QHT Göyçə, Zəngəzur, İrəvanın təbliği ilə bağlı Gəncə və Göygöldə toplantılar keçirdi - Çıxış + FOTOLAR

img

08-10-2018 [16:11]


Vətəndaş Maarifləndirilməsi” İctimai Birliyinin Prezident Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirdiyi "Göyçə, Zəngəzur, İrəvan – Azərbaycanın tarixi torpaqları və mədəni irsimiz” – mətbuatda və sosial şəbəkələrdə böyük təbliğat kampaniyası” layihəsi çərçivəsində 6 oktyabr 2018-ci il tarixdə Gəncə və Göygöl rayonlarında tədbirlər baş tutub.

Tədbirdə əsasən canlı şahidlər kimi, Göyçə, Zəngəzur, İrəvan əsilli ağsaqqallar, orta nəsil nümayəndələri, habelə gənclər, tələbələr iştirak ediblər. 

Qeyd edək ki, Gəncə və Göygöl Göyçə, Zəngəzur və İrəvandan zaman-zaman didərgin salınmış soydaşlarımızın sıx məskunlaşdıqları ərazilərdir.

Gəncə şəhərində YAP Gəncə Şəhər Təşkilatının qərargahında baş tutan tədbiri açıq elan edən layihə rəhbəri Elşad Məmmədli öncə bu kampaniyanın mahiyyəti haqda məlumat verib.

O bildirib: "Məlum olduğu kimi, XX əsrin əvvəllərində Azərbaycanın tarixi torpaqları olan Göyçə, Zəngəzur, İrəvan o dövrün siyasi təlatümlərinin nəticəsində və Azərbaycanı parçalamaq məqsədi ilə tarixən Cənubi Qafqazda yaşamamış, bura məqsədyönlü şəkildə köçürülmüş ermənilərə verilib. Faktiki olaraq İrəvan, Zəngəzur, Göyçə, Dərələyəz, Ağdaban Azərbaycandan zorla qoparılıb, həmin torpaqlarımız da Qarabağla yanaşı erməni əlində girovdur. 

Bu məsələyə Cənab Prezident İlham Əliyev YAP-ın son qurultayında etdiyi çıxış xüsusi diqqət ayırıb. 

Sitat: "Bu tarixi torpaqlar unudulmamalıdır və biz bu torpaqları unutmuruq. Bu da gələcək fəaliyyətimiz üçün istiqamət olmalıdır, necə ki, biz bu gün də bu istiqamətdə iş görürük. Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Zəngəzur, Göyçə mahallarıdır. Bunu gənc nəsil də, dünya da bilməlidir. Mən şadam ki, bu məsələ ilə bağlı – bizim əzəli torpaqlarımızın tarixi ilə bağlı indi sanballı elmi əsərlər yaradılır, filmlər çəkilir, sərgilər təşkil olunur. Biz növbəti illərdə bu istiqamətdə daha fəal olmalıyıq və dünyanın müxtəlif yerlərində sərgilər, təqdimatlar keçirilməlidir...”

Uzun illərdir ki, erməni təbliğatçıları Qarabağ və Göyçə, Zəngəzur, İrəvanla bağlı dünyaya yalanlar sırıyır. Hətta mətbəximizi belə öz adlarına çıxmağa cəhdlər edirlər. Cənab prezidentin çıxışı fəal vətəndaşlar, ictimai təşkilatlar üçün də siqnaldır.

İcra etdiyimiz "Göyçə, Zəngəzur, İrəvan – Azərbaycanın tarixi torpaqları və mədəni irsimiz” – mətbuatda və sosial şəbəkələrdə böyük təbliğat kampaniyası” layihəsi bu reallıqları dünya ictimaiyyətinə daha əsaslı şəkildə çatdırmağı, itirilmiş torpaqlarımızın tarixinin, toponimikasının, mətbəxinin və mədəniyyətinin öyrənilməsini və təbliğini nəzərdə tutur.

"Vətəndaş Maarifləndirilməsi” layihə çərçivəsində tarixi mənbələrə istinad etməklə yanaşı, Göyçə, Zəngəzur, İrəvan əsilli insanlarımızdan tarixi və mədəni irsimizə dair əldə etdiyimiz informasiyaları da təbliğat işlərimizdə istifadə etməyi nəzərdə tutub. Həmçinin, bu həqiqətlərdən məlumatlı olmaları, maariflənmələri üçün tədbirlərimizdə gənclərin iştirakına diqqət ayırırıq, onları da cəlb edirik”.

Tədbirdə nəzərə çatdırılıb ki, Azərbaycan dövləti son illərdə ermənilərlə informasiya və intellektual mübarizədə "hücum diplomatiyası”na üstünlük verir. Erməni qəsbkarları, erməni lobbisi də dünya boyunca saxta informasiyalar paylaşmaq ənənəsini daha da gücləndirir. Bu baxımdan tarixi, itirilmiş torpaqlarımız, onların mədəniyyəti ilə bağlı faktları da həm yerli ictimaiyyətdə, həm də beynəlxalq miqyasda geniş kütlələrə çatdırmaq zərurəti var.

