"Xəbər yaza bilməyən adamların başqalarına yazmağı öyrətməsi absurddur” - Seymur Verdizadə

img

13-11-2018 [17:58]


Hər bir aparıcı çalışdığı televiziyanın simasıdır. KİV-lərdə xüsusi ilə radio və televiziyada aparıcıların nitqində bir çox qüsurlar görürük. Hər bir aparıcı ədəbi dilin normalarına riayət etməli, efirdə yalnız nitqinə deyil, görünüşü, davranışına da fikir verməlidir.

Bu gün aparıcılıq üçün bir sıra kurslar var. Tez-tez sosial şəbəkələrdə bununla bağlı səhifə və reklamlarla qarşılaşırıq.

Bəs jurnalist olmaq üçün bu kurslarda iştirak etmək yetərlidirmi?

Bununla bağlı Azadinform-un suallarına cavab verən Jurnalist Araşdırmalar Mərkəzinin sədri Seymur Verdizadə bildirib ki, mətbuatımız təsadüfi adamlarla doludur, nəinki jurnalistika təhsili, hətta ali təhsili olmayan adamlar, adını, atasının adını yazanda səhv buraxan dələduzlar mətbu sferanı zibilləməklə məşğuldurlar: "Belə bir mühitdə kimsə öyrənmək istəyirsə, hətta bu məqsədlə kursa gedirsə, mən bunu alqışlayıram. Hər bir sahədə məktəb keçmək şərtdir. Sadəcə olaraq, müəllimin kimliyinə diqqət yetirmək lazımdır. Öyrətməyə haqqı olan adamlar bu missiyanı öz üzərlərinə götürməlidirlər. Xəbər yaza bilməyən adamların başqalarına yazmağı öyrətməsi absurddur”.

S.Verdizadə qeyd edib ki, gənc jurnalistlərə təlimləri ancaq usta qələm sahibləri keçə bilərlər: "Başqa bir vacib məqam isə odur ki, yazmaq istəyən əvvəlcə oxumalıdır. Jurnalistin geniş mütaliəsi olmalıdır. Əsl jurnalist Azərbaycan dilini yaxşı bilməli, tarixə, ədəbiyyata, coğrafiyaya aid təməl bilgilərdən xəbərdar olmalıdır. Mətbuat eksperiment aparmaq üçün uğurlu meydan deyil. Mətbuatda ancaq peşəkarlar çalışmalıdır. Biz yazı-pozunu redaksiyalarda öyrənmişik. Jurnalist olmaq istəyən gənclər aparıcı qəzetlərin və saytların redaksiyalarında təcrübə keçməlidirlər. Həmişə bu fikirdə olmuşam ki, gənclər çiyinlərini ağır yükün altına verməkdən çəkinməməlidirlər. Əl boyda çörək, bir dilim pendir və yarım stəkan çayla nahar etməyi bacaran adamlar əsl jurnalist olacaqlar”.

Digər xəbərlər
SON XƏBƏRLƏR