Elmar Məmmədyarov: "Hazırkı işimlə bağlı Azərbaycan dilində daha çox mütaliə edirəm..." - Müsahibə
SİYASƏT
04.11.2018, 13:09
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun adı bir neçə gündür medianın və sosial şəbəkələrin gündəmindən düşmür.
Xatırladaq ki, oktyabrın 29-da İstanbulda Azərbaycan, Türkiyə və Gürcüstanın xarici işlər nazirlərinin 7-ci üçtərəfli görüşündə Elmar Məmmədyarovun ana dilində çıxışı zamanı bəzi rabitəsiz ifadələr işlətməsi ciddi tənqidlərə tuş gəlib. Müzakirələrdə Elmar Məmmədyarov Azərbaycan dilini təmiz bilməməkdə qınanılıb.
Mia.az xəbər verir ki, Modern.az saytı Elmar Məmmədyarovla bağlı müzakirələr gündəmdə olduğunu nəzərə alaraq, nazirin illər öncə (20 oktyabr 2006-cı ildə "525-ci qəzet”də) dərc olunmuş müsahibəsini yayıb.
Düşünürük ki, tanınmış jurnalist İlhamə Qasımlının "Yeddi rəngli söhbət” layihəsində Elmar Məmmədyarovdan aldığı və nazirin portretini əks etdirən müsahibə oxucularımız üçün də maraqlı olacaq.
Qeyd edək ki, bu, xarici işlər naziri Elmar Məmmədyarovun şəxsi həyatından bəhs edən yeganə müsahibədir:
- Cənab nazir, Sizi öz ranqınızda olan digər yüksək vəzifəli Azərbaycan məmurlarından fərqləndirən cəhət qərbsayağı ünsiyyətcil və sadəliyinizdir. Yerli mühitin ənənələrinə uyğun məmurlarla ünsiyyətiniz zamanı özünüzü "yad” adam kimi hiss etmirsiniz ki?
- Xoş sözlərə görə təşəkkür edirəm. Mən prezident İlham Əliyevin formalaşdırdığı praqmatik düşünən islahatçıların komandasında özümü yad adam hiss etmirəm.
- Çox məşğul nazirlərdənsiniz. Bunu görmək üçün mətbuat və televiziyanı izləmək kifayət edər. Şəxsi məsələlərə nə qədər vaxtınız qalır?
- Məşğul olub-olmamağım işlərdən asılıdır. Ölkənin xarici siyasəti ilə bağlı görəcəyimiz işlər çoxdur. Həqiqətən də şəxsi işlərə vaxtım o qədər də qalmır. Amma bu reallıqdır və bütün işləri 24 saatlıq zaman çərçivəsində çatdırmaq lazım olur.
- Ailənizə lazımi qədər diqqət ayıra bilirsinizmi?
- Ailə - hər bir azərbaycanlı kimi mənimçün də müqəddəsdir. Ona görə də iş qrafikim nə qədər gərgin olsa da, istər-istəməz vaxt tapmaq məcburiyyətində oluram. Bir ailə başçısı kimi bunu özümə borc sayıram. Çünki ailəmdə iki oğul böyüyür, onlar isə elə yaşdadırlar ki, ata diqqətinə daha çox ehtiyacları var.
- Sizinçün formada qalmaq vacibdirmi? Yəni bununçün xüsusi idman məşqləri edirsiniz, yoxsa təbii naturanız belədir?
- Sizinlə razıyam. Formada qalmaq - vaxtının çoxunu iş masası arxasında keçirən və yaşı 40-ı keçmiş şəxs üçün çox vacibdir. Lakin işlərimin çoxluğundan idmanla aktiv məşğul olmağa vaxtım qalmır.
- Xarici səfərlərdən qayıdanda ailə üzvləriniz üçün hədiyyə seçimi edirsinizmi, yoxsa səfərləriniz adiləşdiyindən buna ehtiyac qalmır?
- Xarici səfərdən hədiyyə gətirmək nəinki yaxınlarıma, mənə də zövq verir. Çünki hədiyyə vermək əzizlərinə olan diqqət və qayğının göstəricisidir.
- Adətən, hədiyyə etmək üçün nə alırsınız?
- Mümkün qədər suvenirlər gətirməyə çalışıram.
- Hobbiniz varmı?
- Bir çox insanlar kimi, mənim də hobbim var. Futbolu çox sevirəm - həm izləməyi, həm də oynamağı. Lakin yenə də işin çoxluğu üzündən belə bir fürsət mənə tez-tez qismət olmur.
- Sevimli komandanız varmı?
- Sevimli komandam, təbii ki, Azərbaycan yığmasıdır. Yığmamızın qatıla bilmədiyi yarışlarda isə italyanlara pərəstişkarlıq edirəm. (Elmar Məmmədyarov nazir işləməzdən əvvəl Azərbaycanın İtaliyadakı səfiri işləyib-Modern.az.)
- Mətbuat və televiziyada siyasətdən başqa, hansı mövzularla maraqlanırsınız?
- Mənə elə gəlir ki, nazirin maraq dairəsi digər bir Azərbaycan vətəndaşının maraq dairəsindən dar olmamalıdır. Ona görə də siyasi xəbərlər və onunla birbaşa əlaqədə olan iqtisadi xəbərlərlə yanaşı, ictimai və mədəni xəbərləri də izləməyə çalışıram.
- Sizə qarşı yönələn tənqidlərdən biri də Azərbaycan dilini mükəmməl bilməməyinizlə bağlıdır. Bu problemi aradan qaldırmaq üçün öz üzərinizdə necə işləyirsiniz?
- Hazırkı işimlə bağlı Azərbaycan dilində daha çox mütaliə edir, sənədlər, məktublar üzərində işləyirəm. Bu isə dilin praktiki cəhətdən təkmilləşdirilməsinə kömək edir.
- Heç, xarici ölkələrə səfərləriniz zamanı Azərbaycan üçün qeyri-ənənəvi sayılan mətbəx nümunələrini, misalçün Çin, yapon, Koreya və s. ölkələrin yeməklərini yemək məcburiyyətində qalmısınızmı?
- Bu məsələdə çox çətinlik çəkmirəm. Mütamadi xarici səfərlərdə olan diplomat kimi bütün yeməklərə öyrəşmişəm. Yapon mətbəxini isə çox sevirəm.
- Azərbaycan yeməklərindən hansları daha çox xoşlayırsınız?
- Kababları.
- Erməni həmkarınız Vardan Oskanyanla (hazırda eks-nazirdir-redak.) adətən hansı dildə danışırsınız?
- İngilis dilində danışırıq.
- Heç, onunla danışıqlardan kənar, qeyri-rəsmi söhbətləriniz olurmu? Bu zaman münasibətləriniz necə olur?
- Vardan Oskanyanla birbaşa söhbət üçün çox imkanlarım yoxdur. O ki qaldı çoxtərəfli forumlar çərçivəsindəki görüşlərə, burada hər şey diplomatik protokola uyğun olaraq həyata keçirilir - qarşılıqlı salamlaşma və s.
- Keçmiş nazirlərin diplomat kimi xaricə göndərilməsinə necə baxırsınız? Adətən, opponentlər belə təyinatları "diplomatik sürgün” kimi qiymətləndirirlər. Bəs, Sizin bu təyinatlara münasibətiniz necədir?
- Beynəlxalq təcrübədə peşəkar diplomatların səfir təyin edilməsi ilə yanaşı, "siyasi təyinatlar” praktikası da mövcuddur. Nazir və ya digər yüksək vəzifələrdə işləmiş şəxslərin bilik və təcrübəsindən diplomatiya sahəsində istifadə edilməsi normal haldır.
- Şəxsən Sizinçün səfir vəzifəsinə diplomatik fəaliyyətdən gələnlərlə, yoxsa nazir vəzifəsindən təyin olunmuş şəxslərlə işləmək daha asandır?
- Azərbaycanın diplomatik nümayəndəliklərinin rəhbərləri ilə işgüzar münasibətlərim XİN-in fəaliyyətini tənzimləyən əsas sənədlər çərçivəsində həyata keçirilir. Bizim qarşımızda eyni məqsəd və vəzifələr durur - Prezident tərəfindən müəyyən edilmiş xarici siyasət kursunun uğurla həyata keçirilməsi.
- Bakıdakı daha nüfüzlü vəzifəsini itirməsindən ən azı narazı qalan keçmiş nazirlər diplomatik fəaliyyətlərində nə dərəcədə uğurla çalışa bilirlər?
- Səfir vəzifəsinə təyinat Prezident tərəfindən göstərilən yüksək etimadın bariz nümunəsidir. Səfirlər Azərbaycanı beynəlxalq arenada təmsil edirlər, bu isə çox çətin və şərəfli işdir.
- Gürcüstan NATO-ya üzvlüklə bağlı danışıqlar a aparır. Azərbaycanın bu sahədə perspektivlərini necə görürsünüz? Azərbaycanın beynəlxalq təşktlatlara inteqrasiyası prosesində xristian-müsəlman amilinin yaratdığı problemlər olurmu?
- Biz də qonşu Gürcüstan kimi NATO ilə ilkin «Sülh naminə tərəfdaşlıq» çərçivəsindən çıxmışıq və artıq müvəffəqiyyətli şəkildə «sərt» və «yumşaq» təhlükəsizlik sferalarını əhatə edən fərdi əməkdaşlıq planının tətbiqinə keçmişik. Xristian və müsəlman faktoruna gəldikdə isə bunun NATO ilə heç bir əlaqəsi yoxdur və Türkiyənin bu təşkilata üzv olması buna gözəl sübutdur. Əgər daha geniş kontekstdə nəzərə alsaq, sivilizasiyalararası əlaqələrin müvəffəqiyyətli inkişafını dəstəkləyərək qeyd etməliyəm ki, bu iki dünya dinlərinin nümayəndələri yalnız əməkdaşlıq vasitəsi ilə onların üzləşdiyi təhlükə və çağırışları ünvanlandırmaq üçün yol tapa bilərlər və belə də etməlidirlər.
- Azərbaycanın müxalifət liderləri xaricdəki səfirliklərimizin hakimiyyət nümayəndələri ilə müqayisədə onlara ögey münasibət göstərdiklərindən gileylidirlər. Söhbət rəsmi dövlət qeydiyyatından keçmiş partiyaların rəhbərlərindən gedir. Siz bu cür məlumatlara necə reaksiya verirsiniz?
- Gəlin öncə bu məsələyə aydınlıq gətirək. Azərbaycanın xaricdəki missiyası, səfirliklərin nizamnaməsinə əsasən, xaricdə olan Azərbaycanın rəsmi nümayəndə heyətlərinə hərtərəfli yardım göstərməlidir. Siyasi partiyaların nümayəndələrinə gəldikdə isə iqtidar və müxalifət yönümlü olmalarından asılı olmayaraq, öncə onlar Azərbaycan vətəndaşlarıdırlar. Bizim missiya Azərbaycan vətəndaşlarına heç bir fərq qoymur və qoya da bilməz. Onlara konsulluq sahəsində hər cür köməklik göstərilir.
- "Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsi” ifadəsi filoloji baxımdan uyğunsuz səslənir. Siyasi baxımdan isə danışıqlarda Dağlıq Qarabağın da tərəf kimi tanındığı təəssüratı yaranır. Bu belədirmi?
- Biz heç vaxt "Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ” münaqişəsi demirik və deməmişik. Biz "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ” münaqişəsi deyirik. Bu da münaqişənin məğzinə uyğundur. Bu münaqişə Dağlıq Qarabağ və onun ətrafında Ermənistan və Azərbaycanın arasında olan münaqişədir. Bu, beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunmuş münaqişənin yalnız iki tərəfinin - Ermənistan və Azərbaycanın - mövcudluq faktını əks etdirir.
- İndiki halda hansı variant ədalətli sülhün bərqərar olunmasına təkan verə bilər? Çünki Azərbaycan tərəfi qətiyyətlə "Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu ola bilməz” bəyanatı ilə bir qarış torpağını da güzəştə getməyəcəyini bildirir. Rəsmi Yerevan da eyni qətiyyətlə işğal etdiyi torpaqlarımızı geri qaytarmayacağını bəyan edir.
- Biz tərəfdən cavabı deyə bilərəm. Bu sözlər yalnız ictimaiyyət üçün nəzərdə tutulmayıb. Bu həqiqətən də Azərbaycan tərəfinin prinsipial siyasətini özündə əks etdirir. Düşünürəm ki, Minsk qrupunun həmsədrlərinin də qeyd etdiyi kimi, məsələnin həllini danışıqlar yolunda axtarmaq lazımdır. Buna baxmayaraq, ərazi bütövlüyü müzakirə mövzusu ola bilməz. Biz bu prinsipdən dönməyəcəyik.
- Münaqişənin həlli ilə bağlı nə dərəcədə optimistsiniz? Optimistliyiniz münaqişənin nə vaxtsa həll olunacağını düşünməyə əsas verirmi? Çünki artıq ictimai fikirdə belə təəssürat yaranıb ki, ATƏT-in Minsk qrupunun apardığı danışıqlar səmərəsizdir və verilən bəyanatlar daha çox ictimai fikrə hesablanır.
- Emosional sözlərlə heç nəyi qabaqlamaq istəmirəm. Danışıqların mövzusu ciddidir və bu bizi realist olmağa vadar edir. Danışıqlar prosesində bu və ya digər görüş haqda məhz KİV tərəfindən əsassız yüksək gözləntilər cəmiyyətdə əhval-ruhiyyənin kəskin dəyişməsinə səbəb olur. Yəni əsaslandırılmamış optimizm özü pessimizmə və bununla da cəmiyyətin radikallaşmasına səbəb olur.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Pakistan elektro-optik peykini uğurla orbitə buraxıb
25.04.2026, 20:19 DÜNYA
-
Gürcüstan DTX-nin keçmiş əməkdaşı məxfi məlumatların sızdırılması ittihamı ilə saxlanılıb
25.04.2026, 19:18 DÜNYA
-
Ötən gün 18 kiloqramdan çox narkotik aşkarlanıb
25.04.2026, 17:51 GÜNDƏM
-
Gələn həftə intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
25.04.2026, 15:40 CƏMİYYƏT
-
Rumıniya XİN Qalatsa PUA düşməsi ilə əlaqədar Rusiya səfirini çağırıb
25.04.2026, 15:38 DÜNYA
-
Azərbaycan və Qazaxıstan Trans-Xəzər marşrutu üzrə memorandum və sazişlər imzalayıb
25.04.2026, 14:05 CƏMİYYƏT
-
Volodimir Zelenski: Rusiya razı olsa danışıqları Azərbaycanda keçirə bilərik
25.04.2026, 13:44 SİYASƏT
-
Prezident İlham Əliyev: Ukrayna ilə əməkdaşlığımızın çox güclü siyasi təməli var
25.04.2026, 13:42 SİYASƏT
-
Şəkidə yük avtomobili yanıb
25.04.2026, 13:08 CƏMİYYƏT
-
İlham Əliyevin Volodimir Zelenski ilə təkbətək görüşü olub
25.04.2026, 12:46 SİYASƏT
-
Bazar günü Azərbaycanda 24 dərəcəyədək isti olacaq
25.04.2026, 12:44 CƏMİYYƏT
-
Azərbaycanda bəzi yerlərə yağış yağır - FAKTİKİ HAVA
25.04.2026, 12:12 CƏMİYYƏT
-
İranda İsrail kəşfiyyatı ilə əlaqədə ittiham olunan şəxs edam edilib
25.04.2026, 11:52 DÜNYA
-
İsrail ordusu Livanın cənubunda "Hizbullah" mövqelərinə zərbələr endirib
25.04.2026, 11:26 DÜNYA
-
Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib
25.04.2026, 11:12 İQTİSADİYYAT
-
Diplomatik xidmətə qəbul üzrə müsabiqəyə qeydiyyatda yenilik edilib
25.04.2026, 10:29 CƏMİYYƏT
-
“Ulduz”lu görüşlər”in növbəti qonağı Günel Anarqızı olub
25.04.2026, 00:42 MƏDƏNİYYƏT
-
CNN: Tramp Uitkoff və Kuşneri İranla danışıqlar üçün Pakistana göndərir
24.04.2026, 20:28 SİYASƏT
-
Azərbaycan və Lüksemburq xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib
24.04.2026, 20:26 SİYASƏT
-
Xankəndidə şəhərdaxili avtobus marşrutları fəaliyyətə başlayır
24.04.2026, 20:24 CƏMİYYƏT
-
Bakıda bəzi marşrut avtobuslarının hərəkət istiqaməti dəyişdirilir
24.04.2026, 20:22 CƏMİYYƏT
-
Ombudsman növbəti qəbul keçirib
24.04.2026, 19:16 CƏMİYYƏT
-
Çexiya Baş nazirinin Azərbaycana səfər tarixi rəsmən elan edilib
24.04.2026, 19:14 SİYASƏT
-
MEDİA: Agentliyin yaydığı məlumat yanlışdır
24.04.2026, 18:19 CƏMİYYƏT
-
Meksika səfiri Naxçıvanda əməkdaşlıq imkanlarını müzakirə edib
24.04.2026, 18:08 SİYASƏT
-
Yaponiya Hörmüz boğazı ətrafındakı gərginliyə görə ehtiyatlarından 20 günlük neft buraxır
24.04.2026, 17:25 DÜNYA
-
Əraqçi Pakistan, Oman və Rusiyaya səfər edəcək
24.04.2026, 17:19 DÜNYA
-
İsveçrə Tehrandakı səfirliyinin fəaliyyətini tədricən bərpa edir
24.04.2026, 17:15 DÜNYA
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
24.04.2026, 17:00 İQTİSADİYYAT
-
BMT Hörmüz böhranı ilə bağlı xəbərdarlıq edir: 30 milyon insan yoxsulluğa sürüklənəcək
24.04.2026, 16:53 DÜNYA
-
Tramp: Zaman İranın xeyrinə işləmir
24.04.2026, 16:44 DÜNYA
-
Naftalanda küləyin sürəti 28 m/s-dək güclənir - FAKTİKİ HAVA
24.04.2026, 16:35 CƏMİYYƏT
-
İran: Neft infrastrukturumuza hücum edilərsə, Səudiyyə Ərəbistanının enerji obyektləri hədəfə alınacaq
24.04.2026, 16:06 DÜNYA
-
MİQ müsabiqəsində iştirak üçün ödənişin məbləği təsdiqlənib
24.04.2026, 16:02 CƏMİYYƏT