DİL XALQI BİRLƏŞDİRƏN MİLLİ - MƏNƏVİ DƏYƏR, DÖVLƏTİN İSƏ ATRİBUTUDUR

18-12-2018 [18:05]

XEYBƏR GÖYYALLI

***

Dil hər bir xalqı birləşdirən əvəzsiz mənəvi sərvət və xalqın qurduğu dövlətin ən mühüm atributlarından biri yox, bəlkə də, ən birincisidir. Ona görə birincisi deyirik ki, dövlətin digər atributları bu və ya digər formada dilin köməyi ilə gerçəkləşir. Dil bütün sivilizasiyalarda dəyişilməz və əvəzolunmaz nadir bir atribut kimi özünü qoruyub saxlamışdır. Özü də əzəli və əbədi olmaqla bərabər, daim inkişaf edən dinamik bir atributdur. Dil qədim olduğu qədər də yeni, köhnə olduğu qədər də təzədir.

Hər bir dil xalqın yaratdığı dövlətin rəsmi dövlət dili statusunu qazandıqdan sonra onun atributuna çevrilir. Azərbaycan ikinci dəfə müstəqillik əldə etdikdən sonra azad və suveren dövlətimiz dilimizə daim xüsusi diqqət və qayğı ilə yanaşmışdır.Tam məsuliyyətlə deyə bilərik ki, Azərbaycan dilinin təmizliyi və şəffaflığının qorunması dövlətimizin siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmişdir.

Bu gün ölkəmizdə mətbuatın son dərəcə geniş bir şəbəkəsi formalaşmış, qəzet-jurnalların boy sırası artmış, radio və televiziyaların sayı xeyli çoxalmış, kitab nəşri genişlənmişdir. Zaman –zaman müxtəlif səbəblərdən rəsmi dövlət statusundan məhrum edilmiş Azərbaycan dilini xalq öz mənəvi-mədəni gücü ilə qoruyub saxlamışdır. Bu gün isə vəziyyət tamam fərqlidir. Ədalət naminə hamımız səmimi etiraf edərik ki, yaşadığımız günlərdə toplumdan daha çox, dövlət ali bir qurum kimi dilimizin təəssübünü çəkir, onun təmizliyi və şəffaflığının qorunması üçün cidd – cəhdlə çalışır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının Azərbaycan ədəbi dili normalarına doğru, dürüst əməl edilməsi, təmizliyi və saflığının qorunması haqqında ardıcıl olaraq sərəncamlar imzalamışdır. Onu da vurğulayaq ki, bu gün Azərbaycan Respublikasının xüsusi bir dil siyasəti mövcuddur və bu siyasət fasiləsiz olaraq aparılır. Bu məqamda onu da diqqətə çatdıraq ki, müstəqillik dönəmində Azərbaycan Respublikasının dil siyasəti ilə bağlı qəbul etdiyi qanun və sərəncamların adlarını yazılı mənbəyə istinad etmədən birnəfəsə sadalamaq mümkün deyil, çünki həmin qanun və sərəncamlar nominal baxımdan kifayət qədər çoxdur. Ancaq onu da səmimi etiraf edək ki, dildən bir xammal kimi istifadə edənlər bu və ya digər səbəblərdən (daha çox subyektiv səbəblərdən) kütləvi informasiya vasitələrində hər gün səhvlərə yol verirlər. Gündəlik ünsiyyət qurduğumuz qəzet-jurnal və internet portalları məntiq və üslub səhvləri , orfoqrafik və durğu işarələri ilə bağlı olan nöqsanlarla doludur.

