Nazim Süleymanovu istefaya məcbur edən "oyun"un gizlinləri...

img

14-11-2018 [15:07]


Nazim Süleymanovun "Sumqayıt”ın baş məşqçi postundan istefa verməsi geniş müzakirə olunur. Çempionatın əvvəlində "Sumqayıt” olduqca baxımlı futbol sərgiləyir, mətbuatda komanda haqda xoş fikirlər yazılırdı.

Ancaq nə baş verdisə, birdən-birə "Sumqayıt”da hər şey dəyişdi. Futbolçular meydanda sözü həqiqi mənasında sürünməyə başladılar, mübarizə aparmadılar. Axı cəmi bir neçə tur əvvəl bu futbolçular belə oyun sərgiləmirdilər. Bəs nə baş verdi? "Sumqayıt”dakı mənbədən Komanda.az-a verilən məlumat Azərbaycan futbolunun real durumunu çılpaqlığı ilə ortaya qoyur. Təəssüf ki, mənzərə ürəkaçan deyil. Əsəbləriniz zəifdirsə, yazının qalan hissəsini oxumasaz məsləhətdir.

Nazim Süleymanova "torba tikilməsi” əməliyyatına "Sabah”la 8-ci turda keçirilən oyundan sonra başlanılıb. Həmin qarşılaşmada "Sumqayıt” 0:1 hesabı ilə məğlub olmuşdu. Vurğun Hüseynov isə 15-ci dəqiqədə həvəskar futbolçunun belə etmədiyi səhvi edərək, qırmızı vərəqə almışdı.

Oyundan sonra "Sumqayıt”ın prezidenti Riad Rəfiyevlə söhbət edən Nazim Süleymanov qış transfer pəncərəsi zamanı komandadakı yaşlı oyunçuları - Vurğun Hüseynovu, Rail Məlikovu, Əfran İsmayılovu, Elvin Məmmədovu göndərməyin, onların yerinə isə gənc və perspektivli futbolçuların gətirilməsinin lazım olduğunu bildirib. Bununla da, Süleymanov öz "qələm”ini qırıb. Süleymanov hardan biləymiş ki, bu futbolçular Riad Rəfiyevlə və komandanın idman direktoru Zamiq Hüseynovla müştərək işləyirlər.

"Sumqayıt”da ən çox məvacib alan futbolçular məhz bu "qocalar”dır. Onların aylıq məvacibi 13-15 min manat arasında dəyişir. "Qocalar” komanda daxilində əsl "dedovşina” yaradıblar. Onlar gənc futbolçularla kobud rəftar edir, onları qorxu altında saxlayırlar.
 
Bir sözlə, Nazim Süleymanov qış fasiləsi ilə bağlı planlarını açıqladıqdan sonra Riad Rəfiyev "qocalar”ı başına toplayıb, öz planını qurub. Bu plan isə Süleymanovun komandadan göndərilməsi olub. Rəfiyev "qocalar”a "torba əməliyyatı”na başlamağı tapşırıb. "Qocalar”ın təsiri altında olan gənclər isə bu tapşırığa əməl etməyə məcbur olublar. Planın kuliminasiya nöqtəsi isə "Keşlə” ilə oyundan əvvəl olub. Riad Rəfiyevin göstərişi ilə "qocalar” futbolçuları restorana yığaraq, orda yeyib-içiblər və həm də "Keşlə” ilə oyunun ssenarisini cızıblar. Ssenarinin baş "qəhrəman”ı isə Orxan Sadıqlı seçilib. Orxan Nazim Süleymanovdan xahiş edib ki, onu "Keşlə”yə qarşı oyunda meydana buraxsın. Qapıçı fikrini belə izah edib: "Sabiq klubuma qarşı oynamaq üçün yüksək motivasiyam var”. Süleymanov onun bu istəyini nəzərə alıb.



Onu da qeyd edək ki, "Keşlə” ilə oyundan əvvəl futbolçuların restoranda yeyib-içdiyini Riad Rəfiyev mətbuata verdiyi müsahibədə təsdiqləyib. Rəfiyev bildirib ki, futbolçuların motivasiyasını artırmaq üçün bu addımı atıblar. Motivasiyanın necə artdığını isə bütün xalq gördü. Sabiq komandasına qarşı oynamaq üçün "alışıb-yanan” Orxan Sadıqlı uşaq səhvləri etdi və sonda da qırmızı vərəqə alaraq, meydandan qovuldu. Plan baş tutdu. Baş verən "oyun”u görən Nazim Süleymanov bu komandada qalmağın mənasız olduğunu anladı və istefa ərizəsini yazdı.

Vəssalam. Amma sadəcə, "vəssalam” da deyib keçmək olmur bu məsələnin üstündən. Bu, Azərbaycan futbolunun simasıdır. Əxlaqsız, murdar siması.

Məsələ ilə bağlı "Sumqayıt”ın mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədovun da mövqeyini öyrəndik. Klub rəsmisi səslənən fikirlərin həqiqəti əks etdirmədiyini bildirdi:

"Hər bir jurnalistin fikrinə hörmətlə yanaşıram. Amma səslənən fikirlərlə razı deyiləm. Yazıda səslənən fikirlər həqiqətdən kənardır, cəfəngiyatdır".

sport7.az



Digər xəbərlər
SON XƏBƏRLƏR