İNTİHAR HAQDA

img

30-11-2018 [13:04]


Allah bizi yaradanda, yaratdığı mühiti də bizə uyğun yaradıb. Məsələn, təbiətdə elə bir işıq mənbəyi yoxdur ki, ona baxan kimi gözümüz kor olsun.Yer kürəsində elə bir səs mənbəyi yoxdur ki, o səsdən kar olaq. Belə misalları davam edə bilərəm. Amma insan özü elə süni işıq mənbəyi düzəldib ki, baxan kimi kor olar. İnsan elə səs mənbəyi düzəldə bilər ki, o saat kar olarsan.

Eyni zamanda, Allah təbiəti bizdən qorumaq üçün insanın fiziki və psixoloji imkanlarını məhdudlaşdırıb. Məsələn, biz hamımız dəqiq bilirik ki, bir ton yükü qaldıra bilmərik. Əminik ki, 50 metr uzunluğa heç kim tullana bilməz, buna bizim sümük-əzələ sistemimiz hesablanmayıb.

Təəssüf ki, biz psixoloji imkanlarımızın da məhdud olduğunu bilmirik! Bu səbəbdən də çox böyük psixoloji "yükün" altına giririk. Bu ifrat yüklənmə uzun müddət davam edirsə, beyin özünü aşırı gərginlikdən xilas etmək üçün səbəbkara "intihar" komandası verir! Beyin bunu yeganə çıxış yolu kimi görür!

Nə etməli? Daha doğrusu, necə olmalı? İnsan bilməlidir ki, onun fiziki gücü məhdud olduğu kimi, psixoloji dayanıqlığının da bəlli sərhədi var! O öz həyatını, arzu və istəklərini də bu çərçivəyə uyğun qurmalıdır – "Bunu, bunu edə bilirəm, bunu da imkan olsa, yavaş-yavaş edərəm!” Sadədən mürəkkəbə! Xırda addımlarla, tələsmədən, nəfəsini dərə-dərə! "Bunları heç vaxt bacarmayacağam, mənə heç lazım da deyil”, – deməyi bacarmaq lazımdır. Bilirsiniz niyə insan qaşıqla yeyir? Çünki qaşıq ağızın ölçüsüdür. Sən çömçəni ağzına aparsan da, elə bir qaşıq qədər keçəcək! İnsan qalan hallarda da öz qaşıq ölçüsünü tapsa, xoşbəxt yaşayar. Eyni zamanda yanlış dəyər­lərdən qurtula bilmirik. Çox insan müvəffə­qiyyəti villada, bahalı maşında, böyük bank hesab­larında görür. Bunların olmamasını öz uğursuz­luğu kimi qiymətləndirir. Bunlardan ötrü canı fəda etmək olmaz! Bunlar yanlış dəyərlərdir.

Şükür etmək və bunu ürəkdən qəbul etmək lazımdır. Günəşə, çiçəyə, sərin mehə, sevdiklərinizin minnətdar baxışlarına sevinmək lazımdır! Halal quru çörəyin ləzzətini haram milyonlar verməyəcək! Nə bu dünyada, nə də o dünyada!

Hər şeyə sakit yanaşın. Çətinliklərə də Allahın sizə olan mərhəməti kimi baxın. O yalnız sevdiklərini çətinliklərlə sınayır!

Allah bizləri qoruyur, biz də çalışıb bu işdə ona kömək olaq!

Statusman (Hümbət Həsənoğlu)

Birlik.az



Digər xəbərlər
SON XƏBƏRLƏR