Abşeronda yeni arxeoloji kəşf: Balaxanı Qırməki paleolit düşərgəsi

img

15-01-2019 [18:41]


 XX-ci əsrin 30-cu illərindən Abşeronda paleolit dövrü abidələri barəsində  olan məlumatlar, bu dövrə aid ayrı-ayrı təsadüfi tapıntılar əsasında  arxeologiya elmində müxtəlif rəylər yer alıb.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutundan Mia.az-a verilən məlumata görə, bu tapıntılar Zığ, Binəqədi qəsəbələri yaxınlığında Y.Paxomov, İ.Cəfərzadə kimi tədqiqatçıların diqqətini cəlb etmiş, onlar bu haqda öz fikirlərini söyləmişlər.

Paleolit dövrünə aid tapıntıların azlığı və bölgədə bu dövrə aid məskənlərin aşkar olunmaması səbəbindən Abşeronda qədim məskunlaşma məsələsinin sübüt edilməsi bu günlərədək mübahisəli olaraq qalırdı.

2003-cü ildə Yeni Suraxanının qərbində yuxarı paleolit (Qədim daş) dövrünə aid materiallar aşkar edildi. Lakin buradan aşkar edilmiş materialların sayca az olması, sonradan təsərrfüfat və torpaq işlərinin aparılması nəticəsində ərazinin arxeoloji tədqiqatlar üçün yararsız hala düşməsi Abşeronda paleolit dövrü antropogenez probleminin qoyulması üçün kifayət etmirdi.

 2018-ci ilin dekabr ayında AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru İdris Əliyevin rəhbərlik etdiyi "Abşeron arxeoloji ekspedisiyası”nın bölgədə apardığı kəşfiyyat işləri zamanı Balaxanı və Məhəmmədi qəsəbələri arasında, Qırməki adlanan sahədə daş dövrünə aid çox sayda alətlər aşkar olundu. İdris Əliyevin bildirdiyinə görə, alətlər böyük sahədə tapıldığından  burada qədim dövrə aid  düşərgənin yerləşməsi istisna edilmir. Aşkar edilmiş iti uclu qaşov, kəsici alətlər, miniatür əl çapacaqları çaxmaq və andezit daşından hazırlanmışdır. Abşeronun paleocoğrafiyası aşkar edilmiş abidənin yerləşmə topoqrafiyası ilə ziddiyyət təşkil etmir.

Materialların ilkin müqayisəli təhlili mütəxəsssilər tərəfindən aparılmış və ilkin rəyə görə, bu tapıntıları paleolitin orta mərhələsinə aid etmək mümkündür.

İdris Əliyevin bildirdiyinə görə, geoloji çöküntülərdə aşkar edilmiş qədim paleontoloji materiallar bölgənin paleolitdə zəngin faunaya malik olmasını göstərmişdir. Son tapıntılar isə, paleolit dövründə göstərilən ərazinin qədim ovçuları da cəlb etməsi barədə fikir yürüdülməsinə imkan verir.

 Abidədə və ətraf ərazidə arxeoloji kəşfiyyat və tədqiqat işlərinin aralıq verilmədən başlanılmasına böyük ehtiyac var. Heç şübhəsiz ki, Binəqədi və Balaxanı qəsəbələri arasında olan ərazilərdə, xüsusilə, Binəqədi Qırgölü ətrafındakı ərazilərin daha diqqətlə tədqiq olunması bölgədə bu dövrə aid məskunlaşma probleminin daha dəqiq öyrənilməsinə səbəb olacaqdır.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR