"Gömrük Komitəsinin fəaliyyəti daha ciddi araşdırılmalı və..." - Ekspertlərdən rəylər

img

20-11-2018 [18:25]


Noyabrın 3-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə başda olmaqla, geniş tərkibli Azərbaycan nümayəndə heyəti xüsusi reyslə İspaniyanın paytaxtı Madrid şəhərinə yola düşərkən BDU-nun rektoru, akademik Abel Məhərrəmovun 2 ton çaxır apaması bu gün də mətbuatda və ictimaiyyət arasında müzakirə mövzusu olaraq qalır.

Hansı ki, məhz bu şərab məsələsindən sonra BDU-nun rektoru öz vəzifəsindən uzaqlaşdırıldı.

"Hüriyyət"in məlumatına görə, BDU-nun keçmiş rektorunun şərab biznesi sosial şəbəkələrdə daha çox müzakirə olunsa da, burada diqqəti şəkən məqam Dövlət Gömrük Komitəsinin, Dövlət Sərhəd Xidmətinin və digər qurumların Şeyxin Airbus-319A təyyarəsinə yüklənən 2 ton çaxırın qeyri-qanuni yolla İspaniyaya yola salnmasına göz yummasıdır. Necə olur ki, aksiz markası olmayan bu qədər yük çəlləklərdə Madridə yola salınır, adıkeçən aidiyyatı qurumların isə bundan xəbəri olmur?

Aydın görünür ki, Abel Məhərrəmovun bu çaxır ticarəti təzə deyilmiş, amma indiyə kimi aidiyyatı qurumlar buna göz yumub.

Xatırladaq ki, mətbuatın yaydığı məlumata görə, Airbus-319A təyyarəsi ilə uçmağa hazırlaşan nümayəndə heyəti öz yerini tutduqdan sonra təyyarə 2 saata qədər havaya qalxa bilməyib. Buna səbəb isə sərnişinlərdən birinin - nümayəndə heyətinin tərkibində yer alan BDU-nun rektoru, akademik Abel Məhərrəmovun 2 tonluq baqajı olub. Səfər iştirakçıları noyabrın 10-da Madriddən qayıdanda da eyni hadisə ilə üzləşməyə məcbur olublar. Yalnız A.Məhərrrəmova və onun ölkəmizin İspaniya Krallığındakı səfir işləyən oğluna məxsus 2 tona qədər yük boşaldıldıqdan sonra təyyarənin uçuşuna icazə verilib.

Abel Məhərrəmovun İspaniyaya 2 ton çaxır apaması ilə bağlı keçmiş deputat Nazim Bəydəmirli "Hüriyyət”ə dedi ki, o, deyilənlər bağlı fərqli fikirdədir: "Təqdim olunan informasiyalara görə, buradan boçkalarla çaxır aparılıb, orada şüşələrə süzülüb, geri qaytarılıb. Mən bu fikirləri bölüşmürəm. Bunun iqtisadi səmərəliliyinə inanmaq çox çətindir və bunun daha sadə yolu var. İspan çaxırı adı altında burada da o çaxırı "istehsal” etmək olardı. Yəni bu məsələnin belə olduğuna mən inanmıram. Oradan ispan çaxırının daşınması prinsipcə inandırcı görünür. Ancaq buradan çaxırı aparıb orada istehsal edib, geri qaytarılması çox mürrəkəb mexanizmdir. Bu, bir şeyə iki dəfə xərc çəkməkdir. Ona görə də bunun iqtisadi səmərəliliynə mən inanmıram”.

N.Bəydəmirli dedi ki, Azərbaycanda rektorlar daxil olmaqla vəzifəli şəxslərin qeyri-qanuni sahibkarlıq fəaliyyəti ilə məşğul olması sirr deyil: "Bu, təkcə hörmətli akademik Abel Məhərrəmova aid deyil və mən onun ətrafında baş verənlərdən görürəm ki, mətbuata sızdırılan səhvi bir az şişirdilib. Burada daha böyük problemlər var. Əvvəldən də bu problemlər var idi. Ümumiyyətlə, məmurun sahibkarlıqla məşğul olması Azərbaycanda çox ciddi problemdir. Bu gün mən yenə də bir status yazmışam. Gömrük Komitəsinin sadəcə rəqəmlərini analiz etmişəm. 5 il bundan qabaq verdikləri Əlavə Dəyər Vergisinin hesabatı və gələn ilə proqnozlaşdırılan Əlavə Dəyər Vergisini müqayisə etmişəm. Təkcə bunu müqayisə etmək əsas verir ki, gömrükdən yalnız bir vergi növü üzrə yayındırmalar əvvəlki illərə nisbətən milyarddan yuxarıdır. O baxımdan, mən hesab edirəm ki, Gömrük Komitəsinin fəaliyyəti təkcə çaxır kontekstində yox, daha ciddi araşdırılmalı və ciddi islahatlar aparılmalıdır. Bu islahatlar Gürcüstan modeli olaraq Gömrük Komitəsinin ləğv olunması, onun Vergilər Nazirliyinə birləşdirilməsi və onun vətəndaşlara xidmət səviyyəsinin yüksəldilməsidir”.

