Dağlıq Qarabağ münaqişəsi: Putinin Bakı səfəri və ya MDB-nin Düşənbə sammitində yaşananlar

img

04-10-2018 [22:07]


Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinin nə dərəcədə aktuallıq kəsb etdiyini sübut etməyə ehtiyac yoxdur. Bunu bütün dünya dərk edir. 

Ancaq, təəssüf ki, Ermənistan rəhbərliyi problemin dinc yolla nizama salınmasının əhəmiyyətini tam anlamaqda ciddi çətinlik çəkir. Xüsusilə Nikol Paşinyan hökuməti münaqişə haqqında ziddiyyətli fikirlər ifadə etməkdədir. Bunun fonunda mətbuatda Vladimir Putinin Bakıya səfər etməsi və dərhal Düşənbədə MDB dövlət başçılarının növbəti toplantısının keçirilməsi ortaya bir sıra maraqlı məsələlər atıb. Ekspertlər Rusiya Prezidentinin Azərbaycan paytaxtında əhəmiyyətli bəyanatlar verməsi ilə N.Paşinyanın Düşənbədə İlham Əliyevlə danışığa can atması arasında bir əlaqənin olub-olmadığını şərh etməyə çalışırlar. Düşənbədə Azərbaycan Prezidenti Ermənistanın baş naziri ilə söhbətə razılıq verib. Buna ermənilər çox seviniblər. Onlar bəzi məsələlər üzrə tərəflərin razılığa gəlməsini irəliyə doğru atılmış addım kimi qiymətləndirirlər. Yaranmış vəziyyətin Vladimir Putinin Bakı səfəri və MDB-nin Düşənbə sammiti fonunda necə göründüyü üzərində geniş dayanmaq istərdik.

Atəşkəs: Nikol Paşinyan nəyə sevinir?

Rusiya Prezidentinin Azərbaycana səfər etməsi və buradan İrəvana getməməsi KİV-də müzakirələrə səbəb olub. Ermənistan mətbuatında ekspertlər bu hadisəni təsadüfi saymırlar və arxasında Vladimir Putinin diplomatik gedişinin dayandığını deyirlər. Onlar hesab edirlər ki, Rusiyanın dövlət başçısı bu davranışı ilə Cənubi Qafqazda Kremlin geosiyasi prioritetlərində düzəliş ola biləcəyi mesajını verib. Konkret olaraq Rusiya üçün Azərbaycanla əməkdaşlıq daha böyük geosiyasi qiymət alıb. Və hətta iki ölkə arasındakı münasibətlər strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə yüksələ bilər.

Doğrudan da, Rusiya Prezidentinin Azərbaycana gəlişi və ümumiyyətlə, onun İlham Əliyevlə müzakirələr aparması ciddi siyasi diqqəti ifadə edir. Moskva Bakı ilə münasibətlərini yeni müsbət səviyyəyə qaldırmaqda qərarlı görünür. Bunun başlıca prinsipini də V.Putin Bakıda ifadə etdi. Rusiyanın dövlət başçısı dedi: Rusiya-Azərbaycan münasibətləri iki müstəqil dövlətin qarşılıqlı hörmətə əsaslanan bərabərhüquqlu əməkdaşlığına dayanır. Bütün məsələlər məhz bu qaydanı gözləməklə müzakirə edilir. O cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı həmin prinsipə uyğun müzakirələr aparılır.

Bu cür isti münasibətin fonunda bir sıra ekspertlər Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi təşkilatı (KTMT) və Avrasiya İqtisadi İttifaqına (Aİİ) daxil olması perspektivindən bəhs edirlər. Lakin onlar görünür ya birtərəfli düşünür, ya da Azərbaycan-Rusiya münasibətlərinin xarakterini doğru anlamırlar. Məsələ ondan ibarətdir ki, Azərbaycan tarixi torpaqlarını özünə qaytarmaq üçün böyük qardaş axtarışına çıxmayıb. Bakı müstəqil xarici siyasəti sayəsində təbii haqqını bərpa etməyə çalışır. Bunun üçün onun hər hansı hərbi və ya geosiyasi-iqtisadi təşkilata üzv olmasına ehtiyac yoxdur. O başqa məsələdir ki, milli dövlətçiliyin inkişafı hansısa təşkilatla əməkdaşlığı gücləndirməyi tələb edərsə, lazımi addım atılar.

İndi məsələnin bu tərəfi aktual deyil. Daha əhəmiyyətlisi odur ki, V.Putinin Bakıya səfəri ilə Düşənbədə MDB dövlət başçılarının sammiti arasında müəyyən məsələlər üzrə müqayisə aparmaq olar. Bu, daha çox Dağlıq Qarabağ münaqişəsinin həlli imkanları fonunda aktual təsir bağışlayır.


Mətbuatdan və bir sıra rəsmi bəyanatlardan məlumdur ki, Düşənbədə İlham Əliyevlə Nikol Paşinyan ayaqüstü qısa söhbət ediblər. Bu, erməni baş nazirin təşəbbüsü ilə baş tutub. Sonra N.Paşinyan öz Tvitter səhifəsində sevincək surətdə Azərbaycan Prezidenti ilə apardığı söhbət haqqında yazıb. Erməni baş nazir sevinib ki, İlham Əliyev atəşkəs rejiminə əməl etməyə razılıq verib. Lakin o, real vəziyyəti yenə də təhrif edir. Çünki atəşkəs rejimini pozan və vəd verib əməl etməyən yalnız və yalnız İrəvandır. Erməni silahlı qüvvələri daim cəbhə xəttində təxribatlar törədirlər və Azərbaycan Ordusu məcburən buna cavab verməli olur.

Deməli, N.Paşinyan vəziyyəti tərsinə təqdim etməyə çalışmaqla, əslində, növbəti hiyləgərliyə əl atır. O, atəşkəsi guya ermənilərin pozmadığı təəssüratı yaratmaq istəyir. Sonra, elə görüntü formalaşdırır ki, "nəhayət, "aqressor" Azərbaycan məcbur olub ki, atəşkəsə əməl etsin". Bəs Azərbaycanı kim "yola gətirir?” Əlbəttə, "demokrat", "küçə qəhrəmanı" və Ermənistanın müstəqilliyinin "təminatçısı" Nikol Paşinyan!

Təmkinli Bakı: tarixi qələbəyə doğru

Ancaq biz real vəziyyəti bilirik. Sadəcə, Nikol Paşinyan anlamağa başlayır ki, Azərbaycan rəhbərliyi ilə güc dilində danışmağın mənası yoxdur. Rusiya kimi böyük dövlətin başçısı deyir ki, Azərbaycanla münasibətlər bərabərhüquqluluq və milli maraqlara qarşılıqlı hörmət əsasında qurulur. Üstəlik, Moskva bütün sahələrdə Bakı ilə əməkdaşlığı genişləndirir və dərinləşdirir. O halda aydındır ki, Rusiya nəinki Azərbaycanın zəifləməsini istəmir, əksinə, onun mövqeyinin daha da güclənməsində maraqlıdır. Çünki hər bir dövlət tərəfdaşını etibarlı və sözünə əməl edən görməlidir.

Bu sadə müqayisələr göstərir ki, N.Paşinyanın Azərbaycan Prezidenti ilə ünsiyyət qurmağa çalışması tamamilə gözlənilən idi. Ermənistan qəti əmindir ki, işğal etdiyi torpaqlardan gec və ya tez çıxarılacaq. Rusiyanın özü də bunu tələb etməkdədir. Deməli, ermənilərin öz simalarını saxlamaqla Azərbaycan torpaqlarından işğalçı qüvvələrini çıxarmalarının yeganə ağıllı yolu danışıqlardır. Düşənbədəki qısa söhbətdən N.Paşinyanın sevincək olması bu səbəbə əsaslanır. O, bir tərəfdən Azərbaycan Ordusunun öldürücü zərbələrindən erməni silahlı qüvvələrini qorumağa çalışır, digər tərəfdən də erməni cəmiyyətində özünün xilaskar obrazını yaratmaqla məşğuldur. Öz Tvitter səhifəsində "baş nazir olandan ilk dəfədir ki, rahat yatdım" cümləsini yazması bu məqsədə xidmət edir.