Məntiq və üslub səhvləri

Üslub ümumi olduğu qədər də fərdidir.Hər bir şəxsin fərdi üslubu olduğu kimi, hər bir mətbu orqanın da özünəməxsus üslubu vardır. Bununla yanaşı, hər bir mətn üçün dil materialının istifadəsi də eyni deyildir.Belə ki, bədii üslubla elmi üslub eyni olmadığı kimi, kütləvi informasiya vasitələrinin aparıcı üslubu sayılan publisistik üslub və onun tərkib hissəsi olan xəbər janrı -üslubu da bir-birindən tamamilə fərqlənir. Təəssüflər olsun ki, bu gün mətbuatda rəsmi-işgüzar üslub ( kargüzarlıq üslubunu da daxil edə bilərik ) daha geniş yayılıb. İdarə və müəssisə əməkdaşının kargüzarlıq üslubunda hazırladığı xəbər və məqalələr redaktə olunmamış mətbuat səhifələrində dərc olunur. İnternet portallarından gətirəcəyimiz nümunələrlə fikrimizi əsaslandıracağıq.Onu da xüsusi olaraq diqqətə çatdırırıq ki, məqalədə istifadə edilmiş nümunələr nisbətən geniş oxucu auditoriyası olan internet mətbuatından götürülmüşdür.Konkret faktlara müraciət edək.

"Azərbaycan Mərkəzi Bankı banklara kredit verilməsi qaydalarını dəyişib

"Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən banklara kreditlərin verilməsi Qaydaları”nda dəyişikliklər edilib.

"Report” xəbər verir ki, dəyişikliyə əsasən 360 günə qədər verilən yenidənmaliyyələşdirmə kreditlərinin təmin olunmalı olduğu aktivlər siyahısına rəsmi reyestrdə üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmı. daşınar əmlak da əlavə edilib.

Həmçinin bundan sonra 20 mln. manatdan çox olan, 360 günə qədər yenidənmaliyyələşdirmə kreditlərinin verilməsi barədə qərarı AMB-nin İdarə Heyəti qəbul edəcək. Xatırladaq ki, indiyə qədər yalnız 360 gündən çox müddətə verilən yenidənmaliyyələşdirmə kreditləri barədə qərarı qurumun rəhbərliyi qəbul edirdi”.

Sərlövhəsi ilə birlikdə cəmi beş cümlədən ibarət olan bu xəbər səhvlərlə doludur. Birincisi, mətnin ilk cümləsi cüzi dəyişikliklə sərlövhənin təkrarıdır. İkincisi, mətndəki dörd cümlənin dördü də eyni sözlə- edib (etmək feili ilə) xəbəri ilə bitib. İkinci cümlədə daha bir üslub səhvinə (olunmalı olduğu) və bir orfoqrafik səhvə ( alınmış sözündə " ş” hərfi yazılmayıb) yol verilib. Üslubundan açıq şəkildə görünür ki, mətn adıçəkilən idarədə hazırlanıb, redaksiyada isə onun üzərində heç bir redaktə işi aparılmayıb.

Yeri gəlmişkən, mətbuat səhifələrində kütləvi şəkildə yol verilən bir orfoqrafik səhvlə də bağlı fikrimizi bildirmək istəyirəm. Heç bir orfoqrafiya normasına istinad olunmadan qayda, qərar, qanun, fərman və sərəncam sözləri böyük hərflə yazılır.Necə ki, yuxarıdakı cümlədə qayda sözü heç bir orfoqrafik normativə əsaslanılmadan böyük hərflə yazılıb. ("Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən banklara kreditlərin verilməsi Qaydaları”nda dəyişikliklər edilib).

Bu günlərdə rayonlarımızın birində baş vermiş qandonduran kriminal olayla bağlı xəbəri kütləvi informasiya vasitələri cüzi dəyişikliklə tirajladılar. Həmin hadisənin dil materialları ilə ifadəsinə nəzər salaq:" Bədənindən şər qüvvələri çıxarmaq adı ilə nar çubuqları ilə vuraraq, ona ağır bədən xəsarətləri yetirdikləri, məhz bundan sonra sonuncunun kirayədə yaşadığı mənzildə dünyasını dəyişdiyi məlum olub”. İlk baxışda bu cümlə çoxlarına , bəlkə də, qüsursuz görünür, çünki oxucu öz düşüncə və təcrübəsi ilə məzmunu dərk edir. Əslində isə nümunə gətirdiyimiz bu cümlə struktur və üslub baxımından qüsurludur . Cümlənin strukturu dolaşıqdır.

Cümlədə ilə qoşmasının iki dəfə işlədilməsi də ağırlıq yaradır. Hər hansı cümlədə eyni sözün, o cümlədən eyni qoşmanın işlənilməsi yolverilməzdir.

Bu informasiyanın da kargüzarlıq üslubunda yazıldığı əyani şəkildə görünür. Xəbəri ictimaiyyətə təqdim edən internet portalları , bəlkə də, heç yazının nöqtə-vergülünə toxunmadan belə onu dərc etmişlər.

Kütləvi informasiya vasitələrində dərc olunan yazılarda eyni söz və ifadənin təkrar işlənilməsi hallarına daha çox rast gəlinir:” E.Makronun sözlərinə görə, Avropa böyük dövlətlərin əlində oyuncaq olarsa və dünya arenasında ikinci dərəcəli rol oynayarsa, öz rolunu oynaya bilməz”. ("Report.az” , 19.11.2028) Bu cümlədə rol və oyna ( maq) sözləri təkrar edilir, əslində, təkrara yol verməmək üçün onlardan birini başqa söz və ifadə ilə əvəz etmək mümkündür.

Yeri gəlmişkən, bir məsələni də qeyd etmək istərdik. Bir çox internet portalları vacib bildikləri informasiyaları, operativliyi ilə seçilən”Report.az” saytına istinadən verirlər." Report.az” internet qəzetinə istinad olunaraq digər saytlarda işıq üzü görən informasiyalar, bəlkə də, həmin portalların əməkdaşları tərəfindən heç adi qaydada belə oxunmur, yalnız surəti çıxarılaraq dərc edilir. Belə olan təqdirdə səhvlər də təkrarlanır. "Donald Tramp tutduğu vəzifədə öz işini 5+ kimi qiymətləndirib”- bu cümlə bir çox internet portallarında iri hərflərlə sərlövhəyə çıxarılmışdır. Bu cümlədə kimi qoşması artıq olduğundan məzmuna ciddi xələl gətirir. Həmin fikri belə ifadə etmək olardı: "Donald Tramp tutduğu vəzifədə öz işini 5+ (müsbət) qiymətləndirib və yaxud Donald Tramp tutduğu vəzifədə öz işini əla qiymətləndirib ". Tərcümə materiallarında sözün əsl (həqiqi) qarşılığını tapmaq çətin olduqda uyarlı bir sinonimi ilə onu əvəz etmək daha yaxşı olar.

Kütləvi informasiya vasitələrində, demək olar ki, hər gün avtomobil qəzaları haqqında məlumat verilir. Avtomobil qəzaları ilə əlaqədar olan xəbərlərdə adətən belə yazılır:” Gürcüstanda nazir müavini qəzaya düşərək yaralanıb”.(Nümunəni mənbədə olduğu kimi verdim). Bu cümləni belə yazmaq daha doğru olar: "Gürcüstanda nazir müavini avtomobil qəzasında yaralanıb”

Daha bir nümunəyə diqqət yetirək:"Qeyd olunan şəxslər cinayət məsuliyyətinə cəlb edilərək məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib”. ("Moderator.az) Məntiq baxımından şəxslər (insan) qeyd oluna bilməz, şəxslərin adları qeyd oluna bilər. Bu cümləni ən pis halda belə yazmaq olardı:” Yuxarıda adları qeyd olunan şəxslər cinayət məsuliyyətinə cəlb edilərək, məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib”. Bu cümlədə daha bir səhvə yol verilmişdir. Cümlədəki cəlb edilərək söz birləşməsi feili bağlama tərkibi kimi həmcins üzv yaratdığından özündən sonra vergül qoyulmalıdır.

Nümunə gətirdiyimiz bu informasiyanın da kargüzarlıq üslubunda yazıldığı uzaqdan görünür. Əminliklə deyə bilərik ki, hüquq- mühafizə orqanlarının əməkdaşları tərəfindən hazırlanan bu səpkili xəbərlər redaktə olunmadan saytlarda dərc edilir.

"Bu duyğunu həyatımda çox az dəfə duymuşam". Bəlli mənbədən götürülmüş bu cümlədəki səhvi bəziləri ilk baxışda texniki qüsur kimi qəbul edə bilər, ancaq belə deyildir.

Əslində isə bu cümlədə dəfə sözünə heç bir ehtiyac yoxdur

Sözün yeri səhv düşəndə...

Azərbaycan dilində sözsırası ( əslində, inversiya bütün dillərə məxsus bir dil hadisəsidir) dəyişilməz bir qanun kimi özünü həmişə qorumuşdur. Cümlə üzvlərinin hər birinin konkret işlənilmə yeri mövcuddur. Bu dil qanunu – cümlədə sözlərin öz yerində dəqiq, dürüst işlənilməsi birbaşa cümlədə fikrin aydınlığına, məzmunun mükəmməlliyinə xidmət edir. Bu dil hadisəsinin mahiyyətini bilməyənlər unudurlar ki, təyin təyin olunandan , zərflik xəbərdən əvvəl yazılmadıqda cümlədə xaotik bir vəziyyət yaranır. Nümunəyə baxaq: "Ankara illik 400 yük maşınına Trabzon limanından yük daşımasına icazə verib”. ("Virtualaz.org” 19.11.2018)) Bu cümlədə illik sözü öz yerində düzgün işlədilməyib.İllik sözü burada təyinedici bir

funksiya daşıdığı üçün bu cümləni belə yazmaq olardı:"Ankara 400 yük maşınına Trabzon limanından yük daşımasına illik icazə verib”. Əslində, bu cümlədə illik yox, birillik sözünün yazılması daha doğru olardı: ” Ankara 400 yük maşınına Trabzon limanından yük daşımasına birillik icazə verib”. Burada söhbət, yəqin ki, 400 yük maşınına icazə ( lisenziya) verilməsindən gedir.

Mətbuat səhifələrində bu cür səhvlərə addımbaşı rast gəlmək mümkündür.Başqa bir nümunəyə baxaq :"San Juan” sualtı qayığı "Ocean Infinity” kompaniyası tərəfindən yoxa çıxdığı rayonda su səthindən 800 metr dərinlikdə aşkar edilib”. Nümunə gətirdiyimiz bu cümlədə də söz sırası pozulmuşdur.İlk baxışdan belə anlaşılır ki, "San Juan” sualtı qayığı "Ocean Infinity” kompaniyası tərəfindən yoxa çıxmışdır. Burada ifadələrin yerini dəyişməklə fikri daha aydın şəkildə oxucuya çatdırmaq olardı:” Ocean Infinity” kompaniyası tərəfindən "San Juan” sualtı qayığı yoxa çıxdığı rayonda su səthindən 800 metr dərinlikdə aşkar edilib”. Qeyd edək ki, bu nümunə "Moderator.az” onlayn qəzetinin "AzərTAc”-a istinadən 19 noyabr 2018-ci il tarixində dərc olunan"Argentinada matem elan edildi”(sərlövhədə səhvən matem yazılıb) sərlövhəli xəbərdən götürülmüşdür.

Kütləvi informasiya vasitələrində dərc olunan tərcümə materiallarında daha çox dolaşıq cümlələrə rast gəlinir.Belə qənaətə gəlmək olar ki, bu qüsurlar bilavasitə materialın tərcümə variantı ilə bağlıdır. Virtualaz.org” saytında 26.11.2018-ci tarixində dərc edilmiş "Müllerin hesabatı Tramp üçün "məhvedici” olacaq” sərlövhəli məqalədə iki cümlə fikrimizə bir daha əyani sübutdur:”1.Vaytakerin daha öncə Müllerin istintaqını tənqid etməsi onun bu vəzifəyə təyinatı narazılıq yaradıb. 2.Trampın vaxtilə özünü Rusiya istintaqından kənarlaşdırmış Ceff Seşnsi vəzifədən kənarlaşdıraraq onun yerinə təyin edib”. Nə başa düşülür? Məncə, şərhə ehtiyac yoxdur.

Çox təəssüflər olsun ki, söz sırası idarə, müəssisə və təşkilat adlarında da pozulur. Aşağıdakı nümunələr bu fikrimi təsdiqləyir. Məs. İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi, Baş İctimai Təhlükəsizlik İdarəsi və s.Birinci mürəkkəb ada diqqət edək. Belə anlaşılır ki, iki Moskva var, bu institut isə birinci Moskvaya məxsusdur. Çox güman ki, buradakı nöqsan da tərcümədən irəli gəlir. Fikrimizcə, burada qeyd olunan birinci sözü Moskvaya yox, universitetə aiddir. Yəqin ki, belə doğru olar: İ.M.Seçenov adına Moskva Birinci Dövlət Tibb Universitetinin Bakı filialı.

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin tabeçiliyindəki idarələrin adlarını bildirən mürəkkəb adlarda təyinedici söz (baş ) idarə sözünə aid olduğundan ondan əvvəl gəlməlidir. Məs. Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsi, İctimai Təhlükəsizlik Baş idarəsi.

Bəzi idarə və müəssisə adlarında heç bir ehtiyac olmadığı halda baş sözü yazılır. Məs.Bakı Şəhər Mədəniyyət Baş İdarəsi. Burada baş sözünün yazılmasına ehtiyac varmı?

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin tabeçiliyində olan rayon mərkəzi xəstəxanalarının adlarının yazılışında isə iki varianta rast gəlirik. Məs. Abşeron Rayon Mərkəzi Xəstəxanası , Bərdə Mərkəzi Rayon Xəstəxanası. Bu variantların hər ikisi işlənir. Məntiqi və qrammatik cəhətdən isə birinci variant daha düzgündür.

Söz səhv yazılanda....

Bir çox sözlərin bitişik, yoxsa ayrı yazılması mübahisə doğursa da, elə sözlər var ki, onlar birmənalı olaraq bitişik yazılır.Məsələn, birinci tərəfində astro sözü olan sözlər həmişə bitişik yazılır:astrodinamika, astrobiologiya. "Aznews.az” portalında dərc edilmiş "Qalaktikanın mərkəzində fəvvarə kəşf edildi” məqaləsində astrofizika sözü ayrı yazılmışdır. Onu da qeyd edək ki, Aznews.az” portalı bu məqaləni "Ölkə.az” saytına istinadən vermişdir.

Mətbuat orqanlarında meyil sözü adətən bir saitlə yazılır, "i” saiti yazılmır.Məlumat üçün bildiririk ki, bir çox ikihecalı sözlər kimi meyil sözü də yalnız saitlə başlanan şəkilçi qəbul etdikdə "i” saiti düşür: meyil-meylin, meylə.

Töhfə sözü yanlış olaraq çox vaxt "v” ilə (töhvə) yazılır.

Qəzet və internet portallarında başverən ( hadisə) sözü ,nədənsə, ayrı yazılır."Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndə , çox doğru olaraq, başvermə, başvurma sözləri bitişik yazılıb.İstinad mənbəyi kimi bu nümunələr kifayətdir ki, bir vurğu ilə deyilən bu tipli sözləri bitişik yazaq. Bir daha təkrar ( bu barədə əvvəlki yazılarımızda danışmışıq) edirik ki, "Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin yeni nəşrində bu tipli sözlərin hamısını bu və ya digər səbəbdən əhatə etmək mümkün deyildir.

Təəccübdolu ( baxışlar) sözü də bir vurğu ilə deyilib, bir məfhumu ifadə etdiyinə görə bitişik yazılmalıdır.

Hər yerdə vergül qoyulmaz

Mətbuat səhifələrində ən çox rast gəlinən səhvlərdən biri də heç bir qaydaya istinad olunmadan vergülün qoyulmasıdır.Çox təəssüf ki, vergülə "əşhədü” ehtiyac duyulduğu məqamlarda vergül qoyulmur, ancaq heç bir zərurət olmayan hallarda isə əsassız yerə vergül qoyulur. Heç bir zərurət olmadığı halda görə qoşmasından sonra kütləvi şəkildə vergül qoyulur. Nümunə üçün aşağıdakı cümlələrə diqqət edək: "Aznews.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, o, 77 yaşında dünyasını dəyişib”. ("Aznews.az”, 26.11 2018)

” Audit yoxlamalarının nəticələrinə görə, şirkət böyük məbləğdə vergi ödənilməsindən yayınıb”. Hər iki cümlədə görə sözü qoşma olduğundan ondan sonra vergül qoyulmalı deyildir. Məlumat üçün bildiririk ki, görə qoşması yönlük halda olan sözlərə qoşulub səbəb, məqsəd və bəzən də isnad bildirdiyindən ondan sonra vergül qoyulmur. Görə sözü fikrin mənbəyini bildirən modal söz olduqda ondan sonra vergül qoyulması vacibdir.Məsələn, Deyilənə görə, yer altından çaylar axır.

Eyni hal əsasən sözündə də müşahidə olunur. Əsasən sözü qoşma kimi işlənildikdə səbəb, əsas və isnad mənasını ifadə edir. Belə olanda əsasən sözündən sonra vergül qoyulmur. Mətbuatda isə tamam əksinədir, əsasən sözündən sonra adətən vergül qoyurlar. "Əmrə əsasən, Bakının Xəzər rayon prokurorunun köməkçisi vəzifəsində çalışan .......... öz xahişi ilə tutduğu vəzifədən azad edilib”. ("Aznews.az”)

Qeyd etdiyimiz kimi, əsasən sözü modal söz olanda işlənilmə yerindən asılı olaraq ( cümlənin əvvəlində gəldikdə özündən sonra , ortasında gəldikdə hər iki tərəfində vergül qoyulur) vergüllə ayrılır.Məsələn, Professor, əsasən, problemin mahiyyətindən danışdı.

Sözün yazılışından (orfoqrafiyadan) söz düşmüşkən , mətbuatda yol verilən bir səhv barəsində də bu məqamda münasibət bildirməyimiz vacibdir.” Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndə hansı mürəkkəb adların və sözlərin birinci hərfinin böyük yazılması, hüquq termini ilə desək, öz təsbitini tapmışdır. Adını çəkdiyimiz qaydada göstərilir ki, nazirlik və komitə adlarının birinci hərfi böyük yazılır. Həmin qaydalarda o da göstərilib ki, Azərbaycan Respublikasının Təhsil naziri və s. bu tipli mürəkkəb adlarda sahə bildirən sözlər böyük , nazir sözü kiçik yazılır.Mətbuatımızda buna birtərəfli qaydada əməl olunur. Belə ki, bu kimi mürəkkəb adlar Azərbaycana aid olduqda bu qaydaya az-çox əməl olunur, ancaq xarici dövlətlərin analoji qurumlarına gəldikdə buna əməl olunmur. Məsələn, Britaniyanın xarici işlər naziri bu gün İrana səfər edəcəkdir.(Nümunə konkret mənbədən götürülüb) Bu cümlədə həmin qayda gözlənilməmişdir. Dil qaydaları "doğmalıq –ögeylik" tanımır.Dil normativləri bütün sözlərə şamil olunur.

Son olaraq...

Müşahidə və təhlillərimiz göstərir ki, mətbuat səhifələrində hər gün rastlaşdığımız kobud səhvlər birbaşa redaktə və korrektə institutunun olmaması ilə bağlıdır. Çox təəssüflər olsun ki, əksər müstəqil mətbuat orqanlarında redaktə və korrektə sənətinin nə olduğu haqqında adi təsəvvür belə yoxdur.Bir çoxları özlərini öz qəzetlərinin baş redaktoru elan etsələr də, bu istilahın (redaktor) lüğəvi mənasını bilmədikləri kimi, redaktorun hansı missiya daşıdığından da xəbərsizdirlər. Bu məqamda bir məsələni vurğulamaq çox ədalətli olardı. Etiraf edək ki, ənənəsi olan, artıq öz məktəbini yaratmış mətbuat orqanlarının səhifələrində bu cür ciddi səhvlərə rast gəlinmir.

Son olaraq təklif edirik ki, kütləvi informasiya vasitələrində redaktə və korrektə institutu yaradılmalıdır.



Digər Xəbərlər

SON XƏBƏRLƏR