Hüquqşünas Namizəd Səfərov isə qeyd etdi ki, hakimiyyət Abel Məhərrəmovla bağlı şayiələrin yayılmasında maraqlı görünür: "Son günlər kütləvi informasiya vasitələlərində Abel Məhərrəmovun gömrük nəzarətindən yayınmaqla həyata keçirdiyi çaxır daşınmaları barədə söhbət gedir. Çox təəssüf ki, hakimiyyət bu məsələdə susqunluq yaratmaqla, şaiələrin daha da yayılmasına imkan yaradır. Normal ölkələrdə bu hallar baş veribsə, prokurorluq tərəfindən istintaq aparılır, təqsiri olan şəxslər cəzalandırılır. Bizdə isə bunların heç biri yoxdur. Çünki ölkədə qanunsuzluq baş alıb gedir. Yəni təkcə Abel Məhərrəmov yox, digər məmurlar da qeyri-qanuni biznes, istehsal fəaliyyəti ilə məşğul olur. Abel Məhərrəmov faktı ölkənin bütün məmurları üçün xarakterik olan haldır. Bütün nazirlər aşkar heç nədən çəkinmirlər, o cümlədən universitet rektorları da, akademiyanın rəhbərliyi də heç biri öz işi ilə məşğul deyil. Sadəcə olaraq vəzifləri tutublar, bacarıqları və imkanları çərçivəsində ölkəni dağıtmaqla məşğuldurlar. Hakimiyyət də buna göz yumur. Onların korrupsiya əməllərinə bulaşmasında maraqlıdır. Çünki onlar bu əməlləri ilə özlərini hakimiyyət qarşısında qula çevrirlər, qanundan danışmağa da dilləri olmur. Müvafiq halda o faktlardan biri ifşa olunub. Son 25 ildə yüzlərlə məmurun qanunsuz fəaliyyəti ifşa olunub. Sadəcə olaraq bu məsələlər ictimaiyyət arasında, sosial şəbəkələrdə müzakirə olunmaqla yekunlaşır və yaxud yalandan cinayət işi qaldırıb bir şəxsi tutublar, əsas faktlar isə örtülü qalıb. Amma normal ölkədə bu hadisə ilə bağlı prokurorluq cinayət işi qaldırmalı, istintaq aparmalıdır. Bütün hallar istintaq ərzində aşkar olunmalıdır. Sonda aparılan istintaq nəticəsində hər kəsin əməlinə hüquqi qiymət verilməlidir. Abel Məhrrəmovun da sərhəd xidmətindən, gömrükdən dəfələrlə yayınmış daşınmaları araşdırılmalıdır. Bu şəxslərin əməllərində cinayət tərkibi varsa, məsuliyyətə cəlb olunmalıdır. Əlbəttə ki, söhbət normal ölkələrdən gedir, bu ölkədən yox. Mən əminəm ki, digər faktlarda olduğu kimi bu fakt da araşdırılmayacaq. Kimi istəsələr işdən çıxarıb cəzalandıracaqlar, məsələnin mahiyyəti isə gizli olaraq qalacaq”.

N.Səfərovun fikrincə, Abel Məhərrəmov nəinki çaxır və ya pivə istehsalı ilə məşğul olduğu, hətta digər 100 hoqqadan çıxdığı aşkar olunmuş olsaydı belə, onu vəzifədən çıxarmazdılar:"Çünki ölkənin bütün məmurları bu kimi əməllərlə məşğuldur və bunu hamı bilir. Abel Məhərrəmov yalnız ona görə vuruldu ki, o, sərxoş olub, hakimiyyətin çestinə toxunan ifadə işlədib. Abel İspaniya istehsalı olan çaxırın təsiri altında olduğu zaman qeyri-ixtiyari ağzından söz qaçırıb ki, mən ölkədə içtimai-siyasi sabitliyi poza biləcək, çox minli tələbə və ziyalının çalışdığı universitetin rektoruyam. Bununla da Abel Məhərrəmovun kitabı bağlanıb”.

İqtisadçı Natiq Cəfərli isə vurğulayıb ki, Azərbaycandan çəlləkdə şərab aparıb, onu İspaniyada şüşəyə doldurub geri gətirmək məsələsi nağıldır: "Bu, iqtisadi məntiqə ziddir. Avropa Birliyi ölkəsi olan İspaniyaya sənədsiz, sertifikatsız 2 ton şərab keçirmək mümkün deyil. İspaniyada olmuş adam kimi deyim ki, topdansatış bir qırağa, mağazada, pərakəndə satışda çox da baha olmayan qiymətə normal şərab var. Buradan şərab aparmaqdansa, oradan etiket gətirib, burada şüşəyə yapışdırmaq daha asan və məntiqli olardı”.

"Məhərrəmovlar ailəsi gömrükdən yan keçirməklə İspaniyadan şərab gətirib burada satırlarmış”

"Çox güman ki, Məhərrəmovlar ailəsi gömrükdən yan keçirməklə İspaniyadan şərab gətirib burada satırlarmış, gömrük rüsumu və ƏDV ödəmədən bunu illərlə edirlərmiş və bu sahədə inhisarçılıq qurublarmış. Bu, daha məntiqli izahdır”,-deyə iqtisadçı iddia edir.

N.Cəfərli onu da əlavə etdi ki, bu gün Bakıda onlarla "Şərab evi” mağazaları var: "Hər gün yeniləri açılır, orada satılan məhsulların böyük əksəriyyəti boynuyoğun məmurların nəzarəti altında, rəsmi qeydiyyatdan yan keçməklə, ölkəyə gətirilən məhsullardır. Və bunu ölkədə bilməyən yoxdur, sadəcə kim kreslodan qopardılırsa, onların zibilləri üzə çıxır. Kreslo məmləkətdə əyləşmək üçün deyil də, qanunları minmək üçündür. Kreslo zirehdir, qoruyucu vasitədir, məhz buna görə bizdə məmurlar kreslolarını sevir, onlarla diffuziya əlaqəsinə girir, qopmaq istəmirlər”.

Şamo EMİN,

Hurriyyet.org


Digər xəbərlər
SON XƏBƏRLƏR