Rəsmi Bakıdan Zaxarovaya sərt etiraz: "Görünür, bu, Rusiya XİN-də bəzilərini çox ciddi narahat edir"

img

12-01-2019 [00:42]


"Görünür ki, son vaxtlar Ermənistan-Rusiya əlaqələrində ciddi problemlərin yaranması və bunun əksinə olaraq Azərbaycan-Rusiya əlaqələrinin uğurla inkişafı (təkcə ötən il ərzində iki ölkə prezidentləri 6 dəfə görüşüblər) Rusiya XİN-də bəzilərini çox ciddi narahat edir".

Mia.az bildirir ki, bunu Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın erməni əsilli RF vətəndaşlarının Azərbaycan Respublikasının ərazisinə buraxılmaması ilə bağlı açıqlamasını şərh edərkən Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib.

"Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinə yaxşı bəllidir ki, uzun illər ərzində Ermənistan Azərbaycana qarşı işğalçı siyasət aparır və bu siyasət nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf yeddi rayonu işğal edilib, bir milyondan artıq insan etnik təmizləməyə məruz qalaraq qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Ermənistan silahlı qüvvələrinin 1992-ci 26 fevral tarixində törətdiyi Xocalı soyqırımı nəticəsində aralarında azyaşlı uşaqlar, qadınlar və yaşlı insanlar olmaqla 613 nəfər dinc sakin vəhşicəsinə qətlə yetirilib. BMT Təhlükəsizlik Şurasının 1993-cu il tarixli məlum 4 qətnaməsində (822, 853, 874 və 884) işğalçı qüvvələrin dərhal, tam və qeyd-şərtsiz Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması və bu ərazilərdən zorla qovulmuş insanların öz doğma yurd-yuvalarına geri qayıtması tələbi əks olunub. Rusiya Federasiyası BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi sözügedən qətnamələrin qəbul olunmasına səs verib. Lakin 25 ildən artıqdır ki, Azərbaycan torpaqları işğal altındadır və bu qətnamələrin tələbləri icra olunmur.

Azərbaycan dünya miqyasında multikulturalizmin mərkəzi kimi tanınır. Azərbaycan Ermənistandan fərqli olaraq çoxmillətli dövlətdir. Bir çox xalqların, o cümlədən erməni xalqının nümayəndələri Azərbaycan Respublikasında sülh və əmin-amanlıq şəraitində birgə yaşayırlar. Hazırda ölkəmizdə 30 mindən çox erməni əsilli Azərbaycan vətəndaşı yaşayır. Ermənistan isə monoetnik dövlətdir.

Azərbaycan Respublikası və Rusiya Federasiyasının prezidentləri səviyyəsində keçirilmiş çoxsaylı görüşlərdə Azərbaycanın bu istiqamətdə fəaliyyət və səyləri Rusiya tərəfindən yüksək qiymətləndirilir. Ermənistanda erməni əsilli uşaqlara rusdilli məktəblərdə təhsil almaq məhdudiyyəti qoyulduğu halda, Azərbaycanda 340-dan çox rus dilində tədris müəssisələri vardır. Ermənistanda isə belə məktəbləri barmaqla saymaq olar.

Azərbaycan hər zaman Rusiya Federasiyasının vətəndaşları üçün açıqdır. Yalnız 2018-ci ildə 880 min Rusiya vətəndaşı ölkəmizdə səfərdə olub və onlar tərəfindən bir dəfə də olsun göstərilən məsələlər ilə bağlı şikayət olunmayıb. Səfər edən Rusiya vətəndaşlarının böyük əksəriyyəti səfərlərindən məmnun qalıb və göstərilmiş qonaqpərvərliyə görə təşəkkürlərini bildiriblər. Qeyd etmək istərdik ki, səfər edənlər arasında erməni əsilli Rusiya vətəndaşları da olub. Eyni zamanda Azərbaycanda keçirilən beynəlxalq tədbirlərdə, idman yarışlarında, mədəni tədbirlərdə nəinki erməni əsilli Rusiya vətəndaşları, hətta Ermənistan vətəndaşları da iştirak edib və onların heç bir problemi olmayıb.

Əfsuslar olsun ki, bu, ilk dəfə deyil ki, Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin mətbuat katibi ikitərəfli strateji münasibətlərin ruhuna zidd olan bəyanatlarla çıxış edir. Azərbaycan-Rusiya əlaqələrinin inkişafı fonunda Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəsmisinin sözügedən bəyanatı və hansısa fərdi məsələni ümumi kontekstdən çıxardaraq şişirtmə cəhdləri qeyd etdiyimiz ümumu tendensiyanın növbəti təzahürüdür. 

Görünür ki, son vaxtlar Ermənistan-Rusiya əlaqələrində ciddi problemlərin yaranması və bunun əksinə olaraq Azərbaycan-Rusiya əlaqələrinin uğurla inkişafı (təkcə ötən il ərzində iki ölkə prezidentləri 6 dəfə görüşüblər) Rusiya XİN-də bəzilərini çox ciddi narahat edir. RF XİN mətbuat katibi bəyan edib ki, "Azərbaycan tərəfi söz verib ki, bu vəziyyəti düzəldəcəkdir”. Biz bunu qətiyyətlə təkzib edirik. Azərbaycan-Rusiya münasibətləri bərabərhüquqlu əlaqələrdir və "vəziyyəti düzəldəcəklər” ifadəsi ikitərəfli münasibətlərin mahiyyətinə ziddir.

Əminik ki, Rusiya XİN-in mətbuat katibinin növbəti təxribat xarakterli və anti-Azərbaycan bəyanatı Azərbaycan-Rusiya əlaqələrinə mənfi təsir göstərməyəcəkdir. Azərbaycan-Rusiya münasibətlərini xarici siyasət orqanları deyil, Azərbaycan və Rusiya prezidentləri müəyyən edir və hər iki tərəf bu münasibətlərin inkişafı üçün böyük maraq və səy göstərir", - deyə Leyla Abdullayeva qeyd edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR