İvan ayıdır, amma həm də dayıdır...

12-11-2018 [12:47]
Seymur VERDİZADƏ 

Rus dilini bilmədiyimiz üçün əlini-qolunu ölçə-ölçə danışan Mila xalanın nə dediyini anlamağa çətinlik çəkirdik. Anam onu sakitləşdirməyə çalışsa da, bu yaşlı rus qadını bir yerdə dinclik tapa bilmirdi. Qardaşım qorxduğu üçün mənə sığınmışdı. Mən isə hirsimdən tir-tir əsir, əlimdəki qırmızı almanı arvadın başına vurmaq istəyirdim. Xoşbəxtlikdən, dava-dalaş uzun sürmədi. 

Mila xala anama rus dilində daha bir neçə söz deyib, axırıncı dəfə barmağını silkələyəndən sonra çıxıb getdi.

Anam ləyəndəki göyərtini və meyvəni səliqə ilə yuyub qurtarandan sonra ondan Mila xala ilə niyə dalaşdığını soruşduq. 

Cavabı belə oldu: "A bala, dalaşmırdıq, danışırdıq”.

Qardaşım etiraz etdi: "Bəs niyə qışqırırdı?”

Anam əlini qardaşımın saçına çəkib, belə dedi: "Mila xala pis adam deyil. O, bizim yaxşılığımızı istəyir”.

Məlum oldu ki, anamın bu səhər bazardan göyərti və meyvə alması ev sahibini çox əsəbləşdirib. O, anama deyib ki, həyətimizdə meyvə də var, göyərti də. Belə şeylərə bir də pul vermə.

O vaxt mənim 7 yaşım olduğu üçün bu hadsə 1982-ci ildə baş verib. Biz ailəlikcə Yessentuki şəhərinə istirahətə getmişdik. Atam köhnə dostu İvanın həyətindəki ikiotaqlı mənzili kirayə götürdüyü üçün biz orda qalırdıq. İvan da anası Mila xala kimi qayğıkeş, ürəyiaçıq adam idi. Anamın bazardan meyvə aldığını biləndə iki gün atamla küsülü qaldı.

İvan dayının həyat yoldaşı Vera xanım müəllimə, qızı Lyudmila isə tələbəydi. Mən də, qardaşım da bu gözəl rus qızına vurulmuşduq. Lyudmila beş yaşlı qardaşımın saçına sığal çəkəndə, onlara paxıllığım tuturdu. O, hər gün bizə rəngli karandaşlar bağışlayırdı...

İvan dayı yük maşını sürürdü. Amma hər axşam 6-dan sonra evdə olur, anası, qızı və həyat yoldaşı ilə birlikdə mənalı vaxt keçirirdi. Bizim gəlişimiz bu kiçik ailəyə böyük sevinc bəxş etmişdi. Onlar qayğımıza qalır, bizi özlərindən ayırmırdılar. Yessentukidə qaldığımız 22 gün ərzində İvan dayı bizi üç dəfə teatra, iki dəfə kinoya dəvət etdi. O, hər gün bizi qaymaqlı dondurmaya və dadlı limonada qonaq edirdi. Vera müəllimə isə ciblərimizi saçaqlı konfetlə doldurur, əlimizə sünbüllü peçenyə verirdi. Yaşı səksəni haqlamış Mila nənə isə hər dəfə zirzəmiyə enəndə, ordakı ərzaqdan bizə də pay ayırırdı.

Atam haqq dünyasında olduğundan onun 22 gün üçün İvan dayıya neçə rubl verdiyini dəqiq bilmirəm. Amma o yadımdadır ki, biz Azərbaycana qayıdanda Mila nənə bir "10-luq” mənim, bir "10-luq” da qardaşımın cibinə basdı...

Son vaxtlar Mila nənəni, İvan dayını, Vera müəlliməni və gözəl Lyudmilanı tez-tez xatırlayıram. Yayda şimal bölgəsində dincələrkən ikiotaqlı, darısqal mənzilin bir günü üçün 50 manat ödəyəndə, qonşu hər səhər "drel”lə divarı dələndə, bazarda 1 manata satılan lobyanın bir kiloqramını evin sahibəsindən 2 manata alanda İvan dayı və onun gözəl ailəsi yadıma düşürdü...

Rusiya şimal ayısıdır. Onun güclü pəncəsi çox yurdları viran qoyub. O cümlədən, doğma Qarabağımızı...

İvan dayı da ayı kimi nəhəng və güclü idi. Amma onun ipək kimi yumşaq ürəyi vardı. Siyasətdən uzaq olan bu sadə rus kəndlisinin nurlu çöhrəsi heç vaxt yaddaşımdan silinməyəcək...

Moderator.az


SON XƏBƏRLƏR