bilməməsidir. Ona görə də Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun KİV-ə maliyyə yardımı müsabiqəsinin şərtlərində dəyişiklik etməsindən sonra çox sayda qəzetin öz fəaliyyətini dayandırması millətimizi gözləyə biləcək uğursuzluqlarından, faciələrindən birinin anonsu sayılmalıdır. 

Bir qəzetin bağlanması həmin qəzetin kollektivinin iş yerini itirməsi deyil, cəmiyyətdəki ziyalı ocaqlarından birinin sönməsi deməkdir. Çoxsaylı qəzetlərin bağlanması isə cəhalətin geniş meydan qazanması deməkdir. Buna görə də "Yeni Sözçü” qəzetinin beş ildə bağlanmasına imkan verməyən qəzetin kollektivini alqışlayır, nəşrə başlamasının beş illiyi münasibəti ilə təbrik edirəm. 

Yolunuz açıq olsun!

Beş yaşı tamam olan qəzetin 45 il sonra 50 yaşını qeyd etməsi arzusu ilə Arzuman Loğmanoğlu.

Digər xəbərlər
SON XƏBƏRLƏR