Prezident İlham Əliyev Rusiyanın Baş Qərargah rəisini qəbul edib - Müzakirə + FOTO

img

12-12-2018 [14:21]


 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 12-də Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, müdafiə nazirinin birinci müavini Valeri Gerasimovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib qəbul edib.

Mia.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Dövlət başçısı, ilk növbədə, Rusiya ilə NATO yüksək hərbi rəhbərliyi arasında görüşün keçirilməsi üçün Bakının seçilməsinə görə minnətdarlığını bildirib.

Prezident İlham Əliyev qeyd edib ki, bu, bizim ölkəyə hörmətin, etimadın göstəricisidir və bir daha Azərbaycanın dünyada sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə xidmət edən mühüm beynəlxalq tədbirlərin müntəzəm olaraq keçirildiyi məkana çevrildiyini göstərir və Azərbaycan bunu yüksək qiymətləndirir. Dövlət başçısı Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun rəhbərlik etdiyi nümayəndə heyətinin eyni zamanda Azərbaycan-Rusiya əlaqələri ilə bağlı məsələlərin müzakirəsi üçün də yaxşı imkan yaratdığını deyib. İkitərəfli münasibətlərimizin bütün sahələrdə, o cümlədən hərbi sahədə çox uğurlu və dinamik şəkildə inkişaf etdiyini deyən Prezident İlham Əliyev yüksək səviyyədə keçirilən görüşlərin əməkdaşlığın genişləndirilməsində mühüm rol oynadığını bildirib. Təkcə bu il Azərbaycan və Rusiya dövlət başçıları arasında çoxsaylı görüşlərin keçirildiyini vurğulayan Prezident İlham Əliyev son dəfə Sankt-Peterburqda Rusiya Prezidenti ilə təmaslarını məmnunluqla xatırlayıb. Dövlət başçısı bu il, eyni zamanda, ölkələrimiz arasında xeyli sayda sazişlərin və sənədlərin imzalandığını vurğulayaraq, qarşılıqlı fəaliyyətin səviyyəsinin daha da yüksəldilməsi məqsədilə ölkələrimiz tərəfindən əldə olunmuş razılıqların icra edilməsinin önəmini qeyd edib və buna nail olunduğunu bildirib. Rusiya ilə Azərbaycanın dostluq münasibətlərinin tarixi sınaqlardan çıxdığını qeyd edən Prezident İlham Əliyev bu gün ölkələrimizin etibarlı tərəfdaş olduğunu, hərbi və hərbi-texniki sahələrdə əməkdaşlığın yüksək səviyyəyə qalxdığını deyib və Valeri Gerasimovun ölkəmizə səfərinin bu sahədə əlaqələrin daha da möhkəmləndirilməsi işinə xidmət edəcəyinə əminliyini bildirib.

Xoş sözlərə və qəbula görə minnətdarlığını bildirən Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günündə dövlət başçısı İlham Əliyevlə görüşünü yüksək qiymətləndirib. O, Ulu Öndərin və görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın məzarlarını ziyarət və xatirələrini ehtiramla yad edəcəklərini vurğulayıb. NATO və ABŞ nümayəndələri ilə artıq neçənci dəfədir ki, Bakıda görüşdüklərini qeyd edən Valeri Gerasimov paytaxtımızın bunun üçün çox münasib bir məkan olduğunu və bu cür görüşlər üçün burada hər cür şəraitin yaradıldığını vurğulayıb. 

İkitərəfli münasibətlərə toxunan Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov əlaqələrimizin müxtəlif sahələrdə, o cümlədən hərbi və hərbi-texniki sahədə uğurla inkişaf etdiyini bildirib.

Söhbət zamanı ikitərəfli münasibətlərin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR