Bu barədə Moskva diyarının qubernatoru Andrey Vorobyev məlumat verib. 

O, məlumatı region hökumətinin iclasında səsləndirib: "Moskva diyarının icra hakimiyyətində dəyişiklik var. Mədəniyyət naziri postuna Nərmin Şirəliyevanı təyin etmişəm”.

Xatırladaq ki, N. Şirəliyeva Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirib, müxtəlif kütləvi informasiya vasitələrində çalışıb.

*** 

N.Şirəliyeva9 noyabr 1974-cü ildə Bakı şəhərində doğulub. Hələ orta məktəbdə təhsil alarkən valideynlərinin məsləhətilə əvvəlcə balet kursuna, daha sonra musiqi məktəbinə, ardınca bal rəqsinə gedib. O, Bakıda 27 nömrəli ingilisdilli təmayüllü orta məktəbi qızıl medalla bitirəndən sonra, 16 yaşında Moskvaya gedib. 1991-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) Beynəlxalq jurnalistika fakültəsinə daxil olub. Jurnalistikanın kulturologiya istiqamətini seçən Nərmin xanım ingilis və fransız dillərində sərbəst danışır.

1995-ci ildə İTAR-TASS agentliyində müxbir qismində praktika keçən N.Şirəliyeva, 1996-cı ildə MDBMİ-ni bitirib və "Kultura" qəzetində beynəlxalq icmalçı kimi əmək fəaliyyətinə başlayıb.

"Kultura" ilə yanaşı, o, Moskvada nəşr olunan digər populyar qəzet və jurnallarda da icmallar, esselər, tanınmış mədəniyyət xadimləri ilə müsahibələr dərc etdirib.

Bundan sonra N.Şirəliyevanın yolu televiziya sahəsinə yönəlib. Belə ki, o, 1998-ci ildə Rusiyanın dövlət telekanalı olan "Kultura”da informasiya xidmətinin müxbiri vəzifəsində jurnalistlik peşəsinə davam edib.

Azərbaycanlı nazirin qızı 2001-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun aspiranturasına daxil olub, 2004-cü ildə isə "Rusiya və Fransanın mədəni əlaqələri" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək, tarix elmləri namizədi alimlik dərəcəsi alıb.

2003-ci ilin fevralından N.Şirəliyeva "Kultura” telekanalında "Mədəniyyət yenilikləri" proqramının "Xudsovet” adlı xüsusi rubrikasının aparıcısı təyin olunub. 2008-ci ildən isə "Mədəniyyət yenilikləri" verilişinin axşam buraxılışının da daimi aparıcısı olub.