Qarabağ cəbhəsində lokal hərbi əməliyyatlar başlaya bilər - Başqa həll yolu qalmayıb + RƏYLƏR

img

08-12-2018 [22:37]


Dekabrın 5-də İtaliyanın Milan şəhərində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk qrupunun həmsədrləri və Ermənistanın XİN rəhbəri vəzifəsini icra edən Zöhrab Mnatsakanyan ilə görüşü olub.

Üç saatadək davam edən görüşdə tərəflərin bir-birilərinin mövqeyini daha yaxşı anlaması baxımından faydalı danışıqlar aparılıb. Bu formatda danışıqların yaxın gələcəkdə, böyük ehtimalla gələn ay davam etdirilməsi barədə razılıq əldə olunub.

ATƏT-in Minsk qrupunun həmsədr ölkələri, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Zöhrab Mnatsakanyan Dağlıq Qarabağ münaqişəsinin ədalətli və davamlı sülh yolu ilə həlli istiqamətində işlərin davam etdirilməsinə razılıq veriblər. Bu barədə Milanda keçirilən ATƏT Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin, Azərbaycanın və Ermənistanın nümayəndə heyətləri rəhbərlərinin birgə bəyanatında deyilir. Həmsədr ölkələr atəşkəsin pozulması hallarının xeyli azalmasını alqışlayıblar.

Ermənistanın mövqeyi Qarabağda müharibəni qaçılmaz edib
Qabil Hüseynli

Mövzu ilə bağlı fikirlərini Reyting.az-la bölüşən sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli deyib ki, bu görüşdən ciddi nəticələr gözləmək yersizdir. Onun sözlərinə görə, müzakirələr və nəticəsi də göstərib ki, ortada hər hansı real danışıq predmeti yoxdur: "Görüş üç saat çəkib, müxtəlif məsələləri müzakirə ediblər. Erməni tərəfdən danışıqlar prosesində hər hansı təklif irəli sürülməyib. Onlar yeni yanaşma cəhdlərini özlərindən deyil, Azərbaycandan gözləyirlər. Daha doğrusu, yeni yanaşma deyəndə onlar qarşılıqlı kompromisi nəzərdə tuturlar. Bir məsələ var ki, Azərbaycan tərəfinin kompromisə gedəcəyinə yer qalmayıb. Azərbaycan təklifini irəli sürüb ki, ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağa Muxrat Respublika statusunu verməyə hazırdır. Bu da əvvəlcədən ölkə prezidenti tərəfindən bəyan edilib. Yəni, Azərbaycanın kompromis limiti bəllidir. İndi onların yeni yanaşmalardan dəm vurmasının altında nələr gizlənir, hələlik söylənilmir. Sadəcə, danışıqlar prosesinin davam etdirilməsi barədə ümumi bir bəyanat yayılıb. Bu bəyanat da həmişə yayılan bəyanatların təkrarı təsirini bağışlayır. Belə demək mümkündürsə, danışıqların davam etdirilməsindən başqa müsbət bir şey görmək çətindir. Ermənilərin siyasi manevrlər edərək vaxt qazanmaq cəhdləri də ortadadır. Buna görə də, hələ ki, Ermənistan tərəfinin konstruktiv addımlarının şahidi olmuruq”.

Politoloq onu da qeyd edib ki, Ermənistan Azərbaycandan güclü təzyiq görməlidir. Yalnız bu halda ermənilər silkələnərək kimlə üz-üzə olduğunu anlaya bilər: "Bu təzyiqlərdən biri Azərbaycanın sürətli ordu quruculuğu, hərbi potensialın artırılmasıdır. Çünki diplomatiyanın arxasında güc olanda daha təsirli olur və effektli işləyir. Eyni zamanda, vasitəçilərin də təsirli addımlar atması vacibdir. Elə etmək lazımdır ki, "siyasi xaltura”dan söhbət gedə bilməsin. Amma, hələ ki, bu məsələni o səviyyəyə çatdıra bilməmişik.

Mənə belə gəlir ki, erməni tərəfinə ciddi qulaqburması verilməyincə, Qarabağ cəbhəsində lokal savaşın gündəmə gətirilməsi olmayınca, ermənilər ağıllarını başlarına cəm etməyəcəklər. Amma bu münaqişədə Rusiya faktoru var. Rusiya bu məsələdə ciddi şəkildə Ermənistanın tərəfini tutmaqda, Azərbaycanın isə əl-qolunu bağlamaqdadır. Mənim zənnimcə, Azərbaycan Ordusu Rusiya faktoruna fikir vermədən lokal xarakterli hərbi əməliyyatları tez-tez təkrar etməlidir. Ağdam, Tərtər, Füzuli istiqamətində lokal hərbi əməliyyatlarla düşmənin nəfəsini kəsmək, müəyyən qədər ağıllandırmaq olar”.

Ermənistanın mövqeyi Qarabağda müharibəni qaçılmaz edib
Mütəllim Rəhimli

Ədalət Partiyasının sədr müavini, politoloq Mütəllim Rəhimli isə qeyd edib ki, dekabrın 5-də İtaliyanın Milan şəhərində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk qrupunun həmsədrləri və Ermənistanın XİN rəhbəri vəzifəsini icra edən Zöhrab Mnatsakanyan ilə görüşünün yeni məzmun və mahiyyət daşıdığını iddia etmək tamamilə yanlışdır: "Bu, görüş xatirinə keçirilmiş görüşdür. Əvvəla ona görə ki, qarşı tərəfi tam səlahiyyət sahibi hesab etmək mümkün deyil, ola bilsin ki, Mnatsakanyan bir ay sonra Ermənistanın xarici işlər naziri vəzifəsini icra etməsin.
Digər tərəfdən, xarici işlər nazirləri bu məsələnin həllində qərar vermək səlahiyyətində deyillər. Onlar uzağı söz aparıb gətirmək işinə baxa bilərlər.

Üçüncüsü, Ermənistanda iqtidar hələ tam formalaşmayıb, bu ölkə seçkilər ərəfəsindədir. Deməli, heç bir ciddi qərar verə bilməz və onların hər hansı qərarını da ciddiyə almaq siyasi cəhətdən yanlışlıq olardı.

Dördüncüsü, ATƏT həmsədrlərinin vasitəçiliyi ilə görüşün keçirilməsi də onun effektivsizliyindən xəbər verir. ATƏT problemin həllində "xalqların öz müqəddəratını həll etmək hüququ”nu da əsas prinsip kimi qəbul edir. Bu isə heç vaxt imkan verməz ki, Qarabağ məsələsi ədalətli həll edilsin.

Beşincisi, baş nazir vəzifəsini icra edən Paşinyan problemin həlli ilə bağlı kəskin mövqeyini ortaya qoyub və heç bir güzəşt olmayacağını bildirib. İndi danışıqlara getməklə belə bir təəssürat yaranır ki, Azərbaycan xahiş edir ki, gəlin, görüşüb danışaq, bu bizim ölkənin daxili ictimai rəyi üçün vacibdir. Beləliklə, problemi həll edə bilməyən Azərbaycan hakimiyyəti onun üzərində imitasiya etməyə çalışır”.

Politoloq nəzərə çatdırıb ki, bizim iqtidarın danışıqlara bu qədər önəm verməsi anlaşılmazdır. "Axı biz problemin həllində nəyi müzakirə edə bilərik? Axı hər şey aydındır. İlk növbədə Ermənistan işğal olunmuş torpaqları azad etmək niyyətini ortaya qoymalıdır ki, bundan sonra danışıqlara gedib detalları müzakirə edəsən. İndiki halda Azərbaycan hakimiyyətinin danışıqlarda iştirak etməsi təslimçilikdən başqa bir şey deyil”, - deyə M.Rəhimli fikrini tamamlayıb.

Ermənistanın mövqeyi Qarabağda müharibəni qaçılmaz edib
Fərəc Quliyev

Milli Məclisin dünən keçirilən iclasında çıxış edən deputat Fərəc Quliyev isə deyib ki, Ermənistana qarşı hər hansı güzəştdən söhbət gedə bilməz: "Bu yaxınlarda Azərbaycan və Ermənistan xarici işlər nazirləri ATƏT-in Minsk qrupu ilə birlikdə bəyanat qəbul etdilər. Ermənistan ATƏT-in Minsk qrupu tərəfindən sakitlik bəyanatı istəyirdi ki, biz tezliklə məsələləri həll etmək üçün söz verək və onlar da öz işlərini davam etdirsinlər. İrəvanda "Lazerev klubu”nun məlum toplantısı zamanı ATƏT-in Minsk qrupunda bir vaxtlar Rusiyanı təmsil edən Vladimir Kazimirov çıxış etdi. Onlar institutlaşmış şəkildə Azərbaycana qarşı mövqe sərgiləyirlər”.

Deputat bildirib ki, bizim atəşkəş barədə fərqli mövqeyimiz olmalıdır: "Biz hansı atəşkəsdən danışmalıyıq? Bizim ərazilərimiz işğal olunub. Biz o zaman atəşkəs elan etməliyik ki, düşmən tərəf sərhədlərinə çəkilsin və o zaman biz düşmən tərəfə atəş açmamaqla bağlı öhdəlik götürə bilərik. Biz indi atəş açmalıyıq. Hesab edirəm ki, əslində atəş dayanmamalıdır. Biz o vaxt atəşkəslə bağlı razılaşmaya çatmışdıq ki, müəyyən dövr ərzində ATƏT-in Minsk qrupu və digər orqanlar işlər görsünlər. Qarabağda erməni təyyarələri hərbi əməliyyatlar keçirirdilər. Bizim Müdafiə Nazirliyi tərəfindən də bəyanat verildi ki, təmas xəttində təhlükə törədərlərsə və ya keçərlərsə onları vuracağıq. Başa düşmürəm, bizim sərhəd xəttimiz təmas xəttidir?”.

F. Quliyevin sözlərinə görə, Azərbaycan sərhədini keçən düşmən tərəfin vasitələri vurulmalıdır. "Ona görə hesab edirəm ki, işğal olunmuş ərazilərimizlə bağlı fərqli mövqe ortaya qoymalıyıq”.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq