Rəsmi Bakıdan kəskin bəyanat: "Bu yanaşma Azərbaycanı Fransa ilə əlaqələri nəzərdən keçirməyə vadar edir"

img

15-11-2018 [19:59]


"Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin rəhbəri kimi özünü təqdim edən Bako Saakyanın Fransaya səfəri oyuncaq qurumun beynəlxalq səviyyədə təşviq edilməsinə yönələn növbəti bir uğursuz cəhddir".

Mia.az xəbər verir ki, bu sözlər Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma separatçı rejimin rəhbəri Saakyanın Fransaya səfərinə dair Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda yer alıb.

Bəyanatda bildirilib ki, bu səfərin həyata keçirilməsi üçün imkan yaradan və qanunsuz rejimin nümayəndələrini qəbul edən Fransa bu addımı ilə nəinki Azərbaycan və Fransa arasında mövcud olan ikitərəfli əməkdaşlıq münasibətlərinin ruhuna və imzalanmış Sazişlərin dilinə uyğun davranmır, o eyni zamanda beynəlxalq hüququn norma və prinsiplərinin aliliyinə və öz üzərinə götürdüyü beynəlxalq öhdəliklərə hörmətsizlik nümayiş etdirir:

"Fransanın Azərbaycanın işğal edilmiş torpaqlarında yaradılmış qondarma rejimin təbliğinə şərait yaratması bu ölkənin BMT Təhlükəsizlik Şurasının daimi üzvü və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesində vasitəçilik edən ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biri qismində obyektivliyini və qərəzsizliyini ciddi sual altına alır".

Azərbaycan XİN bəyan edir ki, Fransanın Azərbaycanın ərazilərinin işğalı və yüz minlərlə Azərbaycanlının qanlı etnik təmizləməyə məruz qalmasında bilavasitə əli olan insanların təntənəli şəkildə qəbul edilməsinə icazə verməsi, bu ölkənin Azərbaycan ictimaiyyətində nüfuzuna ciddi zərbə vurur: "Azərbaycan qeyd olunan məsələ ilə bağlı Fransa tərəfinə diplomatik kanallarla qəti etirazını bildirəcəkdir. Fransa tərəfindən davamlı əsasda yürüdülən və ikili standartlara əsaslanan bu yanaşma Azərbaycanı Fransa ilə əlaqələri nəzərdən keçirməyə vadar edir".


Digər xəbərlər
SON XƏBƏRLƏR