Prezident İlham Əliyev daha iki qanunu təsdiqlədi - Dövlət Himni və Dövlət Bayrağı ilə bağlı

img

14-11-2018 [20:08]


Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Himninin musiqisinin və mətninin təsdiq edilməsi haqqında qanunu imzalayıb.

Musiqisi Üzeyir Hacıbəyliyə, sözləri Əhməd Cavada məxsus olan "Azərbaycan marşı” Azərbaycan Respublikasının Dövlət Himni kimi təsdiq edilir.

***

Prezident bu gün Azərbaycan Respublikası Dövlət Bayrağının təsvirinin təsdiq edilməsi haqqında Konstitusiya Qanununu imzalayıb. 

Mia.az xəbər verir ki, bununla da "Azərbaycan Respublikası Dövlət Bayrağının təsviri” təsdiqlənib.

Azərbaycan Respublikası Dövlət Bayrağının təsviri

Maddə 1. Ümumi təsvir

1.1. Azərbaycan Respublikasının Dövlət Bayrağı eni bərabər olan üç üfüqi zolaqdan ibarət düzbucaqlı şəklindədir. Yuxarı zolaq mavi rəngdə, orta zolaq qırmızı rəngdə, aşağı zolaq yaşıl rəngdədir. Düzbucaqlının eninin uzunluğuna nisbəti 1:2-dir.

1.2. Qırmızı zolağın ortasında aypara və səkkizguşəli ulduz təsviri vardır. Aypara və ulduz ağ rəngdədir. Ayparanın ucları ondan sağda yerləşən ulduza istiqamətlənmişdir.

Maddə 2. Rəngli və sxematik təsvir

2.1. Azərbaycan Respublikasının Dövlət Bayrağı, ölçüsündən asılı olmayaraq, onun bu Təsvirə əlavə edilən rəngli və sxematik təsvirlərinə uyğun gəlməlidir.

2.2. Azərbaycan Respublikası Dövlət Bayrağının sənaye üsulu ilə hazırlanması və rəngli təsvirinin çapı zamanı onun mavi rənginin "Panton” rənglər kataloqunun Pantone 306C rəng koduna, qırmızı rənginin Pantone Red 032C rəng koduna, yaşıl rənginin Pantone 362C rəng koduna uyğunluğu təmin edilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR