ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı Hack forumu Hack forumu PDO Kullanımı Warez Mavi orkide Cəsur komandirin qanla yazılmış qəhrəmanlıq dastanı... - Əliyar Əliyevin həyat yolu + VİDEO - mia.az
Şriftin ölçüsü / 362 dəfə oxunub

Cəsur komandirin qanla yazılmış qəhrəmanlıq dastanı... - Əliyar Əliyevin həyat yolu + VİDEO

04 Oktyabr 2018 [21:23]
Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin keçdiyi döyüş yolu müharibə tariximizə qızıl hərflərlə həkk olunub. 

Peşəkar hərbçi üçün xarakterik olan bütün keyfiyyətlər onun simasında cəmləşmişdi. O, tədbirli komandir, intizamlı zabit, cəsur döyüşçü idi. Azərbaycan xalqı yüz illər də bundan sonra öz qəhrəman övladı ilə fəxr edəcək...

Kim sevərsə idmanı...

Əliyar Yusif oğlu Əliyev 1957-ci il dekabrın 14-də Qubadlı rayonunun Qazyan kəndində anadan olub. Çoxuşaqlı ailədə dünyaya gələn Əliyar Əliyev tay-tuşlarından yaxşı oxumağı və idmana xüsusi marağı ilə seçilib. Qardaşı Rüzgar Əliyevin dediyinə görə, Əliyarın yaxşı idmançı olacağına onlar lap əvvəldən inanıblar: "Ailədə 6 bacı, 3 qardaş olmuşuq. Uşaq vaxtı Əliyar bir qədər nadinc idi. Amma o, heç vaxt özündən kiçiklərə əl qaldırmazdı. Əksinə, balaca uşaqları incitdikləri üçün böyüklərlə tez-tez dalaşardı. Nə qədər nadinc olsa da, heç vaxt dərslərinə etinasız yanaşmazdı. Yaxşı oxuduğuna görə, müəllimləri onun dəcəlliklərinin üstündən keçirdilər”.

İdmana olan sevgisi Əliyar Əliyevi İdman Akademiyasına (o zamankı Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutuna) aparıb. Əliyar bu qocaman təhsil ocağını fərqlənmə diplomu ilə bitirib. Hərbi xidmətini başa vurduqdan sonra Saransk Dövlət Universiteti onu müəllim kimi işə dəvət edib. Əliyar Əliyev bu universitetdə cəmi 2 il işləyə bilib. Atasının qəfil ölümü onu vətənə dönməyə vadar edib. Qubadlıya qayıtdıqdan sonra Əliyar qəsəbə orta məktəbində müəllim, "Məhsul” Könüllü İdman Cəmiyyətinin rayon şöbəsində məşqçi vəzifəsində çalışıb. Klassik güləş üzrə dəfələrlə respublika, ümumittifaq və beynəlxalq yarışların qalibi olub. Əliyar Əliyevin rəhbərliyi ilə yetişmiş 8 idmançı respublika və SSRİ çempionu olmuş, 1 nəfər isə olimpiya yığma komandasına üzv seçilib.

"...Müsəlləh əsgərəm mən də bu gündən!”

Əliyar Əliyevin yetirməsi olan Sadiq Paşayev təxminən 3 il öz müəllimi ilə çiyin-çiyinə vuruşub. Sadiq deyir ki, ordu sıralarına yazılmağı ona Əliyar müəllim təklif edib: "Ermənilər dinc əhalini qətlə yetirməyə başlayanda Əliyar müəllim məşq etdiyimiz idman salonunu qapatdı. Sonra isə dedi ki, uşaqlar bu gündən etibarən mən könüllü özünümüdafiə taborunda xidmətə başlayıram. Kim istəsə, arxamca gələ bilər. Elə həmin gün hamımız bir nəfər kimi ordu sıralarına yazılıb, Əliyar müəllimin komandiri olduğu kəşfiyyat bölüyündə xidmətə başladıq. 1992-ci il oktyabr ayının 3-nə, müəllimimin şəhid olduğu günə kimi onun komandanlığı altında xidmət etdim. Əliyar Əliyev yaddaşımda qayğıkeş komandir, cəsur döyüşçü kimi qalıb”.

Döyüşə qohumlarını aparırmış...

Bir müddət kəşfiyyat bölüyünün komandiri vəzifəsini daşıyan Əliyar Əliyev çox keçmədən tabor komandirinin təchizat üzrə müavini, sonra isə tabor komandiri təyin olunur. Qardaşı Rüzgar Əliyev deyir ki, Əliyar tabor komandiri təyin olunandan sonra bütün qohumlarını doğma torpaqların müdafiəsinə səfərbər edib: "Bacım oğlanlarının hamısı Milli Orduda xidmət edirdi. Həmin vaxt bir bacımız həyat yoldaşı ilə birlikdə indiki Sankt-Peterburq şəhərində yaşayırdı. Onlar yayda kəndə dincəlməyə gələndə Əliyar kürəkənimizi məzəmmət etdi ki, ermənilər torpaqlarımıza göz dikiblər, sən isə Rusiyada kef edirsən. Bu sözlərdən sonra bacımın yoldaşı da könüllü olaraq ordu sıralarına yazıldı. Halbuki Sankt-Peterburqda gəlirli işi, yaxşı evi vardı. Əliyar ən çətin döyüşlərə həmişə yaxın qohumlarımızı aparırdı. Hətta bir neçə dəfə ondan yuxarı komandanlığa şikayət etmişdilər ki, əməliyyatlara ancaq öz qohumlarını aparır. Əliyarın rəhbərliyi altında gedən döyüşlərdə bir bacımızın oğlu sağ ayağını itirdi, kürəkənimiz isə ölümcül yaralandı. Həmin vaxt yaşım qırxı ötsə də, Əliyar şəhid olandan sonra düşməndən intiqam almaq üçün mən də ordu sıralarına yazıldım”.

Əliyar Əliyevin intiqamı

Döyüşçü yoldaşı Sadiq Paşayev deyir ki, Əliyar Əliyev əsl komandir olub. Cəbhənin hansı istiqamətində döyüş getməsindən asılı olmayaraq, Əliyarın taboru düşmənə həmişə layiqli cavab verib: "Qubadlı rayonu ilə Ermənistan arasındakı sərhəddin uzunluğu 138 kilometr idi. Bizim öz xidmət sahəmiz olsa da, tez-tez digər taborların da köməyinə gedirdik. 1992-ci il sentyabr ayının 1-də xəbər gəldi ki, Camal İmanquliyevin taboru mühasirəyə düşüb. Biz dərhal həmin əraziyə yollandıq. Qısa müddət ərzində mühasirəni yarıb, ölüm təhlükəsi ilə üzləşmiş əsgərlərimizin həyatını xilas etdik. Həmin döyüşdə Samir adlı bölük komandiri şəhid oldu. Ermənilər güllə ilə Samirin ağzından vurmuşdular. Samirin ölümü, xüsusilə də ağzından vurulması Əliyar müəllimə çox pis təsir etmişdi. Dedi ki, sabah elə bu mövqedən ermənilərə hücum edib, Samirin qisasını almalıyıq. Biz həmin gecə Əliyar müəllimin Qazyandakı evində qaldıq. Sübh çağı arvad-uşaqdan xəbərsiz evi tərk edib, yola düşmək istəyəndə anası qabağımızı kəsib, bizə xeyir-dua verdi. Birbaşa Samirin vurulduğu yerə gəlib, ordan ermənilərin üzərinə hücuma keçdik. Ermənilərlə aramızda cəmi 20-30 metr məsafə vardı. Birdən o, ayağa qalxıb, ermənilərin üzərinə yeriməyə başladı. Əliyar müəllim əlindəki pulemyotla düşməni pərən-pərən salmışdı. Həmin gün ermənilərin 4 postunu ələ keçirib, Laçının "Qayğı” qəsəbəsi yaxınlığındakı yüksəklikdə mövqe tutduq. Düşmənin itkisi çox idi. Əliyar müəllim arxalarına baxmadan qaçan erməniləri göstərib, belə dedi: "Sadiq, görürsən də necə tülkü kimi qaçırlar”. Sonra isə ürəkdən güldü. Müharibə başlayandan bəri ilk dəfəydi ki, onun üzü gülürdü...”

Ata nəsihəti

Əliyar Əliyevin oğlu Emin Əliyev atası ilə çox az ünsiyyətdə olduğunu deyir: "Atam şəhid olanda 12 yaşım olsa da, onu az görmüşəm. Müharibə başlayandan sonra atamın günü səngərlərdə keçirdi. Amma uşaq olanda bizə çox vaxt ayırırdı. 4 yaşım tamam olandan sonra atam məhəllədəki böyük uşaqlarla birlikdə məni də hər səhər idmana qaldırırdı. Biz gündə ən azı 2 kilometr qaçırdıq. Yorulduğum üçün çox vaxt idmanı yarımçıq tərk edirdim. Uşaq olduğuma görə atam mənə güzəşt edirdi. Bir qədər böyüyəndən sonra onun rəhbərliyi altında idman zalında məşqlərə başladım. Bir dəfə özümdən 3-4 yaş kiçik uşaqla tatami üzərinə çıxdım. Uşaq məni əsəbləşdirdiyi üçün onu yerə elə vurdum ki, qolu qırıldı. Atam bunu biləndə bərk qəzəbləndi və mənə bir şillə vurdu. Həmin gün onun dediyi sözlər indiyə kimi yadımdadı. Atam mənə dedi ki, əsl idmançı humanist olmalı, öz gücünü zəiflər üzərində sınamamalıdır. Bu hadisədən sonra yaşca məndən kiçik olan uşaqlara bir də əl qaldırmadım”.

"Duman, salamat qal, dağ, salamat qal...”

Əliyar Əliyev 1992-ci il oktyabrın 3-də Laçın şəhərinin 2 kilometrliyində şəhid olub. Əliyar müəllimin yetirməsi və döyüşçü dostu Sadiq Paşayev həmin günü belə xatırlayır: "Laçının işğalından sonra Zəngilanın da bir neçə kəndinin ermənilərin əlinə keçməsi mövqelərimizi xeyli zəiflətmişdi. Belə qərara gəldik ki, hücum edib, Laçın-Şuşa yolunu bağlayaq. 1992-ci il oktyabrın 2-də Laçın istiqamətində hücuma keçdik. Düşmən bir qədər geri çəkildi və biz Şurumbaşı istiqamətində postumuzu qurduq. Hava qaralanda Əliyar müəllimlə birlikdə ermənilərin boşaltdığı qazmaya daxil olduq. Komandir üstdəki, mən isə altdakı çarpayıda uzandım. Cəmi 2 dəqiqə sonra dedi ki, Sadiq, qalx gedək. Təəccüblə ona baxdığımı görəndə qayıtdı ki, burdan ermənilərin qoxusu gəlir. Mən bu əclafların qoxusuna da nifrət edirəm. Bayıra çıxandan sonra Əliyar müəllim "buşlat”ını yerə atdı və biz onun üstündə uzanıb, sabahkı döyüş barədə söhbət etməyə başladıq”.

1992-ci il oktyabrın 3-də Əliyar Əliyevin rəhbərlik etdiyi tabor Laçın istiqamətində ermənilərin üzərinə hücuma keçir. Fətəlibəy kəndindəki yüksəklikdə mövqe tutan ermənilər əsgərlərimizə dörd bir tərəfdən atəş açmağa başlayırlar. Mayor Əliyev öz maşını ilə düşmənin mövqe tutduğu yüksəkliyə yan alır. Bir müddət davam edən qanlı döyüş nəticəsində Əliyar Əliyev və sürücüsü Əlisadət Ağayev qəhrəmancasına şəhid olurlar. 

7 dekabr 1992-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Əliyar Əliyevə Azərbaycanın Milli Qəhrəmanı adı verilir. Əslində isə Əliyar Əliyev qəhrəman adını daha əvvəl, iştirak etdiyi qanlı döyüşlərdən alnıaçıq, üzüağ çıxarkən qazanmışdı...

Seymur VERDİZADƏ





ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı Hack forumu Hack forumu PDO Kullanımı Warez Mavi orkide
SON XƏBƏRLƏR