"Əgər bu dəfə də devalvasiya olarsa, ərzaqdan tutmuş, hər şeyə qədər bahalaşma olacaq"- Ekspertlərdən xəbərdarlıq

img

09-12-2018 [17:34]


Maliyyə naziri Samir Şərifovun milli valyutamızla bağlı ölkədə əsas müzakirə mövzularından birinə çevrilib. Onun "Azərbaycana milli valyuta məzənnəsinin həddən artıq möhkəmlənməsi lazım deyil”,- fikri növbəti devalvasiyanın xəbərdarlığı kimi izah olunaraq, narahatlıq yaradıb.

S. Şərifov fikrini "çox güclü manat Azərbaycan istehsalçılarının ixrac potensialına mənfi təsir edir. Onların məhsulları ixrac üçün daha az rəqabətə davamlı olur. Digər tərəfdən, yerli istehsalçılar daxili bazarda da rəqabətdə uduzmağa başlayırlar, çünki idxal olunan mallar daha da ucuzlaşır”, - sözlərilə əsaslandırıb.

Makro-iqtisadi yanaşmadan çıxış edən nazirdən fərqli olaraq, əksəriyyət baş verə biləcək devalvasiyada üzləşəcəyi sıxıntı və itkilər barədə düşünür. Bundan əvvəlki kəskin devalvasiyanı və ondan sonra başlayan iqtisadi böhranı, buna paralel olaraq hökumətin hərəkətsizliyini göz önünə gətirsək, əksəriyyətin narahatlığını əsaslı saymaq olar. Çünki hökumət bütün dönəmlərdə baş verən iqtisadi kataklizmlərdə yaxasını kənara çəkərək cəmiyyəti yükün altına verir. İki devalvasiya və sonrakı dönəmdə də hər kəs bunun şahidi oldu. Bu səbəbdən baş verə biləcək üçüncü devalvasiya və onun nəticələrinin daha ağır olacağını təsəvvür eləmək çətin deyil. Ekspertlərlə söhbətləşərək nazirin açıqlaması və gözlənilən təhlükələr barədə fikirlərini öyrəndik.

Ölkəmizdə növbəti iqtisadi böhran başlaya bilər

Natiq Cəfərli: "Manatın məzənnəsinin uzun müddət sabit saxlanılması iqtisadi baxımdan hökumətə sərfəli olmayacaq”

Tanınmış iqtisadçı Natiq Cəfərli fikirlərini "Reytinq”lə bölüşərkən deyib ki, hökumət üçüncü devalvasiyaya zəmin yaranmaması üçün lazım olan addımları atmayıb. Onun sözlərinə görə, hökumətin zamanında lazımi addımlar atmaması, ölkədə belə bir vəziyyətin yaranmasına gətirib çıxarıb.

Maliyyə nazirinin milli valyuta ilə bağlı fikirlərinə gəlincə, N. Cəfərli bildirib ki, onun dediklərində bəlli həqiqətlər var:

"İqtisadi nəzəriyyələrə görə doğrudan da qeyri-neft sektorunda, real sektorda istehsalı və ixracatı güclü olan, turizm sahəsinə üstünlük verən ölkələr həmişə çalışırlar ki, öz milli valyutaları ciddi şəkildə dəyər qazanmasın. Milli valyutası zəif olan ixracatçı ölkələr daha çox ixracata və daha çox turist qəbul etməyə meyilli olurlar. Məsələn, bu ilin avqust-sentyabr aylarında Türkiyədə lirənin kəskin şəkildə dəyərdən düşməsinə baxmayaraq, turizm sahəsində çalışanlar yaxşı qazanc götürdülər. Çünki həmin dövrdə ölkəyə gələn turist sayında 2017-ci ilin eyni dövrü ilə müqayisədə 18 faizə yaxın artım oldu. Əgər Azərbaycan turizmi inkişaf etdirmək və qeyri-neft sektorunun ixracatını artırmaq istəyirsə, təbii ki, manatın məzənnəsinin çox da möhkəmlənməsinə çalışmamalıdır. Amma problem ondan ibarətdir ki, bizdə istehsal sahələri çox zəifdir”.

