Şriftin ölçüsü / 85 dəfə oxunub

Ramin Hacılının həbs müddəti daha 2 ay uzadıldı - Məhkəmə prosesi

28 Sentyabr 2018 [16:49]
 Bu gün Nərimanov rayon Məhkəməsində dövlət sərhədini qanunsuz keçməyə cəhddə təqsirləndirilən Ramin Hacılı barəsində seçilmiş həbs müddətinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

"Report"un məlumatına görə, hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, təqdimat təmin edilib, R.Hacılının həbs müddəti daha iki ay artırılıb.

Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin (DSX) yaydığı məlumata əsasən, iyunun 4-də DSX-nin sərhəd qoşunlarının Zaqatala sərhəd dəstəsinin hərbi qulluqçuları tərəfindən Balakən rayonunun Mazımqara kəndinin yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədinin pozulmasının qarşısı alınıb. Belə ki, həmin tarixdə sərhəd naryadı tərəfindən dövlət sərhədində 2 nəfər Azərbaycan Respublikası vətəndaşı – 1983-cü il təvəllüdlü Hacılı Ramin Rasim oğlu və 1988-ci il təvəllüdlü Qasımov Fəx­rəddin Azad oğlu saxlanılıb.

İlkin araşdırma zamanı R.Hacılı ölkədən çıxışına qadağa qoyulması səbəbindən dövlət sərhədindən buraxılış məntəqələrindən ölkə ərazisini tərk edə bilməməsini və sərhəd zastavasının xidməti sahəsindən dövlət sərhədini pozmaqla qanunsuz yolla Gürcüstan ərazi­sinə keçməyə cəhd etməsini, F.Qasımovun isə bu əməlin həyata keçirilməsində ona kömək etməsini etiraf edib. F.Qasımov da eyni məzmunlu ifadə verib.

R.Hacılı 250 min manat həddində borclarının olmasını, xaricə getməklə bu borcları işləyərək qaytarmağa çalışmasını bildirib.

DSX İstintaq İdarəsində onun barəsində 29, 318.1-ci (Azərbaycan dövlət sərhədini qanunsuz keçməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb. Səbail Rayon Məhkəməsinin qərarı ilə R.Hacılı barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib. Daha sonra onun həbs müddəti daha 2 ay 15 gün müddətinə uzadılıb.


SON XƏBƏRLƏR
10:19 22.10.2018
İnam Kərimov Parisdə