Şriftin ölçüsü / 285 dəfə oxunub

PA-nın sabiq şöbə müdiri Avropa Məhkəməsinə niyə şikayət edib? - AİHM rəsmi Bakıdan 10 şikayətə cavab istəyib

09 Oktyabr 2018 [16:50]
Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Azərbaycandan göndərilən daha 10 şikayətlə bağlı hökumətə suallar göndərib. Bu haqda AİHM-in məlumatında bildirilir.

Şikayətləri araşdırılanlar arasında bir neçə il əvvəl Azərbaycandan Avropaya mühacirət edən Vidadi İsgəndərli də var. O, həbs edilməsindən, saxlanma şəraitindən AİHM-ə şikayət edib.

Nardaran olaylarına görə həbs edilənlərdən iki nəfərin – Zülfüqar Mikayılov və Elman Ağayevin də şikayətləri araşdırılır. Terrorçuluq və başqa ağır cinayətlərdə günahlandırılan Z.Mikayılov 17, E.Ağayev isə 13 il həbs cəzası alıb. Ümumilikdə ittihamları qəbul etməyən bu şəxslər də məhkəməyə qədər həbslərinin qanunsuz olduğunu, məhkəmə zamanı də metal qəfəsdə tutulduqlarını bildiriblər.

Prezident Administrasiyasının işlər idarəsinin rəhbəri olmuş Akif Muradverdiyevlə də bağlı hökumətə suallar verilib. 2011-ci ildə qaçaqmalçılıq ittihamı ilə həbs edilən, daha sonra ölkə prezidentinin əfv etdiyi A.Muradverdiyev həbsinin, evində axtarış aparılmasının qanunsuzluğundan, vəkilsiz sorğu-sual edilməsindən şikayətçidir.

Araşdırılan digər şikayətlərdə də iddia edilən hüquq pozuntuları oxşardır. Mənsur Heydərzadə, Vüqar Əliyev əsassız, havasız şəraitdə tutulduğunu, Nazim Ağabəyov də məhkəməyəqədər həbs edilməsinin qanunsuz olduğunu bildirib. Daşqın Mikayılov, Tural Səfərov, Məhəmməd Bağırov, Vüqar Əliyevin şikayətlərində də eyniməzmunlu pozuntulara məruz qaldıqları iddia olunur.

Avropa Məhkəməsi Azərbaycan hökumətinə Avropa Konvensiyasının 3-cü (İşgəncələrin yolverilməzliyi), 5-ci (Azadlıq və toxunulmazlıq hüququ), 6-cı (Ədalətli məhkəmə araşdırması), 8-ci (Şəxsi həyata hörmət) maddələri üzrə aydınlaşdırıcı suallar göndərib. Ancaq sualların detalları açıqlanmır.

AİHM-in məlumatlarına görə, bu məhkəmə təkcə bu ilin sentyabr – oktyabr aylarında Azərbaycandan göndərilmiş 66 şikayəti araşdırmağa başlayıb.

2017-ci ildə AİHM Azərbaycandan göndərilən 40-a yaxın şikayəti araşdırmışdı. Azərbaycan rəsmiləri isə ölkədən AİHM-ə göndərilən şikayətlərin artması ilə bağlı tənqidləri qəbul etmirlər. Bir müddət öncə ədliyyə naziri Fikrət Məmmədov bildirmişdi ki, bir çox Avropa ölkələri ilə müqayisədə AHİM-ə Azərbaycanla bağlı daha az şikayətlər gedir.

(Azadlıq radiosu)


SON XƏBƏRLƏR