Ekspert hesab edir ki, qeyri-neft ixracatı kənd təsərrüfatından kənara çıxa bilmir, çox zəif inkişaf edib. Buna görə də manatın məzənnəsinin dəyişməsi, dolların bahalaşması bütün sahələrə ciddi təsir göstərir. Çünki idxaldan çox asılı ölkəyik. Ölkədə hansı sahəni götürsək, idxal mallarının üstünlüyünü görəcəyik. Bu səbəbdən Azərbaycanda məzənnə siyasəti daha ehtiyatla aparılır. Artıq heç bir üzən məzənnə rejimindən də söhbət getmir: "2015-2016-cı illərdə üzən məzənnə rejimi barədə çox danışılırdı, biz israrla deyəndə ki, Azərbaycanda üzən məzənnə yoxdur, inzibati məzənnə var və bunu sübut edəndən sonra nə Maliyyə Nazirliyi, nə də Mərkəzi Bank üzən məzənnə barədə danışmır. Hamıya məlumdur ki, məzənnə sırf inzibatidir, qərarla müəyyənləşdirilir və hökumətin siyasətindən asılıdır”.

N. Cəfərlinin sözlərinə görə, S. Şərifovun dediyində bir həqiqət var ki, neftin qiyməti kəskin düşsə və qeyri-neft sektoru ilə turizmi inkişaf etdirmək istəyiriksə, manatın məzənnəsini belə sabit saxlamaq ölkəmizə baha başa gələcək. Hətta bir müddət sonra məzənnədə yüngül dəyişikliklər etməyin zamanı çatacaq: "Hökumətin fikrincə, bu, həm də Dövlət Neft Fondunda olan vəsaitlərin qənaət edilməsinə xidmət göstərəcək. Obrazlı desək, məsələn, bizdə büdcənin yarısı Neft Fondundan olan transfertlərdir. Əgər dollar-manat rəsmi məzənnəsi 1,700 manat səviyyəsində qalarsa, Neft Fondundan gələn il büdcəyə transfertlər təxminən 6 milyard 685 milyon dollar təşkil edəcək (dolları manata çevirib büdcəyə ötürəcəklər), manat 10-15 faiz dəyərdən düşsə, hökumət Fondun 700 milyondan 1 mlrd. dollara qadər vəsaitinə qənaət edəcək. 

Bunu da nəzərə alsaq, düşünürəm ki, Samir Şərifovun dedikləri gələcəklə bağlı ilkin siqnallardır. Yəni manatın məzənnəsinin uzun müddət sabit saxlanılması iqtisadi baxımdan hökumətə sərfəli olmayacaq. Çox pis ssenarini düşünsək ki, neftin qiyməti kəskin ucuzlaşaraq 1 barelə görə 40 dollar səviyyəsinə düşəcək, o zaman manatın məzənnəsində daha kəskin dəyişikliklər olacaq. İndiki 60 dollar civarında qalacaqsa, manatın məzənnəsi ilə bağlı yumşaq addımların olma ehtimalı yüksəkdir. Amma hökumət kəskin addımlar atmaq istəmir, çünki devalvasiyaların ölkə iqtisadiyyatına vurduğu zərərləri də görüb. Böyük devalvasiya bank sektorunu demək olar durğunluq vəziyyətinə gətirdi, problemli kreditləri artırdı, iqtisadiyyata ciddi ziyan vurdu. Çox güman ki, kəskin addımlar, bir gecəlik devalvasiyalar olmayacaq. Yumşaq şəkildə manatın məzənnəsinin dəyərdən düşməsi ola bilər. 

Yeri gəlmişkən, manatın dollar qarşısında ən ucuz məzənnəsi 1,92 manat olub, təqribən o həddə qədər oynaqlığın olması mümkündür”.

N. Cəfərli bildirib ki, devalvasiyanın hansı səviyyədə olmağından çox şey asıldır:

"Manatın dəyərdən düşməsi 10 faiz civarında olacaqsa, bu, başqa bir effekt yarada bilər. Dolların məzənnəsi 2 manatı keçəcəksə, tamam fərqli effektin ortaya çıxması mümkündür. Amma bütün hallarda iki-üç hadisə var ki, onlar mütləq baş verəcək.

Birincisi, istənilən halda devalvasiya inflyasiya prosesini sürətləndirəcək. Çünki ölkə böyük həcmdə idxaldan asılıdır. Özümüz-özümüzü təmin edəcək sahə demək olar ki, yoxdur. Ərzaqdan tutmuş elektrotexnikaya, dərmana, uşaq yeməklərinə, avtomobil, ehtiyat hissəslərinə qədər bahalaşacaq, hətta son dövrlər benzini belə xaricdən almağa başlamışıq. Yəni, istənilən sahədə xaricdən asılılığımız var. Bu səbəbdən devalvasiya ciddi inlfyasiyaya səbəb olacaq”.

Ekspert hesab edir ki, ikinci, ən önəmli məsələ bank sektoru ilə bağlıdır. Onun sözlərinə görə, bank sektoru iki böyük devalvasiyadan sonra hələ də özünə gələ bilməyib və üçüncüsünə hazır deyil: "Ona görə də ən böyük zərbələrdən biri yenidən bank sektoruna dəyəcək. Bunun nəticəsində problemli kreditlərin həcmi sürətlə arta bilər. Dünyada problemli kreditlərin həcmi ümumi kredit portfelinin həcmində 3 faizdən çox olanda bu, ciddi problem hesab olunur. Azərbayanda rəsmi rəqəmlərə görə, problemli kreditlərin həcmi 16 faizdir. Yəni, beynəlxalq normalarda nəzərdə tutulandan 5 dəfə artıqdır”.

Digər əsas məsələ manata olan inamla bağlıdır. 

Ekspert qeyd edib ki, son zamanlar zəif də olsa, manata yaranan güvən depozitlərin həcmini artırmağa səbəb olmuşdu: "Eyni zamanda, manatla ticarət dövriyyəsi artırdı. Əgər növbəti devalvasiya baş verərsə, manata olan güvən yenidən itər. Manata olan güvənin sarsılması, həm manatla depozitlərin azalmasına, həm də əhalinin əlindəki manat kütəsinin sürətlə dollarlaşmasına gətirib çıxara bilər. Yəni, bu üç fundamental istiqamətlər üzrə Azərbaycan iqtisadiyyatında ciddi təlatümlər baş verə bilər”.

Bəs görəsən, hökumət qarşıdakı təhlükəni önləmək üçün nə planlaşdırır? Ümumiyyətlə, bundan çıxış yolu varmı?

Müsahibimiz deyir ki, hökumət pislə çox pis arasında seçim etmək qarşısında qalıb:

"Xatırlayırsınızsa, 2015-ci ildə çox pis varianta əl atdılar. Mərkəzi Bankın 15.6 milyard dollarlıq ehtiyatı var idi. Cəmi bir neçə aya 10 milyard dollar vəsait yox oldu, ehtiyatlar ciddi şəkildə azaldı. Qeyd etdiyim kimi, çox pis yol odur ki, bunu süni şəkildə saxlamağa çalışsalar da, saxlaya bilmirlər və valyuta ehtiyatları "əriyir”.

Pis yol isə odur ki, valyuta ehtiyatlarını qoruyurlar, manatın məzənnəsini müəyyən dərəcədə aşağı salaraq addımlar atırlar.

Yaxşı yol isə ondan ibarətdir ki, hökumət bu günə qədər qeyri-neft sektorunu inkişaf etdirməliydi ki, ölkənin xaricdən asılılığı azalsın, ixracat artsın, ölkəyə valyuta gətirən müxtəlif kanallar yaransın. Əgər bunlar baş verməyibsə, bu, artıq hökumətin təqsiridir. Neft pullarının gəldiyi 15 il ərzində istehsal sahələri yaransaydı, qeyri-neft sektoru inkişaf etsəydi, ölkədə istehsal bazası formalaşsaydı, indi belə vəziyyət yaranmazdı. Ona görə də hökumət bu dəfə çox pis yolla, pis yol arasında seçim etməyə məcbur olacaq. Yəqin ki, hökumət çox pis yolu seçməyəcək ki, valyuta ehtiyatlarını qorusun, pis yolu seçəcək ki, ağırlıq vətədaşların çiyninə düşsün”, – deyə N.Cəfərli əlavə edib.

Ekspert sonda diqqətə çatdırıb ki, istənilən halda hökumətin atacağı addım sosial gərginliyi artıracaq. İnflyasiyanın sürətlənməsi, qiymətlərin artması isə ölkə vətəndaşlarının sosial vəziyyətinə mənfi təsir göstərəcək.

Ölkəmizdə növbəti iqtisadi böhran başlaya bilər

Rövşən Ağayev: "Manatın real bahalaşmasının qarşısını almağın yeganə yolu üzən məzənnə rejiminə keçiddir”

İqtisadçı-ekspert Rövşən Ağayev isə öncə dolların manata nisbətinə nəzər salmağı məsləhət görüb. O bildirib ki, Azərbaycan manatının ABŞ dolları qarşısında nominal dəyəri ilin əvvəlindən dəyişməyib - 1.7 manat=1 ABŞ dolları məzənnəsi il boyu bankların valyuta alqı-satqısı lövhələrində qalıb. Onun qənaətincə, belə bir vəziyyətdə maliyyə naziri, ola bilər, milli valyutanın nominal olaraq deyil, real bahalaşması ilə bağlı narahatlığını dilə gətirib və həssas mövzu olduğu üçün xeyli müzakirə yaratdı.