Bu fikirlər kontekstində V.Putinin Bakı səfəri ilə Düşənbədə Dağlıq Qarabağla bağlı qısa müzakirələrin aparılması arasında məntiqi bağlantını görmək mümkündür. Rusiya-Azərbaycan münasibətlərinin inkişaf dinamikası MDB çərçivəsində də Bakının mövqeyini daha da möhkəmləndirir. Ermənistan MDB daxilində ümid etdiyi birtərəfli dəstəyi ala bilmir. Son hadisələr isə onu göstərir ki, heç bir MDB üzvü Ermənistanla rəsmi İrəvanın umduğu formatda əlaqə yaratmaq fikrində deyil. Buna görə də İrəvan əvvəllər dilə gətirdiyi bir sıra tələblərindən imtina edib və Azərbaycanla dil tapmağa çalışmalıdır. Əks halda, onu böyük fəlakətlər gözləyir.

Şübhəsiz ki, N.Paşinyanın necə davranmasına V.Putinin Bakıda verdiyi bəyanatlar ciddi təsir edib. Faktiki olaraq erməni nazir fakt qarşısında qalıb: o, ya səmərəsiz mövqeyindən əl çəkməlidir, ya da güclü zərbə almalıdır. Bundan hansı yolu seçməyin lazım olduğunu rəsmi İrəvanın özü bilər.

Ancaq maraqlıdır ki, erməni mətbuatı növbəti dəfə real vəziyyəti təhrif olunmuş formada təqdim etməyə girişib. Dərc edilən yazılardan görünür ki, Düşənbədəki qısa söhbəti N.Paşinyanın diplomatik uğuru kimi qələmə verməyə çalışırlar. Görünür, İrəvanda KİV orqanları N.Paşinyan-parlament qarşıdurmasında baş nazirə xal qazandırmağa çalışırlar. Bunun keçici olduğunu hər kəs bilir. Ona görə də N.Paşinyanın "Düşənbə şousunun" şişirdilməsinin uzun sürməyəcəyi qənaətindəyik. Çox keçməz ki, onu məhz bu məsələyə görə tənqid etməyə başlayarlar.

Məsələ belədir ki, Azərbaycan tərəfi ardıcıllıqla öz siyasətini davam etdirir. İlham Əliyev daim münaqişənin ölkəmizin suverenliyinin, ərazi bütövlüyünün bərpa olunması və sərhədlərinin toxunulmazlığı əsasında həlinə üstünlük verdiyini bəyan edib. Bunun üçün Azərbaycan diplomatiyası var gücü ilə fəaliyyət göstərir. Rəsmi Bakı ATƏT-in Minsk qrupu çərçivəsində və beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərə uyğun hərəkət etməyə həmişə üstünlük verib. Münaqişənin həlli ilə əlaqədar vasitəçilərin və beynəlxalq təşkilatların sənədlərində ifadə edilən prinsiplərə tam əməl edilməsi üçün də Azərbaycan əlindən gələni etməkdədir. Deməli, Düşənbədə faktiki olaraq Azərbaycan rəhbərliyinin iradəsi üstün olub – erməni tərəfi sakit dayanmaqdan başqa yolu qalmadığını anlayır.

Bunlarla yanaşı, rəsmi Bakının heç zaman güzəştə getməyəcəyi bir məsələ var – ərazi bütövlüyünün bərpası! Bu o deməkdir ki, Azərbaycan ərazisində ikinci erməni dövləti yaradıla bilməz. O cümlədən nə "DQR"in qanuniləşməsi mümkündür, nə də işğalçı ölkəyə bir qarış torpaq belə güzəşt edilə bilməz. Əgər rəsmi İrəvan bu şərtlərə əməl etməsə, müharibə qaçılmazdır.

Nəhayət, N.Paşinyanın Düşənbədən tələsik Dağlıq Qarabağdakı separatçı rejimin başında duran terrorçuya zəng edib, onu təbrik etməsi ucuz təbliğatdan başqa bir şey deyildir. Məlumdur ki, B.Saakyan S.Sarkisyanın komandasındadır və N.Paşinyan da onları düşmən elan edib. Bu səbəbdən erməni baş nazir gülləni boşa atıb. B.Saakyan kimi separatçılar yaxşı bilirlər ki, Dağlıq Qarabağın taleyini Azərbaycan Xalqı və Ordusu həll edəcək. Və gülləni harada, kimə və nə zaman atmağın doğru olduğunu da N.Paşinyan həll etmir.

"Newtimes.az”

Digər xəbərlər
SON XƏBƏRLƏR