Baytarlıq Xidmətinin rəisi 3 rayonu yoxladı

img

01-10-2018 [14:54]


Sentyabrın 29-30-da Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin (DBX) rəisi Bayandur Rzayev İsmayıllı, Şəki və Zaqatala rayonlarında heyvan xəstəliklərinə qarşı aparılan profilaktik peyvəndləmə işləri, qurulması nəzərdə tutulan "BTS-1" ("BSL-1") səviyyəli baytarlıq laboratoriyaları üçün tələb olunan şəraitlə maraqlanıb və təsərrüfat sahibləri ilə görüş keçirib.

DBX-dən Mia.az-a bildiriblər ki, Bayandur Rzayev baytarlıq idarələrinin diaqnostik kabinetləri üçün yaradılan şəraitlə yerində tanış olaraq yeni alınmış laboratoriya avadanlıqlarına, soyuducu kameralara və digər inzibati bölmələrə baxış keçirib. Xidmət rəisi idarələrin maddi-texniki təminatı, baytarlıq kadrlarının təhsil səviyyəsi və epizootik tədbirlər planında nəzərdə tutulan iti yoluxucu xəstəliklərə qarşı aparılan peyvəndləmə tədbirlərinin nəticələri ilə maraqlanıb.

Respublikanın epizootik sabitliyinin saxlanılması sahəsində yerlərdə görüləcək tədbirlər barəsində baytarlıq idarələrinə müvafiq tapşırıq və göstərişlər verilib.

Səfər çərçivəsində Şəki rayonunda yerləşən Azərbaycan Sənaye Korporasiyasına (ASK) məxsus heyvandarlıq kompleksinə gələn Xidmət rəisi iribuynuzlu heyvanların saxlama, yemləmə şəraiti, müxtəlif xəstəliklərə qarşı aparılan peyvəndləmə tədbirləri ilə tanış olub və dabaq xəstəliyinə qarşı aparılan təkrar profilaktik peyvəndləmə tədbirini izləyib.

47 hektar ərazidə yerləşən heyvandarlıq kompleksində görülmüş işlərlə bağlı məlumat verilib. Bildirilib ki, kompleks 2008-ci ildə yaradılıb. Kompleks südlük istiqamətində inkişaf etdirilir. Heyvanların hamısı Hollandiyadan gətirilən yüksək südlük "Holstein Friesian” cinsinə aiddir. Kompleksin tərkibinə ferma binaları, pendir sexi, doğum, sağım və buzovluq bölmələri, yem istehsalı sahəsi, əkinçilik təsərrüfatı, peyin emalı sexi və digər köməkçi sahələr daxildir.

Kompleksdə südlük məqsədi ilə saxlanılan heyvanlar, yeni doğulmuş buzovlar, ferma və sağım sistemi avadanlıqları, kənd təsərrüfatı texnika və aqreqatları haqqında da ətraflı məlumat verilib. Bildirilib ki, burada istehsal edilən ekoloji təmiz süd və süd məhsulları təsərrüfata məxsus mağazada satışa çıxarılır və alıcılara təqdim olunur.

Hazırda kompleksdə 85 nəfər çalışır. Gündəlik 9 ton süd istehsal edilir. Gələcəkdə iş yerlərinin sayının 200-ə çatdırılması, məhsuldarlığın artırılması və ərazinin genişləndirilməsi nəzərdə tutulub.

Süd sağımı sexindəki bütün avadanlıq Hollandiyadan gətirilib. Sağılmış süd xüsusi borularla çənlərə vurulur, müayinə edildikdən sonra satışa çıxarılır. Gələcəkdə həmin südlərdən "Gauda” adlı pendir istehsal edilməsi nəzərdə tutulub.

Bayandur Rzayev kompleks əməkdaşlarının müraciətini, arzu və təkliflərini dinləyib, heyvanların sağlamlığının təmin edilməsi ilə bağlı müvafiq tövsiyələr verib, eləcə də baytar həkiminin iştirakı və tövsiyəsi olmadan heyvanlar üzərində özbaşına müalicə, peyvəndləmə və profilaktik tədbirlərin aparılmasının yolverilməz olduğunu qeyd edib.

Xidmət rəisi bildirib ki, bir sıra təsərrüfatlarda vətəndaşlar heyvanları çimizdirərkən təlimata əməl etmir və baytar həkiminə məlumat vermədən özləri tərəfindən əvvəlcədən alınmış və uzun müddət şəraitsiz yerdə saxlanılmış dərman maddələrindən istifadə edirlər. Bu da son nəticədə heyvanlar arasında zəhərlənməyə və ölüm hallarının baş verməsinə gətirib çıxarır.

Vurğulanıb ki, fermerlərin, təsərrüfat sahiblərinin müraciətləri sahə baytarlıq məntəqələri və baytarlıq idarələri tərəfindən qəbul edilərək, operaitv cavablandırılır.

Görüşdə Dövlət Xidməti tərəfindən həyata keçirilən baytarlıq tədbirləri barədə məlumat verilib və hazırda respublikanın epizootik sabitliyinin saxlanılması sahəsində yerlərdə müvafiq tədbirlərin görüldüyü bildirilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR