İcra başçısı ilə 300 it saxlayan rayon sakininin davası - Tərəflər məhkəmədə üz-üzə gəldi

img

28-09-2018 [17:34]


Bu gün Xəzər Rayon Məhkəməsində Xəzər Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Gülağa İslamovun rayon ərazisində 300-ə yaxın sahibsiz it saxlayan Eldar Mansurova qarşı iddia ərizəsi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Əkrəm Qəhrəmanovun sədrliyi ilə keçiirlən prosesdə Xəzər RİH-in nümayəndəsi çıxış edib.

O, iddia ilə bağlı həmin ərazidə yaşayan şəxslərdən 5 nəfərinin şahid kimi məhkəmədə dindirilməsini tələb edib.

Vəsatət təmin edilib.

Daha sonra araşdırmalara başlanılıb.

Xəzər RİH-in nümayəndəsi çıxışında iddia ərizəsini elan edib.

O, iddia ərizəsində cavabdeh E.Mansurovun sahibsiz itlərin yaşayış sahəsindən çıxarılmasını və onun ev heyvanları saxlamaq hüququndan məhrum edilməsini istəyib.

Həmçinin RİH-in nümayəndəsi həmin sahibsiz itlərin qeyd edilən ərazidən çıxarılaraq Sahibsiz Heyvanların Qayğı Mərkəzinə göndərilməsini tələb edib.

Prosesdə Xəzər rayon Gigiyena və Epidemologiya Mərkəzinin nümayəndəsi isə çıxışında bildirib ki, həqiqətən də həmin ünvanda çoxsaylı sahibsiz itlərin saxlanılması ilə bağlı şikyətlərin olması ilə əlaqədar E.Mansurova məlumat verilib və akt tərtib olunub.

Cavabdeh E.Mansurov çıxış edərək iddianın əsassız olduğunu deyib. O, həmin ərazidə heç bir antisanitariya qaydasının pozulmadığını deyib: "İndiyə qədər heç bir şikayət olmayıb. Bildirmək istəyirəm ki, sahibsiz itlərin saxlanılması icra hakimiyyətinin işidir. Lakin onlar bu işi icra etmir".

Prosesdə şahid qismində həmin ərazidə qonşuluqda yaşayan şəxslər də ifadə veriblər.

Onlar ifadələrində bildiriblər ki, ərazidə səs-küy və kəskin qoxu olur: "Lakin bizim itlərin saxlanılmasından şikayətimiz yoxdur. Lakin həmin itlərin qeyri-yaşayış sahəsinə köçürülməsini və orada baxılmasını istəyirik".

Məhkəmənin qərarı oktyabrın 1-də elan ediləcək.

Xatırladaq ki, Xəzər RİH-nin başçısı G.İslamov iddia ərizəsində qeyd edib ki, Mərdakan qəsəbəsində bir qrup şəxs İcra Hakimiyyətinə müraciət edərək E. Mansurov adlı şəxsin həmin qəsəbənin R.Cəfərov küçəsi, ev 2 ünvanında 300-ə yaxın sahibsiz it saxladığını bildiriblər.

İcra başçısının iddia ərizəsində göstərilib ki, ətrafda narahatlıq və antisanitar vəziyyət yarandığından sakinlərin şikayəti araşdırılıb: "Eldar Mansurova məxsus həyətə baxış keçirilib. Baxış zamanı 300-ə yaxın itin qonşuluqda yaşayan sakinlərə məxsus fərdi yaşayış evlərinin bilavasitə sanitariya-mühafizə zonasında saxlandığı, buna görə də ərazidə kəskin qoxunun və səs-küyün gəldiyi aşkar edilib”.

G.İslamov ərizəsində bildirib ki, araşdırmalardan sonra E.Mansurov barəsində İnzibati Xətalar Məcəlləsinin 290.1.1, 290.1.6, 290.2 maddələrində nəzərdə tutulan "Ev heyvanlarının saxlanması qaydaları”na uyğun olaraq, sahibsiz itlərin yaşayış sahəsindən köçürülməsi tələb olunub: "Eldar Mansurov qanunsuz olaraq müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilən saydan artıq ev heyvanları saxladığı üçün Xəzər rayon Polis idaərsinin 1-ci polis bölməsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 290.1.3-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunub”.

G.İslamov Xəzər rayon Məhkəməsinə müraciətində sahibsiz itlərin yaşayış sahəsindən çıxarılmasını və E.Mansurovun ev heyvanı saxlamaq hüququndan məhrum edilməsini tələb edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR