"Ermənistanda növbədənkənar parlament seçkiləri adı altında oyun oynanıldı" - Vitse-spikerdən münasibət

img

10-12-2018 [12:24]


"Ermənistanda keçirilən növbədənkənar parlament seçkiləri barədə məlumatlar ilk olaraq, Ermənistan vətəndaşları və mətbuat tərəfindən söylənilir. Bizim söylədiklərimiz də bir növ onların təkrarı olur".

Bunu jurnalistlərə açıqlamasında Milli Məclis sədrinin müavini Bahar Muradova deyib.

Onun sözlərinə görə, Ermənistandakı seçkinin istənilən nəticəni verməsi üçün əvvəlcədən bütün addımlar atılmişdı, buna mane ola biləcək şəxslər, dairələr, təşkilatlar sıradan çıxarılmışdı, vətəndaşlar qorxudulmuşdu: 
"Ermənistanda "seçsəniz də, seçməsəniz də baş nazir özüm olacam" prinsipi ilə hərəkət edildi və nəticə də ortadadır. Ona görə də əvvəlcədən bəlli bir nəticə sadəcə təsdiq edilməli idi. Düşünürəm ki, Ermənistan vətəndaşlarının bu məsələyə münasibəti ortadadır və onlar özləri qərar verməlidilər ki, bu seçkinin nəticələrini təsdiq etdirməklə, onun nəticəsində özünü legitimləşdirən bir siyasi şoumenlərin rəhbərliyi altında yaşamaq, işləmək istəyirlər ya yox. Bu, onların daxili həyatlarıdır. Amma hər halda regionda baş verən hadisə kimi bu, bizi də narahat edir və maraqlandırır".

B.Muradova əlavə edib ki, Ermənistanda keçirilən seçki barədə dünyanın müxtəlif mərkəzləri, seçkilərin nəticələrini dəyərləndirən beynəlxalq təşkilatlar, o cümlədən ATƏT obyektiv mövqe ortaya qoymalıdırlar: 
"Onlar müxtəlif təzyiq və təhdidlər altında keçirilən seçkilərə öz obyektiv münasibətlərini bildirməlidirlər".

O vurğulayıb ki, növbədənkənar parlament seçkilərindən sonra Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ciddi həlledici dəyişikliklərə imza atılacağı qənaətində deyil: 
"Çünki elə seçkiqabağı da Dağlıq Qarabağda Ermənistan vətəndaşlarının xidmət etməsi və necə xidmət etməsi ilə bağlı səsləndirilən fikirlər, Nikol Paşinyanın özünün açıqlamaları - bütün bunların seçkiyə hesablandığını göstərirdi".


Digər xəbərlər
SON XƏBƏRLƏR