Şriftin ölçüsü / 311 dəfə oxunub

“Lotu Quli” Rusiyanın sifarişi ilə tutulub – HƏBSİN DETALLARI

09 Oktyabr 2018 [14:36]
Xəbər verdiyimiz kimi, İstanbulda həyata keçirilən əməliyyat nəticəsində azərbaycanlı "qanuni oğru", Lotu Quli ləqəbli Nadir Səlifov saxlanılıb.

Türkiyə mediasına istinadla xəbər verir ki, Səlifov Azərbaycan tərəfinin tələbi əsasında tutulub.

Lotu Qulinin gizləndiyi yerdə həyata keçirilən əməliyyat nəticəsində mafiya başçısı tutularaq İstanbul Əmniyyət Müdirliyinə (Baş Polis İdarəsinə) gətirilib. Burada onun ifadəsi alınıb.

"Sabah" qəzetinin yazdığına görə, Səlifovun adı 2016-cı ilin avqustunda İstanbulun Beşiktaş rayonundakı Barbarossa bulvarında, "Kabus" ləqəbli azərbaycanlı "qanuni oğru" Rövşən Canıyevin (Rövşən Lənkəranski) atəşə tutularaq öldürülməsi ilə əlaqədar gündəmə gəlmişdi.

"Lüks cipində vurulan Canıyevə qarşı sui-qəsdin sifarişçisinin Səlifov olduğu iddia edilirdi. Ötən gün mediada yayılan xəbərlərə görə, Səlifovun Türkiyədən internet vasitəsilə videobağlantı quraraq Rusiyada qida və meyvə-tərəvəzin topdansatışı ilə məşğul olan iş adamlarından xərac topladığı müəyyən edilib.

Səlifovun həmin iş adamlarını videobağlantı vasitəsilə hədələdiyi və idarə etdiyi iddia edilir" — yazan qəzet, Səlifovun tez bir zamanda Azərbaycana ekstradisiya ediləcəyini bildirib.

Mia.az xəbər verir ki, kriminal dairələrə yaxın mənbənin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, Səlifovun həbsi barədə sifarişi Türkiyəyə Azərbaycan tərəfi versə də, əslində bu, Azərbaycanın yox, Rusiyanın sifarişidir. Çünki Rusiya hüquq-mühafizə orqanlarının "qara siyahı"sında adı olan Lotu Quli oradakı iş adamlarının əsl başağrısına çevrilib. Sahibkarlar davamlı olaraq hüquq-mühafizə orqanlarına Qulidən şikayət ünvanlayırlar.

Rusiya mediasının yazdığına görə, Nadir Səlifov Rusiyada, daha dəqiqi, Kaluqa bölgəsində topdansatış həyata keçirən iş adamlarından xərac yığırmış.

Xatırladaq ki, Moskva məhkəməsi 2017-ci ilin dekabrında Nadir Səlifov haqqında qiyabi həbs qərarı çıxarıb. Bu qərar əsasında Lotu Quli beynəlxalq axtarışa verilib. Moskva məhkəməsi kriminal avtoritetə qarşı bir sıra cinayət ittihamları əsasında bu qərarı verib.

Lotu Quli adamların oğurlanması və onların pullarının hədə-qorxu yolu ilə mənimsənilməsi barədə təlimatlar verdiyi üçün axtarışa verilib. Bundan əlavə, ona qarşı 210-cu maddə (cinayət qruplaşması qurmaq) ilə cinayət işinin açıla biləcəyi də ehtimal olunur. İstintaq Presnensk məhkəməsində Səlifovun qiyabi həbsi ilə bağlı iddia qaldırıb və bu iddia təmin edilib.

2018-ci ilin əvvəllərində isə Ukrayna Milli Polisi bildirmişdi ki, Lotu Quli adlı "qanuni oğru" Nadir Səlifovun yerli kriminal dairələr arasında artan nüfuzundan narahatdır. 25 il həbsxanada yatmış Nadir Səlifov Türkiyədə oturaraq ətrafına cinayətkar klan toplamağa başlayıb və paralel olaraq Ukrayna ərazisinə də öz təsirini yayır.

Lotu Quli həbsxanada üst-üstə 25 ilədək vaxt keçirib. O, 90-cı illərin əvvəllərində bir sıra səs-küylü cinayətlərin törədilməsində ittiham olunaraq həbs edilmişdi. Məhbəsdə olduğu vaxtda uzun illər Gürcüstana ekstradisiyasına nail olmağa çalışıb.

2017-ci il oktyabrın 24-də Qaradağ Rayon Məhkəməsi vəkilin Nadir Səlifovun vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı vəsatətini təmin edib. Səlifov azadlığa çıxdığı gün Türkiyədə tikinti biznesi ilə məşğul olan qardaşlarının yanına yerləşib. Lakin o, orada da dinc oturmayıb və post-sovet məkanında baş verən bir sıra cinayətlərə öz izini qoyub.




SON XƏBƏRLƏR