30-dan çox vətəndaşı aldadan tikinti şirkətinin müdiri hakim qarşısında - Mənzil dələduzluğu

img

04-10-2018 [14:52]


Bu gün Bakı Ağır Cinayətlər məhkəməsində dələduzluqda təqsirləndirilən Cavid Umudlunun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində Könül Ağayeva ifadə verib.

O söyləyib ki, təqisirləndirilən şəxsdən ev alıb: "Cavid mənə binadan mənzil almaq adı ilə mansarı satdı. Sonra bildik ki, həmin mənzil mansardı. Ümumilikdə isə o, mənə 6 min manat ziyan vurub. Pulumu tələb edirəm, ya da ki, Cavid başqa yerdən mənə ev versin".

C.Umudlu isə K.Ağayevə dəymiş 6 min manat zərəri ödədiyini deyib.

Məhkəmədə isə məlum olub ki, K.Ağayevaya dəymiş zərər ödənilməyib.

Daha sonra digər zərərçəkmiş Rauf Xəlilov dindirilib. O qeyd edib ki, 2012-ci ildə 73 kv.m-lik ev almaq üçün C.Umudluya 33 min 715 manat pul verib: "Lakin bina hələ də tikilməyib. Məhkəmədən xahiş edirəm ki, bu məsələ araşdırılsın. Pulumu tələb edirəm, onu isə bağışlamıram".

Məhkəmənin növbəti iclası oktyabrın 11-nə təyin edilib.

Qeyd edək ki, C.Umudlu Abşeron rayonu, Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasından ev alan 30-dan çox şəxsə qarşı dələduzluq edib.

Həmin şəxslər ayrı-ayrı vaxtlarda Xırdalan şəhərində yerləşən ''Nursu Əmlak'' ofisinə gəliblər. Onlar həmin şirkətin müdiri C.Umudluya ödəniş etməklə müqavilə ilə ev alıblar. Ancaq sonradan məlum olub ki, həmin evlərin heç biri vətəndaşların adına deyil və ayrı şəxslərə satılıb. Nəticədə C.Umudlu vətəndaşların hamısına ümumilikdə 400 min manatdan çox ziyan vurub.

C.Umudlu əksər alıcını çağıraraq onların etibarından sui-istifadə edib və əmlak müqaviləsini borc müqaviləsinə çevirib.

Hüquq-mühafizə orqanları tərəfindən saxlanılan C.Umudlunun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR