Mətbuat Şurasında ərəb ölkələrindən olan jurnalistlərlə görüşü keçirilib - FOTO

25-10-2018 [20:12]

Azərbaycan Mətbuat Şurasında ərəb ölkələrindən olan bir qrup jurnalistlə görüş keçirilib.

Şuradan Mia.az-a verilən məlumata görə, görüş «İslam əməkdaşlığı: media tolerantlıq və fikir azadlığının qarantı kimi» mövzusuna həsr olunub. 

MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov qonaqları salamlayaraq onlara Azərbaycan haqqında, eləcə də rəhbərlik etdiyi qurumun missiyası barədə geniş məlumat verib. O bildirib ki, 2003-cü ildə ölkə jurnalistlərinin I qurultayında yaradılmış Mətbuat Şurası sıralarında 200-dən çox media qurumunu birləşdirir. Şuranın başlıca fəaliyyəti şikayətlərin araşdırılması ilə bağlıdır: «Azərbaycan Mətbuat Şurası ümumən ölkə jurnalistlərinin monolit təşkilatı kimi qəbul edilir. Buna görə də onun fəaliyyəti media cəmaəsini düşündürən ən müxtəlif məsələlərlə bağlı olur. Mövcud xüsusda KİV-lə bağlı qanunvericilik təşəbbüslərinə dəstək göstərməkdən tutmuş jurnalist hüquqlarının qorunmasınadək bir sıra məqamları vurğulamaq mümkündür. Mətbuat Şurası habelə Azərbaycan KİV-lərinin xarici KİV-lərlə münasibətlərində bir növ, əlaqələndirici kimi də çıxış edir. Biz istəyirik ki, jurnalistlərimizin əcnəbi həmkarları ilə təmasları daha sıx olsun. Bu, həm təcrübə mübadiləsinin gücləndirilməsi, həm də ölkəmizlə bağlı həqiqətlərin təbliği baxımından son dərəcə vacibdir. Həqiqət isə bundan ibarətdir ki, Azərbaycan torpaqlarının 20 faizi işğal altındadır, 1 milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün həyatı sürür. Torpaqlarımıza təcavüz Ermənistan tərəfindən həyata keçirilib. Siz Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində oldunuz. Həmin kənd işğaldan azad edilib. Biz ümumən işğal faktına lazımi hüquqi qiymətin verilməsini, işğalın sona çatmasını istəyirik. Bunun üçünsə həm də dəstəyinizə, peşə prinsipiallığınıza ehtiyacımız var. İslam ölkələri jurnalistlərinin həmrəyliyi həm də ona görə vacibdir ki, dünyada müsəlman aləminə qarşı təzadlı münasibət hökm sürməkdədir. İslamafobiya baş alıb gedir. İslam dünyasını gözdən salmağa yönəlmiş belə mənfi təmayüllərlə mübarizədə birliyimiz mütləqdir».

Ərəb ölkələrindən olan jurnalist qonaqlar Mətbuat Şurasının funksiya və vəzifələri, Azərbaycanda medianın strukturu, statistikası, fəaliyyət dairəsi barədə çoxsaylı suallar ünvanlayıblar. Çıxışlarda İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistlərinin Assosiasiyasının İslam ölkələrindəki media orqanlarının birgə əməkdaşlığı baxımından etibarlı və işlək platforma olduğu vurğulanıb. Mövcud istiqamətdə qarşıda duran vəzifələrə nəzər salınıb.

Qarşılıqlı müzakirələr şəraitində keçmiş görüşdə söz və ifadə azadlığının müxtəlif təzahür formaları, internet medianın və sosial şəbəkələrin rolu, həmçinin jurnalistlərin sosial statusu ətrafında geniş söhbət aparılıb.

Qeyd edək ki, ərəb ölkələrindən olan jurnalist heyəti ölkəmizdə səfərdədir. Heyətə İslam Əməkdaşlıq Təşkilatı İnformasiya Agentlikləri İttifaqının baş direktor müavini Zayid Abdullah, həmin qurumun koordinatoru Hazem Seyid, təşkilatın mətbuat xidmətinin əməkdaşı Cihan Felemban, həmçinin Səudiyyə İnformasiya Agentliyinin (SPA) Mədinə ofisinin direktoru Əbdürrəhim Ə-Zəmani, Oman İnformasiya Agentliyinin (ONA) baş redaktoru Qeys Əl-Farsi, Bəhreyn İnformasiya Agentliyinin (BNA) baş redaktorunun müavini Əbdürrəhman Rəşid, Misirin Yaxın Şərq İnformasiya Agentliyinin (MENA) baş redaktor müavini Əli Hüseyn, Tunisin Afrika Xəbər Agentliyinin (TAP) baş redaktor müavini Səlma Bin Kilani, Birləşmiş Ərəb Əmirlikləri İnformasiya Agentliyinin baş redaktoru Səud Əl-Cneibi daxildir.



SON XƏBƏRLƏR