"Arif Qazıyev mənə dedi ki..." - Şirkət rəhbəri ilə bağlı pul qalmaqalı

img

27-09-2018 [13:57]


Külli miqdarda dələduzluqda təqsirləndirilən Əziz Əbdüləzizin cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə Ə.Əbdüləziz ifadə verib.

O deyib ki, zərərçəkmiş İxtiyar Həsənovla onu rejissor Arif Qazıyev tanış edib: "Arif Qazıyev mənə dedi ki, səni bir adamla tanış etmək istəyirəm, bəlkə sənin ona köməyin dəyər. Ona inşaat işlərində kömək lazımdır. Mən də dedim ki, baxaram, fikirləşərəm.

Biz tanış olduq, məlum oldu ki, İxtiyar Həsənovun bir çox adamlara borcu var, haqqında cinayət işi açılıb. Mən nə məhkəmə görmüşəm, nə polis. Mənim Azərbaycan dövlətinə böyük xidmətlər göstərmişəm. İndi necə oldu, cinayətkara çevrildim?

İxtiyar Həsənov yazdığı şikayətdə mənim nə ünvanımı, nə də adımı düz yazıb. Sual olunur, ünvanımı tanımayan adam mənə necə pul verib? Öncə, Arif Qazıyevin xahişi ilə bu adama kömək etmək qərarına gəldim".

Əziz Əbdüləziz deyib ki, Arif Qazıyevə İxtiyar Həsənov tərəfindən 10 min manat məbləğində pul verilməsindən məlumatı yoxdur: "Mən bu işlə bağlı zərərçəkmişdən 50 min manat pul almamışam. Yalnız 25 min manat mənə pul təklif edib, onun şirkətini tenderdə qalib etdirmək üçün. Mən də bu pulu onun başına vurmuşam. Çünki sonradan gördüm ki, bu, nalayiq adamdır".

Əziz Əbdüləziz prokuror Fəhmin Hümbətovun suallarını cavablandırarkən zərərçəkmişdən 300 min pul alması barədə ittihamı da qəbul etmədiyini deyib.

Prokurorun "Zərərçəkmişin sizdən pul tələb etməkdə məqsədi nədir?" sualına Əziz Əbdüləziz belə cavab verib: "Bu adam mənə şər atmaqla kiminsə sifarişini yerinə yetirir. Məqsəd mənim kimi nüfuzlu adamı həbs etdirmək idi. Sifarişi dövlətimin qabağındakı xidmətlərimi ləkələmək üçün veriblər".

Əziz Əbdüləziz zərərçəkmişin onun evinə gəldiyini təsdiq edib.

İttihama görə, Əziz Əbdüləziz aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tikinti işləri ilə məşğul olan tanışı, "ALFA LTD" şirkətinin rəhbəri İxtiyar Həsənova məktəb tikintisi işlərini tender yolu ilə alıb ona verəcəyinə dair yalan vəd verib. İxtiyar Həsənovdan 2011-ci ildə 50 min manat pul alıb. Bu pulun 25 min manatını sonradan geri qaytarıb.

Xatırladaq ki, cinayət işində Azərbaycan televiziyasının rejissoru olmuş, keçmiş Muğam Teatrına rəhbərlik etmiş Arif Qazıyevin də adı şahid qismində keçir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR