"Mətbuat Şurasına qarşı təşkil edilən ittihamları yersiz və əsassız hesab edirəm” - Seymur Verdizadə

30-10-2018 [14:56]
"Mətbuat Şurası Azərbaycan jurnalistlərinin şəxsi arzusu və təşəbbüsü ilə yaranıb. O, dövlət qurumu olmasa da, jurnalistlərlə rəsmi qurumlar arasında bir körpü rolunu oynayır. MŞ-nin yaradılmasında məqsəd medianın özünütənzimləməsini həyata keçirmək və onun inkişafını daha da genişləndirmək olub. Mətbuat Şurasının yarandığı gündən indiyədək olan fəaliyyətini qənaətbəxş qiymətləndirirəm. Düşünürəm ki, Şura Azərbaycan mətbuatının təkmilləşməsinə töhfə verə bilib”.

Bu sözləri "İki sahil” qəzetinə açıqlamasında Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə deyib. 

"Reket” jurnalistlərin Azərbaycan Mətbuat Şurasına olan hücumlarına münasibət bildirən JAM sədri qeyd edib ki, MŞ-nin qarşısında duran vəzifələrdən biri də "reket” jurnalistikaya qarşı mübarizə aparmaqdır: "Lakin bu təşkilat inzibati qurum deyil, onun məsələlərə yanaşması tövsiyə və qınaq xarakteri daşıyır. Biz indiyədək MŞ-nin hansısa media orqanını bağladığının, kiminsə azad söz hüququnu məhdudlaşdırdığının şahidi olmamışıq. Bu mənada mən son günlər MŞ-ya qarşı təşkil edilən ittihamları yersiz və əsassız hesab edirəm”.

Seymur Verdizadənin sözlərinə görə, artıq "reket” jurnalistikanın əl-qolunu bağlamaq və onu sıradan çıxarmağın vaxtı çatıb: "Son illər bu istiqamətdə atılan addımlar təqdir edilməlidir, lakin görünür hələ xeyli iş aparmağa ehtiyac var. Media sahəsində bir durulaşma, saflaşma prosesi getməlidir. "Reket” jurnalistlərin həqiq medianın adına kölgə salmasına göz yummaq yolverilməzdir.

Düşünürəm ki, MŞ bundan sonra da belə ünsürlərə qarşı ciddi mübarizə aparmalıdır, ona atılan böhtanlardan, çamurlardan çəkinməməlidir. Azərbaycanın azad mediası, müstəqil KİV-lər bu mübarizədə Mətbuat Şurasını meydanda tək qoymamalıdır. Biz bu quruma atılan daşların önünə öz sinəmizi verməliyik ki, o da bu çirkinliklərə qarşı effektiv mübarizə apara bilsin.

Mən MŞ-ya atılan böhtanları pisləyirəm və bütün həmkarlarımı da bu məsələdə prinsipiallığa və həmrəyliyə dəvət edirəm. Peşəkar jurnalistlər bu mübarizədə yaxalarını kənara çəkməməlidirlər”.



SON XƏBƏRLƏR