Elmar Məmmədyarovla Argentinanın XİN başçısı bir-birinə məktub ünvanlayıb - Mətnlər

img

08-11-2018 [13:40]


Xarici işlər naziri Elmar Məmmədyarov və Argentinalı həmkarı Xorxe Faurie iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə təbrik məktubu mübadiləsi həyata keçirib.

Mia.az Xarici İşlər Nazirliyinə istinadən bildirir ki, Elmar Məmmədyarov məktubda iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü münasibətilə öz həmkarı Xorxe Faurieni təbrik edib.

E.Məmmədyarov 25 il ərzində iki ölkə arasında bir çox istiqamətlər üzrə, xüsusən ikitərəfli siyasi dialoq, iqtisadi və ticari əlaqələr və mədəniyyət sahələrində əməkdaşlığın daim inkişaf etdiyini bildirib.

Azərbaycan və Argentinanın eyni zamanda sülhün və təhlükəsizliyin möhkəmləndirilməsində beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan birgə öhdəlikləri qeyd olunub. Bu xüsusda, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələrinin qəbul olunmasında və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı çərçivəsində həlli istiqamətində Argentinanın rəsmi Bakıya davamlı dəstəyi xüsusi vurğulanıb.

Sonda XİN başçısı mövcud əlaqələrin gələcəkdə daha çoxşaxəli inkişafı üçün birgə səylərin əhəmiyyətini vurğulayıb və qarşı tərəfi Azərbaycana səfərə gəlməyə dəvət edib.

Argentinanın xarici işlər naziri Xorxe Faurie azərbaycalı həmkarına ünvanladığı məktubda iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü münasibətilə təbrikini çatdırıb.

8 noyabr 1993-cü ildə Moskva şəhərində imzalanan bu sazişin iki ölkə arasındakı əlaqələrin dərinləşməsi naminə əhəmiyyəti qeyd olunub.

Məktubda Azərbaycan nümayəndə heyətinin iki ölkə arasında keçirilən 4-cü siyasi məsləhətləşmələrdə iştirak etmək məqsədilə Argentinaya səfəri xüsusilə vurğulanıb.

Sonda Argentina xarici işlər naziri Xorxe Faurie hər iki xalqın rifahı naminə ikitərəfli əlaqələrin inkişafı üçün birgə səylərin artırılacağından əmin olduğunu qeyd edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR