Bakıda VI Beynəlxalq Humanitar Forumu keçiriləcək - Proqramı açıqlandı

img

24-10-2018 [10:52]


Bakıda keçiriləcək VI Beynəlxalq Humanitar Forumun proqramı açıqlanıb.  

Mədəniyyət Nazirliyindən Mia.az-a verilən məlumata görə, oktyabrın 25-26-da Bakıda keçiriləcək forum "Yeni dünya və yeni insan formalaşdıraq: kreativlik və insan inkişafı” mövzusuna həsr olunacaq. 

2010-cu ildən təşkil olunan tədbirin təşəbbüsçüləri Azərbaycan və Rusiya prezidentləridir.

Builki forumda 86 ölkə və 24 beynəlxalq təşkilatdan 581 nəfər (416 xarici qonaq olmaqla) nümayəndə iştirak edəcək. Qeyd olunub ki, Beynəlxalq Humanitar Forum qlobal xarakterli məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq məqsədilə müxtəlif ölkələrdən tanınmış dövlət xadimlərini, elmin fərqli sahələri üzrə Nobel mükafatı laureatlarını və nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərini, o cümlədən dünyanın siyasi, elmi və mədəni elitasının nümayəndələrini bir araya toplayan mötəbər tədbirdir.

Forumun təşkilatçıları və iştirakçıları olan dünya mədəni elitası nümayəndələrinin qarşıya qoyduqları əsas məqsəd təbiət, sosial və humanitar elmlər sahəsində gələcəkdə beynəlxalq səviyyədə baxılması məqsədi ilə yeni humanitar gündəmin formalaşdırılmasıdır. Rəsmi şəxslər, beynəlxalq təşkilatların təmsilçiləri, habelə qeyd olunan sahələr üzrə mütəxəssislər iki gün ərzində bəşəriyyəti narahat edən aktual məsələlərin həlli yollarını araşdıracaqlar.

VI Bakı Beynəlxalq Humanitar Forumu gələcək dünyamızı formalaşdıracaq kreativ ideyalara və onların həyata keçirilməsi yollarının axtarılmasını diqqətdə saxlayacaq. Dünyanı vahid məkan və bütün bəşəriyyəti bir cəmiyyət kimi görmək istəyi yeni münasibətlər qurmağa, daha mütərəqqi və aktual müzakirələr aparmağa imkan verəcək və bəşəriyyətin inkişafına ənənəvi yanaşmalarda dəyişikliklərin yaranmasına vəsilə olacaq.

Forumda həmçinin insanların dövrümüzün ən mühüm çağırışlarını qarşılamaq bacarıqlarına dərin inamı, humanizm və bəşəri məsuliyyətin zəruriliyi məsələsi önə çəkiləcək. Bütün bu təşəbbüslər insanların həyatını xilas edən, iztirabları yüngülləşdirən, kəskin və gərgin dəyişikliklər dövründə insan ləyaqətini qoruyan, habelə antropogen böhranlar və fəlakətlərə bənzər situasiyaların önlənməsini təmin edən humanizm aktlarıdır. Forum bu addımları humanizmin bütün dünya üçün vacib əhəmiyyət kəsb edən təməl prinsipləri çərçivəsində - neytrallıq, müstəqillik və obyektivlik şərtləri altında nəzərdən keçirir. Ənənəvi tədbirin konsepsiyasının əsas elementi BMT baş katibinin tərəfdaşlığa, vətəndaş cəmiyyətinin həmrəyliyinə, milli hökumətlər və beynəlxalq təşkilatların əməkdaşlığına çağırışıdır.

Keçmişdən günümüzə insanların ən müxtəlif vəziyyət və situasiyalara uyğunlaşmaq və yaratmaq bacarığı istər ayrı-ayrı fərdlər, istərsə də cəmiyyət kimi ümumi uğurumuzun əsasını təşkil edib. Tarixin hər bir dönəmində bizləri yeni və kreativ yollarla düşünməyə, davranmağa və əməkdaşlıq etməyə sövq edən fərqli çağırışlar mövcud olub. Bu günün dünyası da bu mənada fərqli deyil. Ona görə də 2015-ci ilin sentyabr ayında dünyanın 193 ölkəsinin rəhbərləri 2030-cu ilə kimi dayanıqlı inkişafa nail olmaq üçün ifrat yoxsulluğun və aclığın aradan qaldırılması, iqlim dəyişikliyi ilə mübarizə, qeyri-bərabərliyin azaldılması, davamlı su təchizatı, enerji mənbələri və yeni sənaye sahələrinin təmin edilməsi də daxil olmaqla, dünyanın görməli olduğu işləri müəyyənləşdirib.

Qeyd edək ki, forumda BMT baş katibinin iki müavini, İSESCO, İRSİKA, TÜRKPA, TÜRKSOY, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (BSEC), Beynəlxalq Türk Akademiyası (TWESCO), Parlamentlərarası Birlik (İPU), BMT-nin iqtisadi və sosial Şurası (ECOSOC) kimi təşkilatların rəhbərləri, UNESCO, Müstəqil Dövlətlər Birliyinin MDB İcraiyyə Komitəsi rəhbərlərinin müavinləri iştirak edəcək. Tədbirə həmçinin Sudanın vitse-prezidenti, Rusiya, Slovakiyanın baş nazir müavinləri, Sloveniya, Uruqvay, Rusiya, Misir, Belarus, İtaliya və Estoniya parlamentlərinin sədr və sədr müavinləri, Gürcüstan, Monteneqro, Özbəkistan, Bolqarıstan, Türkiyə, Sudan, Tacikistan, Qazaxıstan, Ukrayna, Əfqanıstan, Filippin və Bolqarıstandan nazir və nazir müavinləri, Qazaxıstan, Türkiyə, Tacikistan və Özbəkistandan ombudsmanlar, habelə 15 ölkədən 40-dan çox millət vəkili, 46 ölkənin diplomatik nümayəndəliklərinin rəhbərləri, çoxsaylı respublikalardan şirkət rəhbərləri, elm xadimləri, ekspertlər qatılacaq.

Xatırladaq ki, Beynəlxalq Humanitar Forum çərçivəsində tədbir iştirakçılarının asudə vaxtlarının təşkili məqsədilə rəngarəng mədəni proqram təqdim olunacaq, qonaqların Bakı şəhərinin gəzməli-görməli yerləri ilə tanışlığı təşkil ediləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR