Şriftin ölçüsü / 588 dəfə oxunub

"Deməli, 100 minlərlə vətəndaşın gündəlik gəliri 2,5 dollar imiş..." - Hökumət yoxsulluğu rəsmən etiraf etdi

10 Fevral 2019 [13:40]

2006-2018 illəri əhatə edən dövrlərdə hər il minimum əməkhaqqı təxminən ortalama olaraq 10-15 manat həcmində artıb.

Bu barədə Mia.az-a açıqlama verən iqtisadçı Məhəmməd Talıblı deyib ki, minimum əməkhaqqının 2018-ci ildə 130 manatdan 180 manatadək (38,5%) artırılmasının yalnış təqdimatı gedir:

"Minimum əməkhaqqı sadə vətəndaşların aylıq gəlirlərinin artımı deyil. Ayda ən aşağı səviyyədə rəsmi gəlir əldə edənlərin (işəgötürənlə işçi arasındakı əməkhaqqı) minimal həddi 180 manatdan az ola bilməyəcək. Bu, əslində dövlət və özəl sektorun işəgötürdüyü işçiyə ən aşağı səviyyədə verməli olduğu minimum əməkhaqqının həddini ifadə edir. Orta statistik Azərbaycan ailəsinin bir ay ərzində aylıq kommunal xərclərinin məbləği həddində olacaq bu artıma görə sevinməli deyilik. Bayram ovqatını ifadə edən rəsmi məlumatlardan sonra bəlli oldu ki, minimum əməkhaqqının artımı 600 min insanı əhatə edəcək. Bunun 450 min nəfəri dövlət sektorunda, 150 min nəfəri isə özəl sektorda işləyənlərin əməkhaqqısında özünü göstərəcək. Deməli, büdcədən maliyyələşən 900 min işçinin tən yarısı - 450 mini minimum əməkhaqqı alan vətəndaşdır.

Bu açıqlamanı verən dövlət qurumları özləri də bilmədən ölkədə yoxsulluğun real mənzərəsini etiraf etmiş oldular".

Ekspertin sözlərinə görə,  ölkədə işləməyənlərdən kənarda aylıq gəliri 130 manat (76 dollar) səviyyəsində olan 600 min insan var: "Bu isə o deməkdir ki, ölkədə 100 minlərlə vətəndaşın gündəlik gəliri 2,5 dollar imiş.

Məlumat üçün bildirim ki, hazırda dünyada 2 ölkə yoxsulluğun mərkəzi hesab edilir. Konqo Demokratik Respublikası və Madaqaskar əhalisinin 77 %, yəni əksəriyyəti bir günə 2 dollardan az bir məbləğdə gəlir əldə edirlər. Bizdə minimum əməkhaqqı alanların gündəlik gəlirləri bu ölkələrdəki kritik yoxsulluq həddinə yaxındır".

"Bəs minimum əməkhaqları artırılmaya bilərdimi?" sualına gəldikdə isə, ekspert deyib ki, onun fikirincə, 2 səbəbdən minimum əməkhaqqının artırılması qaçılmaz idi:

"Birincisi, 600 min insanın rəsmi yoxsulluq zolağına düşməməsi üçün buna gedilməli idi. Çünki bizim ölkədə rəsmi yoxsul insanlar o insanlar sayılır ki, onun aylıq gəliri 168 manatdan az olmasın. Bu baxımdan yanaşanda 600 min insan avtomatik olaraq yoxsul əhali qrupuna daxil edilmiş olacaqdı.

İkincisi, yaşayış minimumu və minimum əməkhaqqı arasında uyğunsuzlu baxımından bu mümkün ola bilməzdi. Belə ki, yeni büdcə ilindən ölkədə yaşayış minimumu 180 manat müəyyənləşdirilib ki, bu zaman onun qarşılığında ötən ilki səviyyədə və ya ondan bir az da artıq, məsələn 170 manat həcmində minimum əməkhaqqının müəyyənləşməsi mümkün ola bilməzdi. Ona yaxın və ondan yuxarı məbləğ müəyyənləşdirilməli idi. Bu isə Azərbaycanın sahib çıxdığı beynəlxalq konvensiyalara və sosial xartiyanın tələbələri baxımından qaçılmaz idi".



SON XƏBƏRLƏR
09:06 19.02.2019
Bakıya qar yağır