Ekspert hesab edir ki, əslində manat real olaraq bahalaşıb:

"Mərkəzi Bankın məlumatına görə, qeyri-neft sektoru üzrə manat real olaraq 10 faizə yaxın bahalaşıb. 2015-ci ilin devalvasiya şokundan sonra bu səviyyədə bahalaşma olmamışdı. Məsələn, 2016-cı ildə real effektiv məzənnə 1 faiz ucuzlaşmış, 2017-ci ildə 4 faiz bahalaşmışdı. İndi isə birdən-birə 10 faizə yaxın real bahalaşma baş verir.

Sual oluna bilər ki, nominal məzənnə sabit qalırsa, manat real olaraq necə bahalaşa bilir?

Çox sadə. Bizim əsas ticarət partnyorumuz olan ölkələrdə milli valyutalar dəyərdən düşür, inflyasiyanın artım tempi isə milli valyutaların dəyərsizləşmə tempindən geridə qalır, nəticədə ixtiyari mal səbətini aparıcı valyutalarla (avro, dollar) almaq daha sərfəli olur. İqtisadi terminlərdən uzaq, asan anlaşılan bir izah: Türkiyədə 100 məhsuldan ibarət ixtiyari bir səbətin dəyəri 2018-ci ilin yanvarında 350 lirə, həmin dövrün nominal kursu ilə 100 dollar idi. Artıq 2018-ci ilin dekabrında həmin səbətin dəyəri inflyasiya nəticəsində 450 lirə olub - hazırkı məzənnə ilə 88 dollar. Göründüyü kimi, səbət 12 faiz ucuzlaşıb.

Eyni vaxtda Azərbaycanda bu səbət 166.7 manat idi - o zamanın kursu ilə 98 dollar. İl ərzində 2.5 faiz inflyasiya oldu və səbət 4.3 manat bahalaşaraq 171 manata və indiki məzənnə ilə 100.5 dollara yüksəlib. Nəticə nədir - il ərzində lirə real olaraq 12 faiz ucuzlaşıb, manat isə 0.5 faiz bahalaşıb. Belə vəziyyətdə həmin səbəti Türkiyədən idxal etmək əcnəbi üçün daha sərfəli olur. Yəni, Türkiyənin ixracı stimullaşır, paralel olaraq Azərbaycandan idxala maraq azalır”.

Bu səbəbdən də R. Ağayev maliyyə nazirinin arqumentini çox cəlbedici hesab edir və nazirə haqq qazandırmağı çox məntiqli sayır. Amma iqtisadçı qeyd edib ki, əgər Türkiyədən fərqli olaraq bizim həmin səbətə qoymaq üçün əmtəə istehsalı potensialımız çox məhdudursa, əksinə, həmin səbəti özün xaricdən idxal etməyə məhkumsansa, bu zaman vəziyyət dəyişir: "Olmayan, ya da çox az olan ixracını həvəsləndirmək istəyərkən, bu ixracdan 6 dəfə çox olan idxalını da bahalaşdırmış olursan. Bir sözlə, ixracın stimullaşdırılmasında məzənnə siyasətinin effektiv bir alət kimi istifadəsi o zaman səmərə verir ki, ixrac səbətinin çeşidi xeyli dərəcədə rəngarəng, daxili tələbatı ödədikdən sonra səbətə qoyacaq əhəmiyyətli həcmdə əmtəyə sahib olursan. Üstəgəl, milli valyutanın məzənnəsini təkcə əmtəə ticarətində deyil, həmçinin çeşidli xidmətlərin idxal-ixracında, qiymətli kağızlar və borc bazarlarında baş verən proseslər diqtə edir. Yenidən başa qayıdırsan, əhalini panikaya salıb əmanətlərini dollara çevirməyə, banklardakı pullarını geri çəkməyə, bankları manatla kreditdən imtina etməyə, iqtisadiyyatı ikirəqəmli inflyasiya ilə yaşamağa məhkum buraxırsan.

Çox uzatmaq istəmirəm, manatın real bahalaşmasının qarşısını almağın yeganə yolu üzən məzənnə rejiminə keçiddir. Bu rejim isə yalnız o zaman mümkün olacaq: tədiyə balansı çərçivəsində ölkəyə gələn valyuta axınlarında neft-sektorunun hazırkı 75 faizlik payını heç olmasa, 25-30 faizə endirmək mümkün olsun”.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı