Şəmkir İcra Hakimiyyətindən narazılıq: "...atasının gül balası"nı işlə təmin etdilər" – Mehriban Əliyevaya müraciət

img

10-10-2018 [15:30]


Şəmkir rayon sakini, kollec məzunu Xəyalə Cəfərova icra hakimiyyətinin rəhbər şəxslərindən və işsizlikdən narazıdır. Bununla bağlı Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edib.

Mia.az-a daxil olan müraciəti təqdim edirik:

"Hörmətli Mehriban xanım, mən Cəfərova Xəyalə 1992-ci ildə Şəmkirdə anadan olmuşam. Bu günədək öz əziyyətim ilə dövlət əhəmiyyətli bir sıra ictimai tədbirlərdə fəallıq göstərmişəm, həmçinin müxtəlif layihələrin müəllifi olmuşam.

Əziz Mehriban xanım, Sizdən bu şəkildə dəstək istəməyə məcbur qaldım. Çünki Sizin humanistliyiniz və dəstəyiniz sayəsində bu gün minlərlə gənc müxtəlif qurumlarda uğurlu fəaliyyətə sahiblənib.
Azərbaycanın gənclər siyasətini və dövlətçilik ənənəsini daim dəstəkləyən bir gənc kimi mən də istədim hüquqi dövlətin gənci olaraq özümə qarşı və ölkənin təhsil sisteminə qarşı edilən haqsızlıqdan Sizi agah edim.

Mehriban xanım, qızların təhsilə cəlb edildiyi vaxtda mən orta məktəbdə müəllimlərin "hörmət” qurbanına çevrilərək təhsilə dair sənədsiz qalmışam. Oxumağı, təhsil alıb Vətənə, Dövlətə yararlı vətəndaş olmağı hər şeydən çox arzulayırdım.

Lakin necə deyərlər "sən saydığını say, gör fələk nə sayır”. Orta məktəbdən "dərsə gəlmirsən” adı ilə məni xaric etdilər. Hər addımda "hörmət” tələb edən məktəb rəhbərliyindən güc-bəla, yalvarışla 9-illik sənəd aldım. Lakin bununla ruhdan düşməyib ali təhsil arzumu ürəyimə dəfn etmədim. Texnikuma imtahan verib Gəncə Texniki Kollecinin Mühasibat Uçotu Auditi ixtisasına qəbul olundum. Ailəmin maddi vəziyyəti həddindən artıq pis olduğu üçün təhsilhaqqımı kredit götürüb ödədik. Məsələnin heç kimə sirr olmayan tərəfi –imtahan və "zaçotların” da sıxıntısı bir tərəfdən çətinlik yaratdı ailəmə. Amma hər şeyə rəğmən borc-xərc edib bu təhsilə yiyələndim çox şükür. Sonradan ailə qurduğuma görə Universitetə sənəd vermək məsələmi müvəqqəti təxirə saldım. Övladımın dünyaya gəlməyi də biraz ləngitdi ali təhsil məsələmi.

Eşitdim ki, Şəmkirdə gənclərə dəstək olmağa çalışırlar. Mən də bir çox ictimai əhəmiyyətli tədbirlərdə fəallıq göstərən, Azərbaycanda dövlət siyasətinə etimad edən və bu yolu dəstəkləyən şəmkirli gənc olaraq rayondakı imkanlardan yararlanmağa çalışdım. Lakin orta məktəbdəki haqsızlıq bu dəfə məni burada tapdı. Hansı işə getdimsə, "Bizə texnikum məzunlarını işə götürməyin deyilib” cavabını aldım. Rayondakı sözdə Məşğulluq Mərkəzi adlanan qurum var, rəhbəri Sənan adlı (soyadını bilmirəm) şəxsdir, bizi ailəlikcə alıb siyahıya, amma hansı sıyahıya onu da bilmirəm. Anamla həmin bu şəxsin qəbulunda olanda anama sarkazmla: "Bura hər gələn adamın qulağından tutub iş vermilər ki” deyərək bizi yola saldı Məşğulluq İdarəsindən. İndi də nə vaxt maraqlanmağa gedirik işçilər hər dəfə "hələ iş yoxdur” deyib bizi yola salır. Madəm bunlar heç kimə işsizlik məsələsində yardımçı olmur, o zaman bu qurum nəyə lazımdır?!

Hər şeydən əlim üzüləndən sonra vətəndaşların şifahi qəbulu günü getdim Şəmkir Rayon İcra Hakimiyyətinin qəbuluna. Orda isə mənə təhsil aldığım, illərimi və pulu xərclədiyim ixtisasıma uyğun iş "tapılmadı”. Başçı məni Ruhid adlı İcra nümayəndəsinə tapşırdı, o isə "həllə iş yoxdur olandan çağıracağıq” - deyib yolladı. Lakin məndən sonra hansısa "atasınnı gül balasını” işlə təmin etdilər.

Hörmətli Mehriban xanım, övladım evdə acdır, hər gün böyüyür və böyüdükcə də aclığı artır, nə yoldaşım işləyir nə mən, ata-anam baxır bizə, amma bu hara qədər belə davam edəcək bilmirəm. Sizdən bir ana kimi xahiş edirəm mənə qarşı və hüquqi dövlətin təhsilinə qarşı edilən bu haqıszlığa çarə qılasınız.

Əgər "texnikum məzunlarını işə götürməyin” deyə bir təlimat varsa, o zaman bu tədris ocaqları bağlansın. Yoxsa mən və məni kimi neçə gənc boş ümidlə vaxt və pul xərcləyib sonra belə ortalıqda qalacaq...”.





Digər xəbərlər
SON XƏBƏRLƏR