Qeyd edilib ki, dövlətimizin maraqlarının qorunması, güclənməsi, ermənilərin saxtakarlıqlarının ifşa edilməsi üçün Azərbaycan həqiqətlərinin, tariximizlə bağlı təbliğatın xaricdə, eləcə də ölkə daxilindəki beynəlxalq tədbirlərdə, habelə davamlı olaraq daha səmərəli şəkildə təşviqatının aparılması məqsədəuyğundur.

Xüsusi olaraq vurğulanıb ki, internet resursları, media imkanlarından istifadə etməklə təbliğat kampaniyası qurmaq, habelə sosial şəbəkələr üzərindən xaricdəki aktiv kəsimi də kampaniyaya qatmaq mühümdür. Hər zaman beynəlxalq tədbirlərdə, konfranslarda da bu yöndə təşviqat aparılmasına çalışmalıyıq.

Daha sonra çıxış edən YAP Gəncə şəhər təşkilatının ideoloji şöbəsinin müdiri, Göyçə əsilli Hüseyn Budaqov tarixi torpaqlarımızın itirilməsinin səbəbləri, bunu o dövrlərdə şərtləndirən amillər, bugünkü reallıqlar, görülən işlərlə bağlı geniş məlumatlar verib. Hüseyn Budaqov ölkə prezidenti İlham Əliyevin bu məsələyə xüsusi diqqətlə yanaşmasını qeyd edərək, buna görə göyçəlilər adından dövlət başçısına təşəkkürlərini çatdırdı.

Tədbirin gedişində Göyçə əsilli yaşlı nəsil təmsilçiləri - pedaqoq Razim Hacıyev, şair Oruc Göyçəli, təqaüddə olan dövlət qulluqçusu Becan Qasımov (Göyçəli), jurnalist Amil Qurbanov doğulub boya-başa çatdıqları tarixi Azərbaycan torpaqları olan Göyçənin tarixi haqda geniş məlumatlar verdilər. Onlar, həmçinin Göyçənin zəngin mədəniyyəti, ənənələri, mətbəxi, bu bölgədə elmə, təhsilə çox yüksək qiymət verilməsi haqda geniş çıxışlar etdilər, faktlar sadaladılar, dəqiq informasiyalar verdilər.

Tədbirdə iştirak edən "Azərfax” İnformasiya Agentliyinin rəhbəri, tanınmış jurnalist Nicat Dağlar Qarabağ, Göyçə, Zəngəzur, İrəvan, ümumilikdə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında xüsusi ilə gənclərin aktivliyinin vacibliyini vurğuladı. O bildirdi ki, sosial şəbəkələrdə ermənilərin apardıqları yalan təbliğatları ifşa etmək üçün gənclərimiz hazırlıqlı olmalı, xarici dilləri, xüsusi ilə rus dilini mənimsəməyə çalışmalıdırlar: "Göyçə, Zəngəzur, İrəvanla bağlı təbliğat çox mühümdür. Bu dövlətimizin strateji məsələlərindən biridir. Ermənilər, dünya bilməlidir ki, bizim Qarabağ məsələsinin həllindən sonra tarixi torpaqlarımız olan Göyçə, Zəngəzur, İrəvanı da unutmayacağıq, öz tarixi torpaqlarımıza qayıtmaq üçün addımlar atacağıq, hüquqi müstəvidə mübarizəmizi davam etdirəcəyik”.

Göygöldə də analoji tədbir əsasən Göyçə əsilli şəxslərin, ziyalıların, eyni zamanda gənclərin iştirakı ilə baş tutdu. 

Görüşü açıq elan edən rayon icra hakimiyyətinin rəsmisi Vüqar Hüseynov toplantının mahiyyəti haqda açıqlama verdi. 

Daha sonra Göyçə əsilli ziyalılar - Şəmistan Məmmədov, Azad Haqverdiyev, Qazilər Birliyinin rəhbəri, döyüşçü İlqar Əhmədov, Göygöl rayon Əlil Qadınlar Cəmiyyətinin sədri Süsən Qurbanova , Gənclər və İdman İdarəsinin müdiri Zaur Abbasov, Əlisa Aşurov və digər şəxslər Göyçənin mədəniyyəti, tarixi, toponimikası, bu gün yaşadılan ənənələri, aşıq sənəti, xalçaçılıq sənəti haqda geniş və müfəssəl bilgilər verdilər. 

Tədbirlər başa çatdıqdan sonra layihə rəhbəri və eksperti Gəncə və Göygöldə yaşayan Göyçə, Zəngəzur, İrəvan əsilli digər bir neçə şəxslə də evində görüşərək, onlardan da tarixi yurdlarımıza dair gördükləri, yaddaşlarda qalan mədəni irsə dair məlumatlar, faktlar əldə ediblər.

Qeyd edək ki, Gəncə və Göygöldəki Göyçə, Zəngəzur, İrəvan əsilli şəxslərdən toplanan bilgilər, faktlar layihənin yekununda sənəd halında, həmçinin video-görüntü şəklində müxtəlif xarici ölkələrdə, yerli media orqanlarında, sosial şəbəkələrdə paylaşılacaq və bu haqda geniş təşviqat kampaniyası davam edəcək.

Musavat.com

_MG_4609.JPG (6.75 MB)

_MG_4629.JPG (5.72 MB)

_MG_4663.JPG (5.11 MB)

IMG_4689.JPG (4.97 MB)

IMG_4730.JPG (5.62 MB)


Musavat.com

Digər xəbərlər
SON XƏBƏRLƏR