Sevgi, həsrət və gözəllik...

img

17-11-2018 [18:33]


Taleh Cavadlı 1995-ci ilin iyul ayında  İmişli rayonunun Xəlfəli kəndində təvəllüdlənib. Uşaqlıq illəri kənd həyatının romantik dünyasında boy atıb. 

Yaşadığı ərazidən sehrlənərək keçən Kür-Araz çayları, Mil-Muğan   qovşağının ecazkar gözəllikləri, Aranın bioloji mənzərəsi qəlbinə, ruhuna, peşə seçiminə hakim olub.  

İçində boy atan ədəbi dünya Sumqayıt Dövlət Universtetinin biologiya  fakultəsində (2009-2012) tələbəlik illərində misra-misra ucalıb. Vətən sevgisi, Qarabağ həsrəti, təbiət gözəllikləri, ilahi məhəbbət, dağ-aran yollarının şirinliyi bu ucalıqda öz əksini tapıb...

Taleh Cavadlı İmişli rayonunun Əliqulular kənd tam orta məktəbində biologiya müəllimidir. Pedaqoji ictimaiyyət onu yaxşı müəllim kimi, ədəbi mühüt isə istedadlı şair kimi tanıyır. 

Hər misrasında sevgi, həsrət, gözəllik və ilahi məhəbbət tərənnüm olunan şairin bir neçə şerini sizə təqdim edirik:

    Yollar

Bəzən istəyirəm getdiyim yollar
Uzansın,uzansın
Sonu olmasın.
Məni hərdən
Düşüncələrdən
O ayırmasın..
Gedirəm elə şirin xəyalla
Gəzirəm dərin fikirli halla
Unuduram özümü
Bəzən olur sözümü
Pıçıldaram dilimdə
Özümdən xəbərsiz.
Baxıram adamlara
Gedən də var,gələn də var
Danışan da,gülən də var.
Həm əl-ələ tutan da var
Görəsən mənim kimi
Özünü unudan da var?
Düşünürəm...Düşüncəmlə
Yaşayıram
Özümlə min bir istək
Daşıyıram.
Ancaq bir qorxu qalxır
Öz içimdə
Sanki çatıb dayanmışam
Öz küçəmdə
Yollar bitib,sona çatıb
Beyin yatıb,ürək yatıb
Qorxuram,hətta belə düşünürəm
Göydə Günəş,hava isti,üşünürəm
Düşündükcə, öz-özümlə
Danışıram,mən dinirəm
Tək Günəşlə deyil ki,mən
Düşüncəmlə isinirəm.

Nə olar insaf edin
Yollar
Biraz uzanıb gedin
Yollar.
Çatdırmayın məni mənzil başına
Qorxuram ki,xəyallarım daşına
Yaşanmaqdan,yaşanmaqdan
Mənimlə bir daşınmaqdan
Gələcəyə
Qorxuram.
Mən bir anlıq
Durxuram.
Öz-özümlə dalaşıram
Düşüncəmi dolaşıram
Bu dünya mənə evə çatmağa
Bir uzanan yol verib
Hər yol özündən sonra
Neçə qanad,qol verib.
Axı hər yol doğma deyil
Elə yol var sanki mənə
Öz içimə sığma deyir.
Uzaqlaşıram,uzaqlaşıram
Öz bildiyim,dolaşdığım
Yollarıma
Düşünməkçün yaraşdığım
Yollarıma.
Heç vaxt məndən inciməyən
Yollarıma
Söyüd əyən,incil əyən
Yollarıma...

Yoxa çıxır düşüncəmlə
Olan davam
Hələ yolum qurtarmayıb
Edir davam.
Öz yollarım,öz yollarım
Sizdə başlar söz yollarım
Hələ tezdir mənzil üçün
Tələsməyin
Düşüncəmi yarı yolda
Siz kəsməyin
Yollar,yollar,yollar...
Özünüzlə gələcəyə aparın məni
Bacarsanız bu dünyadan qoparın məni
Yollar,yollar,yollar...

                                                           Qadın
Min qadının ürəyini
Bu dünyada qırmaq asan
Bir qadının ürəyində
Yaşanmağı bacarasan.
Güldürəsən çöhrəsini
Gözlərinə qəm qonanda
Əridəsən ürəyində
Fikirləri buz donanda.
Qadın gərək bu həyatda
Qayğı görə,diqqət görə
Elə etmə bir otaqda
Gizlin-gizlin köks ötürə
Qadın güldür ehmal ol ki,
Ləçəkləri tökülməsin
Qapısını asta bağla
Qoy qəlb evi sökülməsin.
Qadın ki var bu həyatda
Sadiq bilə bir kişini
Ev-eşikdə elə görər
Sevə-sevə hər işini
Yaxşı demiş Hüseyn Cavid
"Qadın gülsə şu işsız
Mühitimiz güləcək
Sürüklənən bəşəriyyət
Qadınla yüksələcək”.
Qadın evin bərəkəti
Qadın evin işığıdır
Gözəlliyi,bər-bəzəyi
O bir yaraşığıdır.
Bilsin bunu dünya aləm
Sözüm bütün cahanadır
Qadınları incitməyin
O cəfakeş bir anadır.       


                   Yaman düşündürür suallar məni

Bilmirəm nə üçün bağlandım sənə,
Qəlbimdə sevginlə yaşadım necə?
Özüm ağırlıqda dərd verdin mənə,
Dərdimlə boğuldum hər ötən gecə.

Gecələr rahatlıq tapmadım inan,
Onda xəyalınla üz-üzə qaldım.
Mən oldum həsrətdən alışan,yanan,
Səadət  eşqiylə xəyala daldım.

Qorxurdum qəlbimin döyüntüləri,
Bir gün axırıma çıxacaq mənim.
Sevgimi məhv edən üzüntüləri,
Deyirdim ümidim yıxacaq mənim.

Ancaq ümidim də yıxa bilmədi,
Sənli xatirələr qaldı önümdə.
Ömrümdən adını qəlbim silmədi,
Ömrüm yaşanırdı ötən günümdə.

Sənsiz darıxırdım,hər gecə yaman,
Bir tək isidərdi  xəyallar məni.
Niyə unutmadım səni heç zaman ?
Yaman düşündürür suallar məni?..


 Nə vaxtki səninlə göz-gözə gəldim

Yox oldu qəlbimdən qüssə,kədər,qəm
Nə vaxtki səninlə göz-gözə gəldim
Zülmət gecələrim gündüzə döndü
Nə vaxtki səninlə göz-gözə gəldim

Ömrüm xoşbətliyi qucmaq istədi
Tənhalıq əlindən qaçmaq istədi
Qəlbim qanadlanıb uçmaq istədi
Nə vaxtki səninlə göz-gözə gəldim

Gözlərim narahat gəzdi, dolaşdı
Səni gördüyündə çox rahatlaşdı
Hisslərim dalğatək kükrədi, daşdı
Nə vaxtki səninlə göz-gözə gəldim
Eşqim Günəş kimi şəfəqlər saçdı
Önündən buludlar yox oldu,qaçdı
Ruhum cavanlaşdı,gül-çiçək açdı
Nə vaxtki səninlə göz-gözə gəldim

Ömür təzələndi,gün təzələndi
Qəlbimə məhəbbət nuru ələndi
Gözündən gözümə eşq səpələndi
Nə vaxtki səninlə göz-gözə gəldim..

Səxavət Tağlar, 
AYB-nin Aran bölməsi üzrə məsul katib, yazıçı

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR