Əməkdar jurnalist Flora Xəlilzadənin 65 illiyi qeyd olunub - Mətbuat Şurasının təşkilatçılığı ilə

img

04-10-2018 [16:55]


Oktyabrın 4-də Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı ilə Əməkdar jurnalist Flora Xəlilzadənin anadan olmasının 65 illik yubileyinə həsr olunan tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov tədbirdə çıxış edərək Flora Xəlilzadənin Azərbaycan mediasında sahib olduğu önəmli rolu qeyd edərək onun yaradıcılığına nəzər salıb.

Milli Televiziya və Radio Şurasının sədr müavini, "Kaspi” qəzetinin təsisçisi Sona Vəliyeva çıxışında bildirib ki, Flora Xəlilzadə jurnalistikada öz dəstxətini yaradıb. Bu, hər insana nəsib olmur. Flora Xəlilzadənin özünəməxsus yazı forması var. Gənc jurnalistlər hər zaman belə insanlardan nümunə götürməlidirlər.

Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli F.Xəlilzadənin Azərbaycan jurnalistikasının inkişafı istiqamətində gördüyü işlərdən bəhs edib.

Bakı Dövlət Universitetinin jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri Cahangir Məmmədli Flora Xəlilzadənin hələ tələbəlik illərindən bilikli, istedadlı bir insan olduğunu deyib.

Daha sonra Mədəniyyət Nazirliyinin nümayəndəsi nazir Əbülfəs Qarayevin Flora Xəlilzadəyə ünvanlandığı təbrik məktubunu oxuyub.

Tədbirdə Milli Məclisin deputatları Hikmət Babaoğlu, Məlahət İbrahimqızı, jurnalist, siyasi ekspert Elçin Mirzəbəyli, Azəri-Türk Qadınlar İctimai Birliyinin sədri Tənzilə Rüstəmxanlı və digər çıxış edənlər yubilyarla bağlı fikirlərini bölüşüblər.

Sonda çıxış edən Əməkdar jurnalist Flora Xəlilzadə onun yaradıcılığına verilən qiymətə görə minnətdarlığını bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR