“26 ildir kirayədə yaşayıram...” - Tanınmış xanım jurnalistlə müsahibə

15-11-2018 [11:32]
AzNews.az saytının müxbiri Bahar Rüstəmli Modern.az-a müsahibə verib. MİA.az həmin müsahibəni təqdim edir:

- Bahar xanım, jurnalistikaya gəlməyə sizi nə cəlb etdi?

- Tələbəlik illərində ətrafım ancaq jurnalistlərdən ibarət idi. O zaman mətbuatda ən diqqət çəkən sahə araşdırma mövzuları idi. Elə mövzular vardı ki, onu araşdırmaq aylarla vaxt aparırdı. Tələbə dostlarım söhbət əsnasında belə araşdırmaları müzakirə edirdi. Hətta bəzən hər hansı bir şəxslə görüş təyin edəndə mən də onlarla gedirdim. Onların müsahibləri, söhbəti məndə bu sahəyə maraq oyatdı. Bəzən söhbətə mən də qarışırdım. O vaxtdan 25 ildir ki, Azərbaycan mətbuatındayam.

- Uzun müddətdir jurnalist işləyirsiniz, bəs nə zamansa başqa sahəyə keçmək istəmisiniz?

- Üst-üstə 25 il... Haradasa bir insan ömrü... Jurnalistlik fəaliyyətim əsasən "Yeni Azərbaycan”, "Reytinq” qəzetləri və "AzNews.az” informasiya portalında işıqlanıb. Adlarını çəkdiyim mətbuat orqanlarında, xüsusilə də "Reytinq” və "AzNews.az”da işlədiyim illərdə bəzi müsahibələrimdə və araşdırma mövzularımda təzyiqlərə də məruz qalmışam. Bununla belə bu peşədən heç bir zaman bezmədim. Əksinə, hər dəfə kiminsə şikayətini dinləyəndə və hiss edəndə ona kömək etmişəm, problemi həll olunub, bu isə mənə rahatlıq verib.

- Jurnalistikanın həyatınıza hansı təsirləri olub?

- Yaxşı, arzuladığım həyat tərzindən söhbət gedə bilməz. 25 ildir gecəmi gündüzümə qatıb, istirahət bilmədən işləyirəm. Amma buna baxmayaraq, 26 ildir ki, kirayədə yaşayıram. Sonsuz sayda çətinliklərim olub. Həmişə səbr edib, reallıqla barışmışam. Bu çətinliklərə baxmayaraq, peşəmi sevirəm. Əsas odur ki, tanınırsan, sevilirsən, sənə hörmət edirlər.

- Yazdığı yazılar, müsahibələr jurnalist üçün əzizdir. Ən çox bəyəndiyiniz müsahibəniz kiminlə olub?

- Əlbəttə. Bütün müsahibələrim mənim üçün əzizidir. Azərbaycan mətbuatında yazılarımla tanınmışam. Bu müddət ərzində məni deyib redaksiyaya üz tutan bütün şikayətçilərə dəstək olmuşam. Düzdür, bəzən elə şəxslər olurdu ki, ona əl tuta bilmirdik. Amma bu məni qətiyyən ruhdan salmırdı. Elə müsahibəm olub ki, aylarla mətbuatda müzakirə olunub, gündəm yaradıb. Belə şeylər bəzən müsahiblərimi məndən uzaqlaşdırıb. Həmişə haqqı əzilən sənət adamlarının yanında olmuşam. Onların haqqı uğrunda mübarizə aparmışam. Bunu respublikanın xalq artistlərinin böyük əksəriyyəti də deyə bilər. Jurnalist gərək azad olsun. Mənim xoşbəxtliyim onda olub ki, çalışdığım bütün mətbuat orqanlarında sərbəst olmuşam. Əldə etdiyim bütün xəbərlər işlədiyim mətbuat orqanlarında çap olunub. Qarşıma "bu olmaz”, "bizdə bu gedə bilməz” deyə hər hansı qadağa qoyulmayıb. Mənə bu azadlığı verən "Reytinq”in və "AzNews.az”ın rəhbərliyinə təşəkkür edirəm.

- Jurnalistika ilə bağlı reallaşdırmaq istədiyiniz layihə varmı?

- Düzü, bir layihə üzərində düşünürəm. Məncə onu həyata keçirmək lazımdır. Jurnalistlər az maaşla dolanan insanlardır. Aldıqları məvacib onların aylıq dolanışığına güclə çatır. Bəziləri var ki, ailədə problemlə üzləşir, bəziləri övladının təhsil haqqını ödəməkdə, bəziləri isə kirayə pullarını verməkdə çətinlik çəkirlər. Və buna görə bəzən kimlərəsə ağız acmalı olurlar. Düşünürəm ki, bu problemlərin bir həlli yolu var. "Jurnalist kredit” təşkilatı yaratmaq lazımdır. Həmin təşkilat yaradılsa, jurnalistlər dara düşdükləri anlarda oradan pul götürə bilərlər.



SON XƏBƏRLƏR