Müğənni Fədayə Laçın apellyasiya şikayəti verib

15-01-2019 [15:30]
Bakıda məhbusların qaçmasına kömək göstərməkdə təqsirləndirilən müğənni Fədayə Laçının barəsində olan hökmdən apellyasiya şikayəti verilib.

Bu barədə "Report"a onun vəkili Nurəngiz Qarayeva bildirib.

Onun sözlərinə görə, müğənni barəsində çıxarılan hökmdən narazı qaldığı üçün məhkəməyə müraciət edib. F.Laçın məhkəmədən barəsində şərti cəza verilməsini istəyir.

N.Qarayeva söyləyib ki, apellyasiya şikayəti birinici istansiya məhkəməsinə təqdim olunub.

Məhkəmənin vaxtı yaxın günlərdə açıqlanacaq.

Qeyd edək ki, ötən il oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə Fədayə Məmmədova (Fədayə Laçın) təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə müğənni Fədayə Laçın 5 il, Penitensiar Xidmətin tabor komandiri Bəhruz Abdullayev 9 il, qarovul rəisi Ceyhun Səmədov 9 il, müavinləri - Tural Poladxanov 8 il 6 ay, Fuad Hacıyev 8 il 6 ay, taksi sürücüsü Məhəmməd Hacıyev 7 il, Günay Atakişiyeva 6 il, Aqil Nəcəfov 9 il, İsrafil Soltanov 7 il, Şahmar Bəyəlizadə 7 il, Tərlan Zeynalov 7 il, Anar Əsgərov 7 il və Əli Ağami (cəzaları birləşdirilib) 20 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmə əsasən, B.Abdullayevin ittiham olunduğu Cinayət Məcəlləsini 179-cu (mənimsəmə) maddəsinə bəraət verilib və 311-ci (rüşvət alma) maddəsi isə ittihamdan xaric olunub.



SON XƏBƏRLƏR