OPEC Azərbaycanın neft hasilatı üzrə proqnozunu açıqladı - Hesabat

img

12-12-2018 [17:45]


 2018-ci ilin sonuna Azərbaycanda orta gündəlik neft hasilatının həcminin dəyişməyərək 800 min barel olacağı proqnozlaşdırılır.

Bu barədə OPEC-in dekabr ayı üzrə hesabatında qeyd edilib.

Hesabata əsasən, OPEC+ çərçivəsində Azərbaycanın üzərinə götürdüyü öhdəliyə uyğun olaraq 2019-ci ildə ölkədə gündəlik neft hasilatının 20 min barel azalaraq 780 min barel olacağı gözlənilir.

OPEC-in bundan əvvəlki aylıq hesabatında Azərbaycanda gələn il üçün gündəlik hasilatın 10 min barel azalaraq 790 min barel olacağı proqnozlaşdırılırdı.

Xatırladaq ki, 2016-cı il dekabrın 10-da Vyanada imzalanmış "Əməkdaşlıq Bəyannaməsi” çərçivəsində Azərbaycan hasilatı sutkada 35 min barel azaltmaq öhdəliyi götürmüşdü.

Cari ilin dekabrın 7-də Vyanada Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlərin nazirlərinin V görüşündə neft hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsindən gündəlik 1,2 mln. barel azaldılması ilə bağlı razılıq əldə olunub. Yeni qərara əsasən 2019-cu ilin yanvar ayından etibarən Azərbaycan gündəlik hasilatın təxminən 20 min barel azaldılması ilə bağlı öhdəlik götürüb/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR