Şriftin ölçüsü / 726 dəfə oxunub

"Narkoman nəyə görə avtobus idarə etməlidir?" - Millət vəkili dəhşətli qəzadan DANIŞDI

03 Oktyabr 2018 [11:48]
Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib. V.Əhmədov iki gün əvvəl baş verən dəhşətli hadisədən, avtobus sürücülərinin özbaşınalığı və bunu yaradan səbəblərdən də danışıb.

-Oktyabrın 1-də Xəzər rayonu, Binə qəsəbəsində 160 saylı sərnişin avtobusu ilə qatarın toqquşması nəticəsində avtobusda olan 42 sərnişindən 2-si dünyasını dəyişdi, 33 nəfər yaralandı. Sözügedən dəhşətli qəza ilə bağlı fikirlərinizi bölüşərdiniz...

-Çox dəhşətli hadisədir. Mən video görüntünü də izlədim. Hadisənin təfərrüatları hüquq-mühafizə orqanları tərəfindən araşdırılacaq. Bu hadisədə kimlərin günahı varsa, qanun qarşısında mütləq cəzalandırılacaq. Allah ölənlərə rəhmət, yaralılara şəfa versin.

-Son illərdə baş verən belə qəzaların artmasına səbəb nədir?

-Ümumiyətlə, Azərbaycanda qəza hadisələri çoxalıb və nəticədə ölənlərin sayı da kifayət qədərdir. Bu gün ölkəmizdə avtomobillərin sayı həddindən artıq çoxdur. Elə ev var ki, orada 5-6 avtomobil var. Düzdür, yollar son illər müəyyən qədər genişləndirilib, müasir tələblərə uyğun istifadəyə verilsə də, avtomobillərin sayının çox olması tıxaclara, bəzən də qəzalara səbəb olur.

-Bizdə sürücülərin əksəriyyəti sürücülük vəsiqəsi olmadan avtobusları idarə edirlər. Bunun qarşısını necə almaq olar?

-Baş verən qəzadan sonra KİV-lərdə oxudum ki, sürücü narkoman olub. Bunlar müəyyən həkim nəzarətində olmalıdırlar. Narkoman nəyə görə avtobus idarə etməlidir? Niyə o adamlar həkim müayinəsindən keçmədən avtobus idarə edirlər? Deməli, burada maddi maraqlar müəyyən adamlar tərəfindən insan həyatından daha üstün tutulur. Bu yolverilməzdir və cinayyət hadisəsidir. Hər bir sürücü avtobusu idarə etməzdən əvvəl həkim müayinəsindən keçməlidir. Çünki sürücü yüzlərlə can daşıyır. Müvafiq qurumlar, xüsusən də Bakı Nəqliyyat Agentliyi bu məsələdə sərt olmalıdır. Bu sahəyə nəzarət edən kifayyət qədər qurumlar (Bakı Nəqliyyat Agentliyi, Nəqliyyat Rabitə və İnformasiya Texnalogiyaları Nazirliyi) yaradılıb. Bunun üçün müəyyən tədbirlər planı işləyib, hazırlanmalıdır. Əks halda belə dəhşətli qəzalar qaçılmaz olacaq.

-Azərbaycanda bu sahəyə nəzarətin gücləndirilməsi üçün yeni qanunların qəbuluna ehtiyac varmı?

-Bu gün qanunvericilikdə nəqliyyatla bağlı kifayət qədər qanunlar var. Bu qanunlara uyğun olaraq sözügedən qurumlar sərnişindaşımaya ciddi nəzarət etməlidirlər. Avtobus sərnişinlə doldu-dolmadı o getməlidir. Bəzən eşidirik ki, sürücü avtobusu saxlayıb, sərnişinin dolmasını gözləyir. Bu nə qayda, nə mexanizimdir? Hansı dövürdə yaşayırıq? Avtobusa həddindən artıq sərnişin yığıb, idarə edirlər. Lazım olan yerdə istədikləri kimi saxlayır, insanların əsəbləri ilə oynayırlar. Belə hallar hər zaman qəzalara gətirib çıxarır. Birdəfəlik buna riayət etmək, sərt olmaq, hansı sürücü qaydalara tabe olmadısa cərimələmək, təkrarlayarsa, onu bu sahədən uzaqlaşdırmaq lazımdır. Bunun üçün də qanun qəbul edilib, cərimələr müəyyənləşib.

-Bir neçə il bundan əvvəl Bakıda bütün avtobusların kart sisteminə keçəcəyi, sürücülərin qarşısına qoyulan "plan”nın ləğv ediləcəyi deyildi. Amma nədənsə bu iş ləng gedir...

-Ümumiyətlə sürücülərin qarşısına "plan” qoymaq düzgün deyil. Yuxarıda qeyd etdiyim kimi, sürücü bu planı vermək üçün avtobusla istədiyi kimi hərəkət edir, istədiyi vaxt avtobusu saxlayıb, sərnişin götürür və sonda da belə hadisələr qaçılmaz olur. Avtobus sürücülərindən qarşısına plan qoyulmamalıdır. Qeyd-şərtsiz avtobuslar kart sisteminə keçirməlidir. Planı qoyurlar sürücü də bunu ödəmək üçün hər cür qanunsuzluğa yol verir. Bəzən də sürücülər daha çox qazanmaq üçün bir-birləri ilə yarışırlar. Nəticəsi də ağır olur. Belə olan yerdə sürücü heç vaxt yaxşı xidmət göstərə bilməz!. Amma biz nə görürük?Sürücü gündəlik planı ödəyirsə, işləyir, ödəyə bilmirsə, işdən azad olunur. Sürücü qayda pozuntusuna görə deyil,planı ödəyə bilmədiyi üçün işdən azad olunur. Bu da səhv addımdır.Bakı Nəqliyyat Agentliyi, hüquq-mühafizə orqanları bu məsələlərə cəlb edilməldir ki, işlər daha çevik görülsün. Bu gün Azərbaycana müasir tələblərə uyğun kifayət qədər avtobuslar gətirilib. Bu sahəyə nəzarət edən məhsul şəxslər işlərində məhsuliyyətli olmalıdır. Paytaxt üzrə bu məsələlərə cavabdeh qurum Bakı Nəqliyyat Agenliyidir və onlar da buna ciddi nəzarət etməlidirlər/unikal.org



SON XƏBƏRLƏR