Cəfər Cabbarlının ev muzeyi ilə bağlı xəbərə reaksiya: "Tikili və torpaq sahəsi ailə üzvlərinin adına özəlləşdirilib"

04-02-2019 [17:36]
Azərbaycan dramaturgiyasının banilərindən biri, görkəmli ədib, yazıçı və dramaturq Cəfər Cabbarlının Bakıdakı ev muzeyi Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin birbaşa tabeliyində olduğu üçün məsələ ilə bağlı yayılmış məlumatlara Baş İdarənin rəisi Cəlil Məlikov münasibət bildirib.

Baş İdarədən Mia.az-a verilən məlumata görə, ədibin Bakı şəhər, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küçəsi 44/48 ünvanında yerləşən ev muzeyi 1976-cı ildə yaradılıb və 1982-ci ildə təntənəli açılış mərasimi keçirilib:

"Muzeydə görkəmli dramaturqun şəxsi əşyaları, həyat və yaradıcılığını əks etdirən nadir eksponatlar, incəsənət nümunələri qorunub saxlanılır.

1998-2005-ci illər ərzində nazirliyin və Baş İdarənin məlumatı və razılığı olmadan muzeyə məxsus tikililər və torpaq sahəsi ədibin ailə üzvlərinin adına özəlləşdirilib.

Son illər ərzində şəhərin dağlıq hissəsində aparılan intensiv inşaat işləri nəticəsində ərazidə sürüşmə baş verib və muzey binasında dərin çatlar və çökmə ilə nəticələnən fəsadlar əmələ gəlib. Mütəxəssislər tərəfindən aparılan araşdırmalar nəticəsində məlum olub ki, divardakı çatlar və bünövrənin zədələməsi muzey binasında əsaslı təmir işlərinin aparılmasına imkan vermir və muzeyin fəaliyyətinin bərpa edilməsi yalnız mövcud tikililərin sökülərək yenidən inşa edilməsi yolu ilə mümkündür.

Yaranmış vəziyyətlə əlaqədar nazirliyin 05.05.2010-cu il tarixli 230 nömrəli əmri ilə muzeyin ekspozisiyası bağlanmış və nazirliyin digər 02.09.2010-cu il tarixli 435 nömrəli əmri ilə mədəniyyət sərvətlərinin etibarlı mühafizəsini təmin etmək məqsədilə memorial eksponatların (9790 ədəd), inventar və avadanlığın Muzey Mərkəzində fəaliyyət göstərən C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin xüsusi ayrılmış sahəsinə köçürülməsi təmin edilib.

Baş İdarə tərəfindən dəfələrlə C.Cabbarlı ailəsinin üzvlərinin nəzərinə çatdırılıb ki, muzey binalarının yenidən qurulması üçün o vaxt vəsait ayıra bilər ki, tikililər və ərazi nazirliyin balansına qaytarılsın və gələcəkdə muzey binalarına, mülkiyyətinə ailə tərəfindən iddialar qaldırılmasın".

İdarədən bildirilib ki, C.Cabbarlının ev muzeyi daim Baş İdarənin diqqət mərkəzində olub, onun fəaliyyətinin bərpa edilməsi üçün yollar axtarılıb. Lakin muzeyin tikililərinin və ərazisinin şəxsi mülkiyyət olduğu səbəbindən və C.Cabbarlı ailəsinə hörmət əlaməti olaraq məsələnin qanunvericiliyin tələblərinə uyğun olaraq həll etmək mümkün olmayıb: "2012-ci ildə C.Cabbalının ailəsi tərəfindən Baş İdarəyə muzeyin saxlanılması və regenerasiya olunması nəzərə alınmaqla ərazinin yüksək mərtəbəli binanın tikintisi məqsədilə özəl şirkətə verilməsi barədə konkret təşəbbüs daxil olub. Sonralar ailə tərəfindən ərazi və tikililər həmin şirkətin adına alqı-satqı yolu ilə sənədləşdirilib.

Baş İdarə, öz növbəsində, ailə tərəfindən özəlləşdirilmiş tikililərin sökülərək yenidən inşa edilməsini və bu məqsədlə külli miqdarda dövlət vəsaitinin cəlb edilməsini məqsədəuyğun saymayaraq, C.Cabbarlının xatirəsinə və onun ailəsinə hörmət əlaməti olaraq, ev muzeyinin saxlanılması məqsədilə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq müvafiq dövlət qurumları ilə razılaşdırmaqla muzeyin yerində tikiləcək binanın 1-ci mərtəbəsində və ya binanın ərazisində tarixi görkəmi və sahəsi saxlanılmaqla, Baş İdarənin mütəxəssislərinin nəzarəti altında ərazinin yenidən qurulması şərti ilə razılıq veriliməsi məcburiyyəti qarşısında qalıb.

Hazırda Mədəniyyət Nazirliyinin müvafiq əmrinə əsasən Cəfər Cabbarlının ev muzeyi üçün C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində xüsusi ayrılan ekspozisiya sahəsində yeni bədii tərtibat işlərinin aparılması nəzərdə tutulub. Bu ekspozisiya C.Cabbarlının ev muzeyi öz tarixi yerində fəaliyyətə başlayana kimi nümayiş olunacaq".


SON XƏBƏRLƏR